"Növbəti qrup keçmiş məcburi köçkünlər Füzuliyə - öz yurdlarına geri dönürlər". Bu sözləri SİA-ya açıqlamasında deputat Tural Gəncəliyev deyib.Deputat bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində vətəndaşlarımızın öz ev-eşiklərinə dönməsi və hər gün geri dönüşlə bağlı aldığımız xəbərlər bizi sevindirir: "Çox önəmlidir ki, geri dönüş Azərbaycanın suverenliyi tam bərpa edildikdən sonra xüsusi bir sevinclə müşayiət edilir. İlk dəfə olaraq böyük hadisə ərəfəsində vətəndaşlarımız Füzuli və digər torpaqlara gedirlər. Orada ilk dəfə olaraq tam suverenliyi bərpa olmuş Azərbaycanın vətəndaşları kimi prezident seçkilərində səs verəcəklər. Yeni Azərbaycan, yeni dövr və yeni vətəndaşlarımız güclü, gələcəyi parlaq Azərbaycanın həyatında önəmli olan seçkilərdə iştirak edəcəklər"."Son zamanlar ölkəmizə qarşı Avropa, AŞPA-da Ermənistana havadarlıq edən dairələrdə aparılan kompaniyaya baxmayaraq biz öz işimizi davam etdiririk. Bərpa və quruculuq işlərini dayanmadan davam etdiririk. Ermənistan və onun havadarlarına mesaj veririk ki, nə qədər destruktiv hərəkətlər etsəniz, ölkəmizə qarşı qarayaxma etsəniz də biz bunların hamısını iqnor edirik, fəaliyyətimizi davam etdiririk. Qarabağı işğaldan azad etdikdən sonra özümüz də bərpa edirik. Bu da gözəl mesajdır. Füzulidə yaşayacaq insanların geri dönməsi onların həyatında çox önəmli hadisədir. Onlar 30 il bu günü gözləyirdilər. Artıq hissə-hissə öz evlərinə qayıdırlar. Bütün keçmiş məcburi köçkünlərimiz, 1 milyona yaxın insan doğma torpaqlarına gedəcəklər. Mən də səbirsizliklə Xankəndi millət vəkili olaraq seçicilərimlə,122-ci dairənin insanları ilə doğma şəhərimizdə yaşayacağımız, fəaliyyət göstərəcəyimiz günləri gözləyirik" - deyə deputat sözlərinə əlavə edib.