Son vaxtlar Qərb təsisatlarının Azərbaycana qarşı riyakar siyasi, diplomatik hücumları xüsusilə intensivləşib. Bunu Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının başladığı ilk gündən heç bir hüquqi əsasa söykənməyən, sırf ölkəmizə olan qərəzindən doğan hikkə ilə Azərbaycanın səsini dondurmaq kimi çirkin təşəbbüsündən də görmək olar. AŞPA-nın nüfuzunun düşməsi xüsusilə təşkilatın ikili standart mövqeyindən irəli gəlir. Artıq ölkələrin bu quruma inamı qalmayıb. Bu gün AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platforma kimi tanınır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər.
Eləcə də Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borelin yanvarın 22-də Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları da aydın şəkildə ortaya qoyur ki, islamofob, türkofob siyasət yürüdən Fransa kimi ölkələr, eləcə də Aİ, Avropa Parlamenti, AŞPA və digər qurumlar Azərbaycanı hədəf alan kampaniyalar aparır, böhtan xarakterli bəyanatlar səsləndirir, qərəzli qətnamələr qəbul edir, sanksiyalarla hədələyirlər. Qərəzli Qərb "siyasətçi"lərinin yuxularına haram qatan, gecə-gündüzlərini dar edən, qıcıqlandıran, qəzəbləndirən, hikkələndirən, özlərindən çıxaran mətləb və məqamlar, əlbəttə ki, çoxdur, amma onları, sözün əsl mənasında, yandırıb-yaxan Azərbaycanın torpaqlarını işğaldan qurtarması, suverenliyini tam təmin etməsidir. Fevralın 7-də Xankəndidə də seçki keçirərək "Qarabağ Azərbaycandır" həqiqətini bütün dünyaya bir daha bəyan edəcəyimiz isə qərəzli Qərb ölkə və təşkilatlarına əsl gözdağıdır. "Demokratiya" adı altında həyasızcasına başqa xalqların, ölkələrin işlərinə burunlarını soxan, çıxarları naminə hər cür çirkin əməllər törədən Qərb dairələri Azərbaycanın Cənubi Qafqazın lideri olmasını heç cür həzm edə bilmirlər. Məhz Azərbaycanın siyasi iradəsi, qətiyyəti, hərbi gücü sayəsində bu regionda real sülh şəraitinin yetişməsi ilə barışa bilmirlər. Axı riyakar Qərbin Cənubi Qafqazla bağlı başqa planları var idi və onlar bu bölgədə daim müharibə, münaqişə olmasında maraqlı idilər. Həm bunun sayəsində erməni lobbisinin pullarını rahat şəkildə yeyə bilirdilər, həm də siyasi iradəsi olmayan Ermənistandan istifadə edərək bölgəyə rahat yerləşmək imkanı tapırdılar. İndi isə bütün bu imkanları əllərindən çıxan "insan hüquqlarının keşikçiləri" əsl simalarını, əslində simasızlıqlarını çılpaqlığı ilə göstərməyə başlayıblar.
Məhz bu səbəbdən AŞPA Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin etimadnaməsini qəbul etməyərək bir il müddətində Assambleyadan kənarlaşdırılması haqqında qərar vermişdir.
Beynəlxalq hüququ ayaqlar altına atan belə bir qurumun Azərbaycanın səsini dondurmaq niyyətinin insan hüquqları ilə heç bir əlaqəsi yox idi. Və bu öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdindən, özü də iflasa məhkum qisas cəhdindən başqa bir şey deyildi. Azərbaycan üçün isə nəinki AŞPA-da səsin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmirdi və nümayəndə heyətimizin cari ilin yanvar ayının 24-də bu qurumla əməkdaşlığı və təşkilatda iştirakı qeyri-müəyyən müddətə dayandırması bunu təsdiq edir.
Avropa, eləcə də, bütün dünya artıq dərk etməli və anlamalıdır ki, heç bir qüvvə Azərbaycanla təhdid dilində danışa bilməz.
Zahid Cəfərov
YAP Yasamal rayon “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri