“Azərbaycan Respublikasının Prezidenti 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. Bu nöqteyi-nəzərdən ötən ilin sonunda COP29-un Azərbaycanda keçirilməsi haqqında yekdilliklə qərar qəbul edilməsi Azərbaycanın bu sahədəki fəaliyyətini açıq şəkildə göstərir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib. Deputat bildirib ki, Fransa və digər bu kimi dövlətlərin müqavimətinə baxmayaraq, Azərbaycan yekdilliklə müdafiə olundu: “Məhz bu tədbir çərçivəsində Azərbaycana 150-dən çox dövlət başçısı və 80 minə yaxın turist gəlməsi planlaşdırılır. Azərbaycan hazırda bu konfransın ən yüksək səviyyədə baş tutması üçün hazırlıq işləri görür. Ölkə başçısının BƏƏ prezidenti ilə görüşü zamanı qarşı tərəf bu sahədəki təcrübələrini bizimlə bölüşəcəyini elan etdi. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə, Xəzər dənizi hövzəsində, Abşeronda külək və Günəş enerjisindən istifadə edir, alternativ enerji növlərindən istifadəyə keçir. Bu istiqamətdə ekologiyanın müdafiəsi ilə əlaqədar olaraq yaşıllıqlar artırılır. Xüsusən də 2024-cü ildə ölkəmiz bu sahədə böyük uğur əldə edəcək, meşələr salınacaq. Hesab edirəm ki, Azərbaycana dünya dövlətlərinin bu cür etimad göstərməsi bizim beynəlxalq nüfuzumuzdan xəbər verir”.
Müəllif: Səbinə Hüseynli