PDF Oxu

Siyasət

  • 1 746

Bəşəri söz ustadı TƏHLİL

Bəşəri söz ustadı TƏHLİL

Dövlət başçısının Sərəncamına əsasən, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək

Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələr kimi ədəbiyyat sahəsini də hər zaman diqqət mərkəzində saxlayır, görkəmli ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, ədəbiyyatımızın bütün dünyada təbliğ olunmasına önəm verir. Ölkə başçısının son dövrlərdə bu istiqamətdə imzaladığı sərəncamlar klassik ədəbiyyat nümayəndələrinin daha da tanıdılmasına xidmət edir. "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə, klassik irsimizə olan münasibətdir.
Bildiyimiz kimi, 2024-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur.
Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkar Məhəmməd Füzuli insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi ilə bəşər mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmişdir. Sərəncama əsasən, dahi Azərbaycan şairi və mütəfəkkirinin anadan olmasının 530 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə tədbirlər planı hazırlayıb həyata keçirəcəkdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

QÜRURLU VƏ FƏZİLƏTLİ MÜTƏFƏKKİR

Müasir Azərbaycan dilli mənbələrdə tam olaraq əsl adı Məhəmməd Süleyman oğlu kimi yazılsa da, o dövrdə Məhəmməd ibn Süleyman kimi qeydə alınmışdır. O, "Füzuli" təxəllüsünü öz üzərinə götürdü, bu təxəllüsü həm "qürurlu, çoxlu", həm də "uca, üstün, fəzilətli" kimi tərcümə olunur.
Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Sənəddə qeyd olunduğu kimi, onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır. Məhəmməd Füzuli istedadlı nümayəndələri ilə tanınan bütöv bir ədəbi məktəb formalaşdırmışdır. Öz müasirlərindən başlayaraq, sonrakı dövrlərdə Füzuli ənənələrinin davamçısı olmuş bütün görkəmli sənətkarlar bu nəhəng söz ustasının adını hər zaman ehtiramla yad etmişlər.
Xatırladaq ki, Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsi milli mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illiyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olmuşdur.

AZƏRBAYCAN ƏDƏBİYYATI VƏ MƏDƏNİYYƏTİ TARİXİNİN İFTİXARI

Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarıdır. Füzuli türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilir. Füzulinin yaradıcılığı XVI–XIX əsrlərdən Mərkəzi Asiyaya və Hindistana qədər uzanan fars-türk mədəniyyət sahəsində geniş şəkildə tanınmış və təqdir edilmişdir.
Onunla bağlı mənbələrdən məlumdur ki, Füzuli 1494-cü ildə indiki İraqda anadan olmuş və uşaqlıqda yaxşı təhsil almış, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmişdir.
Füzuli yetkinlik yaşına çatana qədər İraqda, 1470-ci ildən bəri regionda hakimiyyətdə olmuş Ağqoyunlular sülaləsinin hakimiyyəti altında yaşamış, bundan sonra 1508-ci ildə İrandan Səfəvilər dövlətinin banisi şah I İsmayıl hakimiyyətə gəlmişdir.
Osmanlı imperiyasının sultanı I Süleyman 1534-cü ildə Bağdadı fəth edəndə Füzuli artıq əlli yaşlarında idi. O, sultana uzun bir qəsidə həsr etmiş, həm də ətrafdakı Osmanlı məmurlarına qəsidələr yazmışdır. Bu məmurlardan biri olan Cəlalzadə Mustafa Çələbi Bağdadda olduğu müddətdə nişançı təyin edilmişdi. O, şiə ziyarətgahlarına edilən ianələrdən artıq qalan məbləğin hesabına Füzulinin gündə doqquz akça təqaüd almasını təşkil etmişdir. Buna baxmayaraq, səlahiyyətlilər bir müddət sonra ianələrdən heç bir artıq məbləğ qalmadığını iddia edərək təqaüddən əl çəkmiş, Füzuli isə Azərbaycan dilində yazdığı və Çələbiyə ünvanladığı "Şikayətnamə" adlı poetik məktubunda öz məyusluğunu bildirmişdir. Məktubda Füzuli öz dövrünün siyasi və teoloji səbatsızlığının ona çox təsir etdiyini izah edərək bütün ümidləri tərk etdiyini bəyan etmişdir. O, ömrünün çox hissəsi Kərbəla, Hillə, Nəcəf və Bağdad şəhərlərində keçirmişdi. Füzuli 1556-cı ildə taun xəstəliyindən vəfat etmiş və Kərbəlada yerləşən bəktaşi xanəgahının ərazisində dəfn olunmuşdur.

