PDF Oxu

Siyasət

  • 3 341

İkili standartın ifrat təzahürü - ŞƏRH

İkili standartın ifrat təzahürü - ŞƏRH

Azərbaycan dövlətinin AŞPA-dan çıxması labüd nəticə idi. Vəzifələrindən biri və ən vacibi insan hüquqlarının qorunması olan Avropa Şurası Azərbaycanın bir milyondan çox vətəndaşının hüquqlarını pozan, yaşamaq hüququndan məhrum edən, milyonlarla dollar həcmində əmlakını talan edən Ermənistana sanksiyalar tətbiq etməyəndə, hətta bunu müzakirə belə etməyəndə bugünkü ziddiyyət qaçılmaz idi. Görəsən, 30 il Ermənistan–Azərbaycan münaqişəsinin yalnız ATƏT çərçivəsində müzakirə oluna biləcəyini israr edən AŞPA çoxmu hüquqpərvərdir?

Bu gün Qarabağda Azərbaycan vətəndaşlığını qəbul etməyib regionu tərk edən erməni icmasının “hüquqlarının pozulmasından” narahat olan AŞPA-nın son 3 ildə sadəcə minaya düşərək həlak olan mülki Azərbaycan vətəndaşlarının haqsız ölümləri haqqında düşüncələri nədən ibarətdir? İçimizdəki qaragüruhu müdafiə edən, maliyyələşdirən Qərb çoxmu ədalətlidir?

Azərbaycan Respublikasının nümayəndə heyəti dövlətimizə yaraşan duruş sərgiləmiş, bəyanatla assambleyanı tərk etmişdir. Bu, bir notadır, etirazdır - Qərbin ikili standartlarına, ikiüzlü siyasətinə.

Azərbaycanın daxili işlərinə qarışacaq qədər irəli gedən Avropa Şurasına “dayan” deməyin vaxtı çoxdan çatmışdı. BMT-nin 4 qətnaməsi Ermənistan tərəfindən yerinə yetirilməyəndə, bunun əvəzində Minsk qrupunun ezamiyyətləri səmərəsiz vaxt itkisinə səbəb olanda, atəşkəs dövründə əslində atəşkəs pozulanda və mülki şəxslər şəhid ediləndə, Qarabağda məscidlərı donuz tövləsinə çevirəndə, tarixi abidələr məhv ediləndə Avropa Şurası “sapı özümüzdən olan baltaları” qorumaqla məşğul olub. Ölkə daxilindəki siyasi qaragüruhun himayəçisi kimi özünü göstərən AŞPA 7 fevral – prezident seçkilərinə dəvət olunmadığını bəhanə edərək əslində son illərdəki hərbi-siyasi qələbələrimizi həzm edə bilmir. AŞPA Azərbaycanın 20 faiz torpaqlarını işğal edən, qonşu dövlətin ərazisində dövlət quran Ermənistanı təcavüzkar kimi tanımadı, mina xəritələrini verməsi üçün təzyiq göstərmədi, Gəncə və Bərdə şəhərinə qadağan olunmuş raketlər ataraq mülki şəxsləri məhv edəndə sanksiya tətbiq etmədi. Bu gün hansı haqla AŞPA nümayəndəsi Laçın dəhlizinə getməyə israr edir.

Azərbaycana təzyiq imkanları getdikcə məhdudlaşır. Azərbaycan dövləti dünyaya göstərdi ki, etnik münaqişə, ərazi məsələsi necə həll olunur. Xarici siyasətdə səmərəli manevrlər etməklə, Azərbaycan dövləti hədəflərinə doğru addım-addım gedir. Hədəflər nədir? Milli maraqları qoruyaraq regionda sülhə nail olmaq, Cənubi Qafqazı qeyri-münaqişə zonasına çevirmək, beynəlxalq təhdidlərdən qorunmaq, dünyada dəyişən müvazinətləri izləmək, prinsipial, çevik addımlar atmaq dövlətimizin xarici siyasətinin əsas istiqamətləridir. Azərbaycan bütün ərazisində suverenliyini təmin edərkən belə beynəlxalq hüquq normaları çərçivəsindən, müharibə qanunlarından kənara çıxmadı, əsirlərin saxlanması və dəyişdirilməsi ən sivil səviyyədə yerinə yetirildi, ərazisində hərbi cinayətlər törədən erməni liderlərini hüquq normaları çərçivəsində həbs edərək məsuliyyətə cəlb etdi. Dünyaya tolerant, beynəlmiləl cəmiyyət nümunəsi olan Azərbaycan Respublikasına yeni təzyiq mexanizmlərini işə salmağa çalışan Qərb Ermənistanla sülh masasının məhz Avropada qurulmasına nail ola bilmədi.

Prezident İlham Əliyevin ötən ilin oktyabr ayında İspaniyanın Qranada şəhərində lanlaşdırılan beşli formatda – Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı görüşə getməkdən imtina etməsi canfəşanlıq edən, ikili yanaşma sərgiləyən dövlətlərə tutarlı cavab oldu. Bakı regiondan uzaq ölkələrlə regionun problemlərini müzakirə etməyə lüzum görmür. Cənubi Qafqazın iki dövləti arasında məsələlər regional çərçivədə müzakirə və həll edilə bilər. Budur, Qərbin həzm edə bilmədiyi məğrur duruş.

Leyla Hüseynova

YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər