Azərbaycan gəncliyi hər zaman ictimai həyatın bütün sahələrində fəal mövqe sərgiləyərək, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Azərbaycan gəncliyi daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilirlər.
Üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirən Azərbaycan gəncliyi, ölkədə gedən proseslərin önündə gedərək dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman, ordu və digər sahələrdə uğurla çalışaraq, ölkəmizi şərəflə və yüksək səviyyədə təmsil edirlər. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyasəti bu gün uğurla davam etdirilir. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır.
"HƏR BİR AZƏRBAYCAN GƏNCİ HƏR ŞEYDƏN ÇOX, HƏR ŞEYDƏN ARTIQ MÜSTƏQİL AZƏRBAYCANIN BU GÜNÜ, GƏLƏCƏYİ HAQQINDA DÜŞÜNMƏLİDİR"
Ulu Öndər müstəqillik dövründə gənclər siyasətinə önəm verərək, onların təşkilatlanmasına xüsusi diqqət ayırıb. Gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritetidir. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara "Prezident təqaüdü"nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir".
İstedadlı gənclərə dövlət qayğısının təzahürü olaraq 2 Fevral - Azərbaycan Gəncləri Günü. Ulu Öndər tərəfindən 2 fevral 1997- ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb. Ulu Öndər Heydər Əliyevin 1999-cu il iyulun 29-da imzaladığı "Dövlət gənclər siyasəti haqqında" Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılmışdır. Fərmanla Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılmışdır.
HƏR BİR İNSANIN GÜCÜ BİLİYİNDƏN ASILIDIR
Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti Onun layiqli davamçısı, dövlət başçısı Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Gənclərin cəmiyyət həyatında fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər öz nəticəsini verir. İnkişafdan danışarkən əlbəttə ki, dövlət proqramlarını xüsusi qeyd etməliyik. Sərəncamlarda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanmışdır. Heç bir dövlətdə gənclərlə bağlı bu qədər dövlət proqramları qəbul olunmur. 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi" dövlət proqramlarının uğurla həyata keçirilməsi, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün "Prezident Mükafatı"nın təsis edilməsi, gənclər forumlarının keçirilməsi gənc nəslin hərtərəfli inkişafını stimullaşdırıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar açmış oldu. Dövlət Proqramı çərçivəsində gənclərə dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq imkanı verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inam ifadə edərək bildirib ki, hər bir insanın gücü, əlbəttə ki, onun biliyindən asılıdır: "Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır".
AXTARIŞDA OLAN, YENİLİYİ SEVƏN QÜVVƏ
Bakıda və regionlarda istifadəyə verilən "Gənclər ev"ləri (mərkəzləri), olimpiya idman mərkəzləri gənclərin maraq dairəsini genişləndirib, asudə vaxtın mənalı və səmərəli təşkili üçün yeni imkanlar yaradıb. Son illər ərzində gənclərin ictimai fəallığı yüksəlib, onların idarəetmədəki rolu artıb. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edir, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə qürurla yüksəlir. İdmançılarımız Avropa Oyunlarında komanda hesabında ikinci yeri, İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutdu. Müxtəlif xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında və lobbiçilik fəaliyyətində yaxından iştirak edirlər. Gənclik gördüyü işlə, qazandığı nailiyyətlərlə ölkəmizin daha da inkişaf etdirilməsinə töhfə verir. Bu gün hər kəsə yaxşı məlumdur ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda da, daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Ölkəmizdə sağlam gənclik yetişib. Sağlam gənclik isə sağlam nəsil deməkdir. Bu gün tam əminliklə söyləyə bilərik ki, müstəqil Azərbaycanda dövlətin diqqət və qayğısı sayəsində yetişən sağlam gənclik ölkəmizdə bütün sahələrdə fəallıqları ilə seçilirlər. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlar həyata keçirilib. Bu gün müstəqil Azərbaycan dövlətinin gəncləri vətənpərvər ruhlu gənclərdir. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, onlara geniş imkanlar açılır. Təbii ki, hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq olunan dövlət proqramları gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsində əhəmiyyətli rol oynayır.
KREATİV GƏNCLİK FORMALAŞIB
Gənclərə ayrılan daha bir diqqətdir ki, ölkəmizin bir neçə şəhəri müxtəlif illərdə Azərbaycanın "Gənclər paytaxtı" elan edilib. 2012-ci ildən başlayaraq hər il paytaxt Bakı şəhəri istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri "Gənclər paytaxtı" elan olunur. Bu günədək Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı, Mingəçevir şəhər və rayonları Azərbaycanın "Gənclər paytaxtı" seçilib. Məlumat üçün bildirək ki, "Gənclər Paytaxtı" 1 il müddətinə seçilir.
Bu müddət ərzində, həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılması yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək verir. Bu gənclərə göstərilən diqqət, qayğı və etimadın bariz nümunəsidir. Bu, bütövlükdə, Azərbaycan dövlətinin gənclərin ictimai-siyasi fəallıqlarına, müxtəlif sahələrdə qazandıqları əhəmiyyətli uğurlara verdiyi yüksək qiymətdir. Azərbaycan gəncləri bundan sonra da gördüyü işlərlə, qazandığı yeni-yeni nailiyyətlərlə ölkəmizin daha da inkişaf etdirilməsinə öz töhfələrini verəcəklər. Son illər gənclər siyasətinə ayrılan diqqət və qayğının nəticəsidir ki, gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə uğurla təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Təsadüfi deyil ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünyada müasir və uğurlu model kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.
Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər onlar üçün yaradılan şəraitin təzahürüdür. Bu gün gənclərlə bağlı kifayət qədər normativ sənədlər mövcuddur. Cənab İlham Əliyevin gənclərə etimadı, onlarla görüşlərin təşkili bu diqqətin göstəricisidir. Bu gün məlum dövlət proqramları, həyata keçirilən layihələr gənclərin fəallığına stimul verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin amalında Azərbaycan gənclərini ölkənin uğurlu inkişafına istiqamətləndirə biləcək potensialın yaradılması dayanır. Cənab Prezidentin gənclərlə görüşü və gənclərin qarşısında konkret vəzifələr qoyması Azərbaycanın gələcək inkişafının gənclərin əlində olduğunu bir daha təsdiqləyir. Azərbaycan gənclər ordusu da dövlət başçısının etimadını əməli ilə doğrultmalı, öz bilik və bacarıqlarını genişləndirməli, müasir dövrün tələblərinə uyğun olaraq, formalaşıb ölkəmizin inkişafına töhfə verməlidir.
Nəzakət ƏLƏDDİNQIZI