Avropa Şurası ona üzv olan ölkələrə münasibətdə və qarşıya qoyulan məqsədlərə çatmaqda ədalətli mövqe sərgiləmir. Belə ki, bu təşkilatın siyasəti yalnız qərəz və böhtan üzərində qurulub. Avropa Şurası Parlament Assambleyasına (AŞPA) üzv olduğumuz müddətdə Azərbaycanın gözləntilərini doğrultmadı. AŞPA-dakı fəaliyyətimiz qurumun Avropanın aparıcı dövlətləri tərəfindən öz maraqlarını təmin etmək üçün bir alət kimi istifadə olunduğunu üzə çıxardı. Beləcə aydın oldu ki, Fransa, Almaniya kimi böyük dövlətlərin maraqları bir çox hallarda beynəlxalq ədalət, qanunların aliliyi və demokratiya prinsipləri ilə uzlaşmaya da bilir.
Ölkəmizə qarşı bu cür qərəzli yanaşmalarla Azərbaycanın regionda başlatdığı normallaşma prosesinə süni əngəllər törətməyə və ölkənin haqq işinə kölgə salmağa çalışırlar. Azərbaycanın əleyhinə Avropa Şurasının qəbul etmək istədiyi qərarlar özlərinin prinsip və normalarına zidd addımdır və AŞPA-nın bu mövqeyi qərəzin pik həddi hesab oluna bilər. Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması qərarı elə Avropa Şurasına daxil olan ölkələrə də öz təsirini göstərəcək. Heç bir sülh təşəbbüsü ilə çıxış etməyən Avropa Şurasının necə miskin durumda olduğunu, Avropa İnsan Hüquqları Konvensiyası başda olmaqla insan hüquqları mexanizmlərindən mənfur məqsədlər üçün necə sui-istifadə edildiyini bariz şəkildə göstərir. Qeyd edək ki, 350000-dən artıq qərbi azərbaycanlının öz ata-baba yurduna qayıtmaq hüququnu görməzdən gələn AŞPA, sayı hər ötən gün şişirdilən Qarabağ ermənilərinin könüllü köçünü gündəmdə saxlaması da bu qurumun kimlərinsə əlində oyuncaq olduğunu göstərir.
Azərbaycan ilə əlaqədar Avropa Şurası tərəfindən qəbul edilmiş qərar bir kağız parçasından artıq deyil. Görünən odur ki, Avropa və dünya dəyərlərinə, o cümlədən insan haqlarına qarşı hörmətsizlik nümayiş etdirən Avropa Şurası artıq nüfuzunu tamamilə itirməkdədir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini