Fevralın 7-nə təyin edilmiş prezident seçkiləri vətəndaşlara Azərbaycanın tarixi uğurlarını təsdiqləmək, xalqın və dövlətin gələcəyə yönəlik fəaliyyətini formalaşdırmaq nöqteyi-nəzərindən bir şans kimi dəyərləndirilir. Bunu seçkilərə hazırlıqla bağlı yerlərdən verilən məlumatlar da təsdiqləyir. Bu fikirləri secki-2024.az saytına açıqlamasında 57 saylı Xaçmaz şəhər dairə seçki komissiyasının (DSK) sədri Bəhram Ömərov deyib.O bildirib ki, 7 fevral seçkiləri ilə bağlı əhalidə yüksək əhvali-ruhiyyə müşahidə edilir: “Budəfəki seçkilərdə elektoratın yüksək fəallıq göstərəcəyinə əminik. Seçki məntəqələrində yaşanan nikbin ab-hava bunu deməyə əsas verir. 57 saylı Xaçmaz şəhər seçki dairəsindəki 48 məntəqə üzrə 49 min 150 seçici qeydiyyata alınıb. Dairə üzrə 500-dən çox vətəndaş bu seçkidə ilk dəfə iştirak edəcək. Yaşı 100-dən yuxarı iki seçicimiz var. Bundan başqa, 55 saylı dairə seçki komissiyası bu günədək 610 müşahidəçini qeydiyyata alıb, 78 nəfərə qeydiyyatdan çıxma vəsiqəsi verib”.Dairə üzrə 12 seçki məntəqəsində veb-kameranın quraşdırıldığını nəzərə çatdıran DSK sədri əlavə edib ki, hazırda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun uzunmüddətli müşahidə missiyasının nümayəndələri sərbəst şəkildə müşahidələrini davam etdirirlər.