“Tikinti və bərpa işləri ölkəyə bir neçə istiqamətdə faydalıdır. Həm də nəzərə alsaq ki, Ağ Şəhərdə görülən işlər dövlət hesabından çox özəl sektor hesabına görüldü. Orada tikilən binalar əsasən özəl sektor hesabına ərsəyə gəlib. Bərpa işlərində də gəlirlərin formalaşması özə sektorun fəaliyyəti nəticəsindədir”. Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.Onun sözlərinə görə, Ağ Şəhər sənaye zonası idi, amma sənaye orada aktuallığını itirmişdi: “Sovet dövründən qalan torpağın çirklənməsi prosesi var idi. Bu Bakının ekoloji mühitinə də mənfi təsir göstərirdi. Onların yenidən bərpası və orada şəhərin qurulması ekoloji cəhətdən Bakının vəziyyətini yaxşılaşdırır”.Ekspert bildirib ki, burada tikintinin baş tutması tikinti materialları bazarında aktivlik yaradır, tikinti sahəsində fəaliyyət göstərən şirkətlərin aktiv olmasına gətirib çıxarır, işçiliyi formalaşdırır: “Bunlarla yanaşı bazara yeni binaların, mənzillərin çıxarılması qiymətlərin əhali üçün daha yaxşı formalaşmasına gətirib çıxarır. Nə qədər çox ev bazara çıxarılsa qiymətin formalaşmasının daha uyğun şəkildə olmasına gətirib çıxarır. Qiymətin bahalaşmasında əsas amillərdən biri məhdudiyyətdir. Ağ Şəhərdə görülən işlər bu aspektlərdə iqtisadiyyata əlavə faydalar gətirir”.
Müəllif: Rəşid Qarayev