"AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyi, olmayan məsələlərlə bağlı Azərbaycanı ittiham etməsi yolverilməzdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.Deputat bildirib ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətinin məhdudlaşdırılması ilə bağlı aldığı qərar həm AŞPA nizamnaməsinə, həm də beynəlxalq hüquqa ziddir: "Nəticə etibarilə AŞPA hüquqların və ədalətin təminatçısı olaraq yaradılmış bir təşkilat olmasına baxmayaraq daim Azərbaycanın hüquqları üzərində təzyiq qurub onun suveren hüquqlarını məhdudlaşdırmağa çalışıb. Xüsusən də, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra AŞPA Azərbaycan üzərində islamofob mərkəzlərin bir təzyiq alətinə çevrilib. Düşünürəm ki, AŞPA-da fəaliyyət göstərən Azərbaycan nümayəndə heyəti doğru qərar qəbul edərək onun qərəzli mövqeyi qarşısında öz fəaliyyətini qeyri-müəyyən müddətdə dayandırmış oldu. Bu gün Avropa Şurası Parlament Assambleyası Azərbaycanı ittiham etməklə həm də regionda sülhün əldə olunmasına mane olur. Bir növ Makronun bəyan etdiyi "Fransa Ermənistanı xilas edəcək" tezisinə xidmət göstərmiş olur. AŞPA-nın ofisi Fransanın Strasburq şəhərində yerləşir. Fransa dövlətinin, Avropadan olan islamofob mərkəzlərin təzyiqi davranışlarında özünü aydın şəkildə göstərir"."Azərbaycana qarşı indiyə qədər AŞPA üzvü olan bəzi deputatların müxtəlif ölkələrdə aldıqları nailiyyət dəstəyi müqabilində beynəlxalq hüquq, ədaləti heçə sayaraq bu dövlətlərin lobbiçiliyini etmələri AŞPA-da bir qeyri-hüquqi mühitin hökm sürdüyünün xəbərçisi idi. Əslində, Azərbaycana qarşı bu davranışları ilə AŞPA bir daha özünü ifşa etmiş oldu. Bəlli oldu ki, hüquq, azadlıq və ədalətin carçısı deyil, sadəcə Avropadakı bəzi güc mərkəzlərinin əlində alətdir. Haqlı olaraq Azərbaycan nümayəndə heyəti bu qərarla qürurlu, qalib ölkənin vətəndaşları kimi davranmış oldular. Alınmış qərar ən doğru qərar idi", - deyə o əlavə edib.
Müəllif: Söylü Ağazadə