“Azərbaycan hər zaman region ölkələri ilə konstruktiv münasibətlərin mövcud olmasında maraqlı olub. Azərbaycanın kifayət qədər inkişaf etmiş siyasi və iqtisadi əməkdaşlıq münasibətləri mövcuddur. Biz dinc qonşuluq siyasətini hər zaman dəstəkləyən dövlət olmuşuq. Lakin ötən il Tehranda Azərbaycan səfirliyinə edilən silahlı hücum Azərbaycan səfirliyinin fəaliyyətini dayandırmasına səbəb oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, beynəlxalq hüquq normalarına uyğun olaraq İran ərazisində Azərbaycan səfirliyini ən yüksək səviyyədə mühafizə olunmalı, təhlükəsizliyi təmin edilməli idi: “Lakin terror aktı törədildi, səfirliyimizin əməkdaşı qətlə yetirildi. Təbii ki, bu iki ölkə arasında münasibətlərə öz təsirini göstərdi. Azərbaycanla İran arasında təmaslar zamanı bu məsələ hər zaman aktual saxlandı. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu cinayəti törədənlər layiqli cəzalarını ən sərt şəkildə almalıdırlar. Bundan sonra səfirlik öz fəaliyyətinə başlayacaq.İranla Azərbaycan baş prokurorları arasında görüş keçirilən zaman məsələ müzakirə olunmuş və İran tərəfi bəyan etmişdi ki, Azərbaycan-İran münasibətlərini tam normallaşdırılması istiqamətində müsbət tendensiya var. Yəni, Azərbaycanın mövqeyi İran tərəfinə tam aydındır və İran terror aktı törədənləri ən sərt formada cəzalandırmaqla Azərbaycan kimi güclü, etibarlı bir qonşu dövlətlə münasibət və əməkdaşlığın inkişaf etdirilməsinə göstərdiyi marağı nümayiş etdirəcək”.
Müəllif: Səbinə Hüseynli