PDF Oxu

Siyasət

  • 1 707

2 milyonuncu vətəndaş: DOST MƏRKƏZİ TƏHLİL

2 milyonuncu vətəndaş: DOST MƏRKƏZİ TƏHLİL

DOST mərkəzlərində xidmət göstərilən vətəndaşların sayı 2 milyona çatıb. Belə ki, 2 milyonuncu vətəndaşa Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST mərkəzində xidmət göstərilib. Beləliklə, DOST mərkəzlərinin sayı artıq 7-yə çatıb. Hazırda DOST xidmətləri şəbəkəsinin Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallı və Şuşanı da əhatə etməsi üçün layihə, təmir-tikinti işləri aparılır. Bu il 5 yaşını qeyd edən DOST Agentliyinin fəaliyyəti beynəlxalq arenada da yüksək qiymətləndirilir. 2023-cü ildə də bir sıra beynəlxalq müsabiqələrdə qalib gələn DOST Agentliyinin təltif edildiyi mükafatların sayı artıq 20-yə çatıb. Bir çox ölkələr DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərirlər və həmin ölkələrdə Azərbaycanın DOST modelinin tətbiqi məqsədilə ölkəmizin təcrübəsinin bölüşülməsi üçün işlər aparılır. Bu, "DOST" mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində "ASAN xidmət"dən sonra Azərbaycanın yeni brendinə çevrilib. DOST layihəsi, artıq özünün dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. Cənab İlham Əliyevin vurğuladığı kimi DOST mərkəzlərinin yaradılması sosial siyasətimizin mahiyyətini göstərir. Həmçinin Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində keçirilən "DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma" adlı beynəlxalq konfrans böyük maraqla qarşılanıb. "DOSTTALKS" layihəsi çərçivəsində "Heydər Əliyev Xatirələrdə", eləcə də bir çox tədbir və layihələr də həyata keçirilib.

"BİR PƏNCƏRƏ"DƏN VƏTƏNDAŞ RAHATLIĞI VƏ MƏMNUNLUĞU

DOST mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində inqilab yaradıb. Dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ilə DOST layihəsi, artıq bu sahədə də öz sözünü demiş oldu. Vətəndaşların DOST xidmətlərindən məmnunluq səviyyəsi 98 faiz üzərindədir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında 159 sosial xidmət "bir pəncərə"dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur. Ölkə başçısının "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Təbii ki, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi də qarşıya qoyulan məqsədlər sırasında yer alıb. Bu gün ölkəmizdə "ASAN xidmət" mərkəzləri kimi DOST mərkəzlərinin də sayı artır. Ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin qorunmasını rəhbər tutan DOST mərkəzləri hər bir vətəndaşda məmnunluq yaradır. Vətəndaşların böyük etibarını qazanıb.

120 MİNƏ YAXIN VƏTƏNDAŞA 159 ADDA XİDMƏT

Məlumdur ki, 9 may 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 1 saylı Bakı DOST Mərkəzinin açılışı olmuşdur. 2023-cü ilin avqust ayında Prezident İlham Əliyevin iştirakı ilə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışı olub. Mərkəz gün ərzində təxminən 650-700 vətəndaş qəbul etmək potensialına malikdir. Bu prosesi 123 nəfərdən ibarət işçi heyəti və 50 nəfərədək könüllü həyata keçirir. Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xankəndi və Xocavənd rayon sakinlərinə xidmət edən mərkəzdə il ərzində 120 minə yaxın vətəndaşa 159 adda xidmət göstərilir. Buraya məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial-hüquqi, sosial-məişət və sosial-pedaqoji xidmətlər daxildir. Qarabağ Regional DOST Mərkəzinin nəzdində Qarabağ Peşə Hazırlığı Mərkəzi fəaliyyət göstərir. 7 emalatxana, 8 sinif və təlimat otağı, eləcə də "Peşəyönümü və Karyera Mərkəzi", inzibati və texniki otaqlardan ibarət olan Qarabağ Peşə hazırlığı Mərkəzində 20 nəfərə yaxın əməkdaş çalışır. Qarabağ Regional DOST mərkəzində ötən dövrdə artıq 24 minə yaxın vətəndaşa xidmət göstərilib. Hazırda DOST xidmətləri şəbəkəsinin digər bölgələr üzrə də genişləndirilməsi üçün işlər aparılır.
Fəaliyyət göstərən DOST mərkəzləri vətəndaşların bütün xidmətlərdən "bir pəncərə"yə müraciət etməsinə və "bir pəncərə"dən faydalanmasına imkan verir.

ÜNVANLILIQ, ƏLÇATANLIQ VƏ BƏRABƏRLİK PRİNSİPLƏRİ

Göründüyü kimi, həyata keçirilən siyasi-iqtisadi idarəçilik modeli nəticəsində, ölkəmizdə bütün sahələrdə uğurlar və yeniliklər əldə olunub. Azərbaycan modeli dünya ölkələri üçün nümunəyə çevrilib. Azərbaycanda həyata keçirilən iri layihələr, islahatlar bir daha təsdiqləyir ki, ölkəmizin gələcəyi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, güzəranının yaxşılaşdırılması sahəsində atılan addımlar insanların xoşbəxt gələcəyinin təminatına yönəldilib.
Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. Ümumilikdə 16 regional mərkəzin yaradılması planlaşdırılır və önəmli prioritetlərdən biri də işğaldan azad olunmuş ərazilərimizlə bağlıdır. Müasir dövrümüzdə Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər