“Ermənistan müharibədən sonra özünün təhlükəsizlik siyasətinə ciddi şəkildə korrektələr edirdi”. Bu barədə SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib. Onun sözlərinə görə, bu günə qədər Ermənistanın tərəfdaşı Rusiya idisə, müharibədən sonra İrəvan xüsusən Hindistan və Fransanın köməyindən istifadə edir: “Hər iki ölkə ilə Ermənistanın hərbi-texniki əməkdaşlığı, alınan silahlar da bunun bariz nümunəsidir. Hazırda Rusiya ilə Ukrayna arasındakı müharibə fonunda Rusiyanın özünün də silaha ehtiyacı olduğundan bir növ Ermənistanın hərbi-texniki əməkdaşlıqla bağlı manevrlərinə göz yumur. Artıq açıq şəkildə də İrəvanda qeyd edilir ki, müxtəlif ölkələrdən müasir hərbi texnikaları almağı planlaşdırırlar”.Z.Məmmədov bildirib ki, dünən Ermənistanda məğlub olmuş, sındırılmış bir ordunun günü idi: “Özləri də etiraf edirlər ki, ordularındakı bərbad vəziyyətin düzəlməsi üçün illərlə vaxt lazımdır. Hər halda Ermənistan başa düşməlidir ki, təhlükəsizliklə bağlı şaxələndirmə siyasəti aparsa belə bu onu xilas edə bilməyəcək. Ermənistanın təhlükəsizliyinin yeganə amili Azərbaycan və Türkiyə ilə yeni münasibətlərə start verməkdir. Bunun üçün isə Ermənistan öz qanunvericiliyini dəyişməlidir. Daha sonra ölkələr arasında müqavilələr imzalanmalıdır”.
Müəllif: Rəşid Qarayev