Prezident İlham Əliyev uzun illərdir ki, dünya siyasətinin və gündəminin müəyyənləşdirilməsində mühüm rol oynayan beynəlxalq platformalardan istifadə edərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır, ölkəmizin ədalətli mövqeyini müdafiə edən, eləcə də Azərbaycanı qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməsini dəstəkləyən ölkələrin sayının artırılmasına çalışır, dövlətimizi addım-addım strateji hədəflərə yaxınlaşdırır. Qlobal məsələlərin müzakirə olunduğu mühüm tədbirlərin Azərbaycanda keçirilməsi, eyni zamanda, ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmdən xəbər verir.
Belə ki, sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi.
Preztident İlham Əliyev yanvarın 10-da yerli televiziyalara verdiyi müsahibəsində bildirdi ki, bu sədrlik bizə BMT-dən sonra ən iri təşkilata rəhbərlik etmək kimi əvəzolunmaz təcrübə verib və doğru yolda olduğumuza dair daha böyük əminlik yaradıb: «Çünki Hərəkatın yaranmasının təməl prinsiplərini – daha dəqiq desək, dövlətlərin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini həmişə tam dəstəkləmişik və dəstəkləyirik, həmçinin Hərəkatın qurucularının 60 ildən də çox müddət əvvəl rəhbər tutduqları ideyaları bölüşürük. Məhz böyük geosiyasi mərkəzlərdən uzaq durmaq və heç kimin dediyi ilə oturub-durmamaq. Yəni, bu, mahiyyət etibarilə, müstəqillik uğrunda, müstəqil siyasət uğrunda Hərəkat olub. Hesab edirəm ki, Hərəkat daha qlobal oyunçular adlanan güclərin əleyhinə deyil, öz seçimi, öz ləyaqəti, ölkələrin xalqlarının istədikləri kimi».
Prezident İlham Əliyev onu da vurğuladı ki, biz bu prinsipləri həmişə bölüşmüşük və indi də bölüşürük və beynəlxalq analitiklər də Azərbaycanı daha yaxşı tanıyırlar, bizim rəhbər tutduğumuz prinsiplərə bələddirlərə: «Gözəl başa düşürlər ki, siyasət uzaqlaşma deyil, dostluq zəminində aparılmalıdır, necə deyərlər, Azərbaycanda deyildiyi kimi, “səninki səndə, mənimki məndə”.
Dövlətimizin başçısı müsahibəsində inteqrasiya proseslərini könüllülük əsasında həyata keçirildiyini vurğulayaraq bildirdi ki, heç bir inteqrasiya əsas inteqrantın üstünlüyünə gətirib çıxarmamalıdır. İndi Avropa İttifaqı məkanında bəzi Avropa ölkələrinin, onların öz ölkəsində böyük dəstəyə malik olan rəhbərlərinin necə “ağ qarğaya” çevrildiyini görürük, çünki onların mövqeyi ümumi istiqamətdən fərqlənir: «Bu səbədən də biz könüllü inteqrasiya planını dəstəkləyirik, amma bu, məntiqli olmalı, ölkələrin maraqlarına cavab verməlidir. Ona görə də Qoşulmama Hərəkatı məhz qərarların qəbul edilməsində müstəqil olan alternativ struktur kimi yaradılıb, belə ki, həmin ölkələrin əksəriyyəti də müstəmləkəçiliyin nə demək olduğunu bilirlər. Amma zaman keçdikcə bu struktur bir az deqradasiyaya uğrayıb və hətta beynəlxalq arenada onu çox az adam xatırlayırdı».
BİZ BU TƏŞKİLATA RƏHBƏRLİK ETMƏYƏ BAŞLAYANDA, TƏBİİ Kİ, FORMAL RƏHBƏR OLA BİLMƏZDİK
Prezident İlham Əliyev müsahibəsində onu da bildirdi ki, bu təşkilata rəhbərlik etməyə başlayanda formal rəhbər ola bilməzdik. Qoşulmama Hərəkatının birqütblü dünya dövründə fəallığın müəyyən qədər azalmasından sonra, qurumun xarici siyasət mövqeləri yenidən inkişaf etməyə başlayıb və bu gün bu tendensiya dinamik şəkildə inkişaf edir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi də, təşkilatın fəallaşmasına öz ciddi töhfəsini verdi. Belə ki, dünya üçün çətin olan bu dövrdə, Azərbaycanın Hərəkata sədrliyi dövlətimizin qlobal proseslərdə rolunu və nüfuzunu daha da gücləndirmiş, beynəlxalq müstəvidə mövqeyimizi möhkəmləndirmiş, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini vermiş, qeyri-neft sektorunu inkişaf etdirmiş və ixrac potensialını yüksəltmişdir. Təbii ki, əldə olunan bütün müsbət nəticələr Azərbaycan Prezidentinin hələ 2011-ci ildə ölkəmizin Qoşulmama Hərəkatına üzv olması ilə bağlı qəbul etdiyi strateji qərara əsaslanır. Bakıda keçirilən Sammitdə Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının Azərbaycanın üç il müddətinə QH-nin sədri seçilməsini yekdilliklə dəstəkləməsi, əlbəttə ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətin növbəti uğuru və dünyada ona göstərilən etimadın göstəricisidir.
Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycanın hərəkata uğurlu sədrlik etdiyini nəzərə alaraq, ölkəmizdən Hərəkata daha bir il sədrlik etməyi xahiş ediblər. Azərbaycan müraciətə müsbət cavab verdi və Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi 2023-cü ilə qədər uzadıldı. Bu, onu göstərir ki, Azərbaycan Qoşulmama Hərəkatının fundamental prinsip və dəyərlərinə sadiqliyi, çətin dövrdə hərəkata səmərəli sədrlik etməsi dəyərli təcrübə kimi qəbul olunur.
Göründüyü kimi, Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il uzadılması barədə qərarı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin uğuru, dünyadakı nüfuzunun daha bir göstəricisi və Onun şəxsiyyətinə verilən yüksək dəyərin ifadəsidir. Bəli, bu gün Qalib Liderimiz, Azərbaycan Prezidenti İlham Əliyev cənablarına inanırlar və irəli sürdüyü hər bir təklifləri bilavasitə dəstəklənir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin daha bir il uzadılması təşəbbüsünün irəli sürülməsi amili də bu kimi mühüm, prinsipial gerçəklikləri növbəti dəfə təsdiqləmiş olur.
RƏFİQƏ KAMALQIZI