“Vətənimizdə fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri Rusiyada yaşayan azərbaycanlılar tərəfindən böyük maraqla izlənilir”. Bunu secki-2024.az saytına açıqlamasında Rusiyanın Solikamsk şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun sədri Uğur Əfəndiyev deyib.Onun sözlərinə görə, soydaşlarımız növbədənkənar seçkilərin təyin olunmasını böyük rəğbətlə qarşılayıb: “Buna səbəb isə ilk dəfədir seçkilərin ölkəmizin suveren ərazilərində də keçirilməsidir. Bilirsiniz ki, uzun illər düşmən tapdağı altında olan torpaqlarımız ordumuz tərəfindən azad olunub. Daha sonra keçirilən lokal antiterror tədbirləri zamanı Azərbaycan ərazilərində qanunsuz olaraq fəaliyyət göstərən erməni terrorçuları tərk-silah ediliblər. Silahı yerə qoyaraq təslim olanlara ərazilərimizi tərk etmələri üçün şərait yaradılıb, terror fəaliyyətlərini davam etdirənlər isə zərərsizləşdirilib. Bununla yanaşı, uzun illər xalqlararası düşmənçiliyi təbliğ edən, müxtəlif vaxtlarda azərbaycanlıların qətlə yetirilməsində əli olan, şəhərlərimizdə terror aktları törədən ermənilər isə saxlanılıb. Onların layiqli cəza almaları üçün Azərbaycan məhkəməsi tərəfindən ədalətli qərar veriləcək. Bəli, bütün bunlar ədalətin bərpasıdır. Son üç ildə Azərbaycan uzun illər məruz qaldığı haqsızlıqlara sinə gərdi və dünyanın, beynəlxalq təşkilatların həll edə bilmədiyi bir problemi çözdü. Bu qələbə xalqımızın, soydaşlarımızın və dünya azərbaycanlılarının əbədi sevincinə səbəb olub”.U.Əfəndiyev bildirib ki, belə bir dövrdə prezident seçkilərinin təyin olunması tarixi hadisədir. Diaspor sədrinin sözlərinə görə, bu tarixi hadisəyə şahidlik etmək hər bir azərbaycanlı üçün qürurvericidir: “Əminəm ki, həmişə olduğu kimi budəfəki seçkilər də tam şəffaf və ədalətli keçiriləcək. Əvvəlki seçkilərdən fərqli olaraq, budəfəki seçkilərdə daha aktivlik və fəallıq nümayiş olunur. Buna səbəb isə seçkilərin bütün suveren ərazilərimizdə keçirilməsidir. Artıq seçki ab-havası Şuşada da, Xankəndidə də, Xocalıda da, Zəngilanda da hiss olunur. Ona görə də əminəm ki, xalqımız seçkilərdə aktivlik göstərərək öz layiqli namizədinə səs verəcək”.