Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının ötən gün başlayan qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi bu qurumun bəzi dövlətlərin siyasi aləti olduğunu bir daha ortaya qoydu. Almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifinin dəstəklənməsi isə AŞPA-nın imicinə ciddi ləkədir və onun ədalətinə şübhə salır.
Bu heç də təəccüb doğurmur. Çünki AŞPA tərəfindən Azərbaycan əleyhinə qətnamələrin qəbulu artıq ənənəvi hal alıb. Avropa Birliyi və Avropa Parlamenti kimi Avropa Şurası və AŞPA da Azərbaycana qarşı daim qərəzli, qeyri-obyektiv mövqeyi ilə seçilən qurumlardandır. Xüsusilə də, son vaxtlar Avropa Parlamentinin, AŞPA-nın, onlara qoşulan bəzi ermənipərəst Avropa ölkələrinin parlamentlərinin ölkəmizin əleyhinə qəbul etdikləri və həqiqətə uyğun olmayan, qərəzli, yalan, böhtan dolu qətnamələrin arxasında Fransanın və bu ölkənin prezidenti Emmanuel Makronun durduğu artıq hər kəsə bəllidir. Və qəbul edilən qətnamə Azərbaycana qarşı ədalətsiz yanaşmanın təzahürüdür, tamamilə qərəzlidir. Fransanın lobbiçiliyi və Almaniyanın dəstəyi ilə Avropa qurumları ölkəmizin müstəqil xarici siyasət kursu həyata keçirdiyini və kimlərinsə boyunduruğu altına girmək istəmədiyini heç bir halda həzm edə bilmirlər.
Belə olan halda, 23 il öncə üzv olduğumuz AŞPA Azərbaycana lazımdır və bu illər ərzində nə verib? Hər bir önəmli hadisə keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoyduğundan 23 illik üzvlüyün Azərbaycana nə verdiyini, ən əsası ötən bu illər ərzində Azərbaycanda siyasi və iqtisadi islahatların vəhdətliyinin qorunması əsasında hansı uğurlara imza atıldığına fikir versək aydın olar ki, Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaqla demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini dünyaya nümayiş etdirdi. Ən əsası qurum qarşısında götürdüyü öhdəliklərə sadiqliyini arxada qalan illərdə atdığı addımları ilə sübut etsə də fürsət düşən kimi bunun dəyərləndirilməsi olaraq qarşı tərəfin ikili siyasəti ilə üz-üzə qalıb. Ən əsas məqam isə, demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurası işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistanı eyni vaxtda tamhüquqlu üzv kimi qəbul edəndə ədalət meyarını irəliləyən illərdə necə qoruyacağına işıq salmışdı. Çünki bu gün AŞPA-da açıq-aşkar saxtakarlıq edilir, bir çox faktlar təhrif olunmuş formada verilir, reallıqlara, həqiqətlərə dırnaqarası baxılır. Belə olan halda yarımçıq AŞPA Azərbaycana lazımdırmı?
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan-Ermənistan münaqişəsinin davam etdiyi 30 il ərzində, eyni zamanda, 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonra daim ermənipərəst mövqe ilə çıxış etdiyi hər kəsə məlumdur. Və uzun illər ölkəmizə qarşı yürüdülən haqsız siyasət qarşısında ötən gün Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin həmin qurumla əməkdaşlığını və təşkilatdakı iştirakını qeyri-müəyyən müddətə dayandırması verilmiş doğru qərardır. Qeyd edək ki, AŞPA-ya üzv olduğumuz 2001-ci ildən bəri öz ərazimizdə və Ermənistanda bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarının kobud şəkildə pozulması, minlərlə günahsız insanın milli mənsubiyyətinə görə ermənilər tərəfindən qətlə yetirilməsi və işğal olunmuş torpaqlarımızın etnik təmizləməyə məruz qalması ilə bağlı nümayəndə heyətimizin müzakirələr aparması və müvafiq qərarlar qəbul olunmasına təkid etməsinə baxmayaraq AŞPA bu məsələlərlə məşğul olmadığını və Ermənistan–Azərbaycan münaqişəsinin yalnız ATƏT çərçivəsində müzakirə oluna biləcəyini israr edirdi. Bu gün isə AŞPA Qarabağda qalıb Azərbaycan qanunları əsasında yaşamağa dəvət olunan ermənilərin öz seçimi ilə rahat şəkildə, heç bir güc tətbiq olunmadan köçüb getməsini insan haqlarının pozulması kimi dəyərləndirir və hətta Azərbaycandan ermənilərin həmin əraziyə qaytarılmasını tələb edir. Bu AŞPA tarixində görünməmiş ikiüzlülük, ədalətsizlik, Avropa siyasətində irqi, dini ayrı-seçkiliyin ən parlaq təzahürüdür. Belə bir şəraitdə Azərbaycan nümayəndə heyəti yeganə düzgün və ləyaqətli qərar qəbul etdi. Azərbaycanla bağlı məsələ səsverməyə çıxarılmadan öncə nümayəndə heyətimiz AŞPA-nın ölkəmizə qarşı haqsız demarşına cavab bəyanatı səsləndirərək AŞPA binasını tərk ediblər. Eyni zamanda 23 illik AŞPA-dakı fəaliyyətimiz bu qurumun əsl məqsəd və məramını anlamaq kifayətdir. Aydın oldu ki, Fransa, Almaniya kimi böyük dövlətlərin maraqları bir çox hallarda beynəlxalq ədalət, qanunların aliliyi və demokratiya prinsipləri ilə uzlaşmaya da bilər və bu halda AŞPA tərəfindən bəyan edilmiş dəyərlər bilərəkdən arxa plana keçirilir.
Amma həmin dairələr düşünməlidir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin tam əksəriyyəti ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurub. Avropa ölkələri, həmçinin təşkilatları ilə ikitərəfli və çoxtərəfli əlaqələrini də inkişaf etdirmək əzmindədir. Eyni zamanda, Avropa əsas ticari tərəfdaşlarımızdan biri olmaqla bərabər, ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oyanır. Bu baxımdan da Azərbaycana qarşı əsassız təzyiqlər özlərinə də mənfi təsir edə bilər.Bütün bu faktları nəzərə alanda Azərbaycanın AŞPA-da fəaliyyətini müvəqqəti dayandırması Avropanın ziyanına, ölkəmizin isə xeyrinədir. Azərbaycan elə bir qayadır ki, onu sarsıtmaq mümkün deyil. Və bu realllığı da qəbul etməlidirlər ki, Azərbaycan dövləti siyasi iradə nümayiş etdirərək Avropa Şurasının 30 ildə yarada bilmədiyi sülhü 2020-ci ildə 44 gün ərzində yaratdı. Bu gün bölgədə yeni siyasi reallıqlar yaradan Azərbaycan sülh, əməkdaşlıq və inkişaf istiqamətlərində irəli doğru addımlar atır. Xalqın və dövlətin maraqlarına uyğun olaraq reallaşdırılan bu siyasətin qarşısını heç bir qüvvə ala bilməz.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü , “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri