ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) müşahidəçiləri 89 saylı İsmayılı seçki dairəsini iki dəfə ziyarət edib. Müşahidəçilər əsasən seçici siyahılarının dəqiqliyini yoxlayıblar və seçkilərə hazırlıq prosesindən razı qalıblar. Bunu secki-2024.az saytına açıqlamasında 89 saylı dairə seçki komissiyasının sədri Əlirəmzi Məhərrəmov deyib.DSK sədri qeyd edib ki, dairə üzrə ümumilikdə 630 müşahidəçi qeydiyyatdan keçib: “Seçkilərə hazırlıq prosesi qanunvericiliyə uyğun formada davam etdirilir. Dairə üzrə qeydiyyatda olan 50 min 533 seçici 61 seçki məntəqəsində səsvermə hüququndan istifadə edəcək. 6 seçki məntəqəsində panduslar quraşdırılıb, seçkilərə qədər pandusların quraşdırılması davam edəcək. 6 seçki məntəqəsində isə veb-kameralar yerləşdirilib. Namizədlərin təşviqat kampaniyasına geniş imkanlar yaradılıb. Bütün seçki məntəqələrində təşviqat lövhələri mövcuddur”.