Azərbaycanın erməni işğalından azad edilmiş Laçın rayonunda ilk dəfə keçiriləcək prezident seçkilərinə hazırlıq prosesi yekunlaşıb. Bu barədə secki-2024.az saytına 121 saylı Laçın seçki dairəsinin sədri Hüseyn Səfərov məlumat verib.Dairə sədri vurğulayıb ki, cari ilin fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Laçın şəhərində və rayonun kəndlərində 5 seçki məntəqəsi təşkil edilib: “105 və 106 saylı məntəqələr müvafiq olaraq şəhərdəki 2 nömrəli tam orta məktəbin və “Bakı Abadlıq Xidməti” MMC-nin binalarında, 107, 108 və 109 saylı məntəqələr isə rayonun Zerti, Zabux və Qorçu kəndlərində fəaliyyət göstərir. Artıq seçkilərə hazırlıq prosesi başa çatıb, məntəqələr lazımi texniki vasitə və metodiki vəsaitlərlə tam təmin edilib”.Dairə sədri, həmçinin qeyd edib ki, Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində əhalinin daimi məskunlaşdırılması fonunda fevralın 7-də Laçında və Zabux kəndində seçicilərin yüksək fəallıq nümayiş etdirəcəyi gözlənilir.