ZƏNGİN İRSİN SAHİBİ

Füzuli bütün Azərbaycan şairləri arasında görkəmli şair və Azərbaycan ədəbiyyatının aparıcı siması kimi tanınır. Tanınmış alimlər Füzulini "Azərbaycan ədəbiyyatının Firdovsisi və Hafizi" adlandırmışlar. Füzuli həmçinin, Azərbaycan dilində bir "Divan"ın müəllifi olmuşdur. Bu, onun bu dildə ən uzun əsəridir və 302 qəzəl, bir neçə panegirik və rübailərdən ibarətdir. Füzulinin Azərbaycan dilində olan digər əsərlərinə 445 kupletlik alleqorik-satirik "Bəngü-Badə" poeması da daxildir. "Söhbətül-əsmar" (hərf. Meyvələrin söhbəti) adlı alleqorik məsnəvini yazmışdır. O, bu əsərdə üzüm bağlarının özlərini tərifləyən və arqumentasiya aparan meyvələrini təsvir etmişdir. Bundan əlavə, Füzuli Osmanlı sultanı II Bəyazidə və digər dörd Osmanlı məmuruna poetik məktub yazmışdır._Onun ictimai-siyasi ideyaları, bütövlüklə feodal quruluşunun haqsızlıqlarının kəskin tənqidinə həsr edilmişdir. Mütəfəkkir dövrün qəddar və zülmkar üsul-idarəsindən, onun faciə dolu sosial bəlalarından, maddi və mənəvi zorakılıqdan, mövcud quruluşun ədalətsizliklərindən, həyasızlıqdan və riyadan, habelə cəmiyyətin ümumi rəzalətlərindən dərin narazılıq ifadə etmişdir. Buna görə də Füzulinin ictimai-siyasi məzmunlu əsərləri alovlu bir ittiham kimi səslənir. Humanist mütəfəkkirin insana olan xüsusi rəğbəti və hüdudsuz sevgisi, həm də ictimai və ümumbəşəri məna kəsb edir.
Zəmanədən şikayət motivləri Füzulinin sosial-siyasi ideyalarının diqqəti çox cəlb edən cəhətidir. Böyük mütəfəkkir hakim təbəqələrin xalqa münasibətindən tutmuş feodalların apardıqları qanlı müharibələr də daxil olmaqla, cəmiyyətdə baş verən hadisələri diqqət mərkəzində saxlamışdır. Füzulinin bu gileyi şəxsi narahatlığından irəli gəlmir. Mütəfəkkirin dövrandan və zəmanənin hökmran əhlindən şikayəti, əslində sosial məzmun daşıyır. Füzuli feodal üsul-idarəsinin hökm sürdüyü bir şəraitdə feodal-əyan təbəqəsinin və din xadimlərinin özünəməxsus əxlaqa malik olduqlarını bilirdi. Müasiri olduğu quruluş şəraitində cəmiyyətdə sosial bərabərlik, əmlak bərabərliyi, arzu olunan adi firavan həyat yox idi.

Bəşər bədii fikrinin nadir hadisəsi olan Füzuli yaradıcılığı əsrlərdir ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Şair ömrü boyu dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir.
Mütəfəkkir şairin əsərləri insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur. Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaratmışdır.
Füzuli irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, çox sayda tədqiqatlar meydana gətirilmişdir.
Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətə malikdir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər