"AŞPA-nın Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli hərəkətləri Qərbin həyata keçirdiyi anti-Azərbaycan və İslamofob kampaniyasının tərkib hissəsidir. Hətta Qərbin bu hərəkətlərini tarixi Səlib yürüşünün davamı kimi dəyərləndirmək olar". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.Deputat sözlərinə belə davam edib: "Avropa Şurası xristianların birliyidir. Onlar bu birliyə müsəlman ölkələri olan Türkiyə və Azərbaycanın daxil olmasını heç cürə həzm edə bilmirlər. Onlar öyrəşiblər ki, Qərb xaçı altında müsəlman ölkələrinə demarş etsinlər. Amma Türkiyə və Azərbaycan heç kimə imkan vermir və onların bütün çirkin niyyətlərinin cavabını yerindəcə verir. Ona görə də Türkiyəni Avropa İttifaqına qəbul etmədilər. Məhz ona görə də müsəlman ölkəsi olan Azərbaycanın Ermənistan üzərində qələbəsini həzm edə bilmirlər. Azərbaycan onlara gücsüz görünəndə lazımdır. Güclü Azərbaycan isə onların planlarına daxil deyil. Ona görə də Fransa ermənidən çox ermənilik edir. Belə ki, senatında Azərbaycana qarşı qətnamələr qəbul edir.BMT TŞ –da Azərbaycana qarşı çirkin niyyətlərini həyata keçirməyə çalışdı və nəhayət ki, AŞPA-nı özünün oyuncağına çevirərək Azərbaycana qarşı çevirib. Amma onlar unudurlar ki, dünya düzəni dəyişib. Bu gün müsəlman ölkələri də öz haqqını müdafiə edə bilərlər.Biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq və bütün hərəkətlərimizi ədalət üzərində qurmuşuq. Qərb isə yenə də ədaləti qəbul etmək istəmir. Azərbaycan düz yoldadır. Belə ki, ərazilərində suverənliyi təmin edib. Bundan sonra da heç kimə də ədalətimizi və haqqımızı tapdalamağa imkan verməyəcəyik. Bizim gücümüz xalqla iqtidar arasındakı monolit birliyinin üzərində qurulub. Heç bir xarici qüvvəyə də ölkəmizdəki sabitliyi pozmağa və öz çirkin niyyətlərini həyata keçirməyinə yol verilməyəcək. Dostluq edənlərlə dost olmalıyıq, düşmənçilik etmək istəyənlərə isə düşmən olduğumuzu açıq şəkildə bildirməliyik".
Ayşən Vəli