Sarsılmaz dostluq və qardaşlığa söykənən və uğurla davam etdirilən Türkiyə-Azərbaycan əlaqələri uğurla davam edir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənib. Həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır və dövlətlər arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib. Hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq mövcud münasibətlər keyfiyyətcə yeni müstəviyə keçib. Azərbaycan və Türkiyənin təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli layihələrin reallaşması həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına təsirini göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi bu əlaqələrin daha bir təzahürüdür.
Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub və iki ölkə həmişə bir-birinin sevincli, kədərli günlərində biri digərinin yanında olub. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Azərbaycan və Türkiyə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ifadə etdiyi "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamlarında dəqiq ifadə olunub.
"BİR MİLLƏT, İKİ DÖVLƏT" PRİNSİPİ
Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Hulusi Akar Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" prinsipi üzrə inkişaf etdiyini və bunun bir örnək olduğunu vurğulayıb. Qonaq Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatmasında mühüm rol oynadığını bildirib.
Hulusi Akar Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədə Prezident, Ali Baş Komandan İlham Əliyevin müstəsna rolunu bir daha vurğulayıb.
Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin ilk günlərindən Rəcəb Tayyib Ərdoğanın və qardaş Türkiyənin Azərbaycana göstərdiyi mənəvi, siyasi və diplomatik dəstəyi bir daha yüksək qiymətləndirib.
SUVERENLİYİMİZ TAM BƏRPA OLUNDU
Qardaş ölkə artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi illər ərzində həmişə Azərbaycana dəstək verirdi. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək hər kəsin sevincinə səbəb oldu. Heç kəsə sirr deyil ki, Türkiyə Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərdi. Ümumilikdə tarixi Zəfərimiz bu qardaşlığın dünyaya təqdimatında öz sözünü dedi.
Söhbət zamanı ötən il sentyabrın 19-20-də Azərbaycanın 23 saatdan da az bir müddətdə həyata keçirdiyi antiterror tədbirləri zamanı ərazimizdə qeyri-qanuni silahlı birləşmələrin mövcudluğuna və təcavüzkar separatizmə son qoyulduğu, suverenliyimizin tam bərpa olunduğu vurğulanıb. Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsindən sonra da Azərbaycan Silahlı Qüvvələrində yeni islahatların aparıldığını diqqətə çatdırıb. Ordumuzun döyüş qabiliyyətinin daha da gücləndiyini qeyd edib və bütün bunların ötən ilin sentyabrında keçirilmiş antiterror tədbirlərində bir daha özünü bariz şəkildə göstərdiyini bildirib.
REGİONDA SABİTLİYİN VƏ TƏHLÜKƏSİZLİYİN TƏMİNATI
Söhbət zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı və yeni sahələri əhatə etməsi məmnunluqla qeyd olunub. Bu təşkilatın parlamentlər xətti ilə də müvafiq komitələr səviyyəsində əlaqələrin yaradılması və bu komitələrin birgə iclaslarının keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Şuşa Bəyannaməsinin əhəmiyyəti vurğulanıb, Azərbaycan ilə Türkiyə arasında hərbi, müdafiə sənayesi, təhlükəsizlik, parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Hər iki ölkənin silahlı qüvvələri tərəfindən birgə keçirilən hərbi təlimlərin əhəmiyyəti xüsusilə qeyd edilib. Əlbəttə ki, Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu. 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması Azərbaycan-Türkiyə münasibətlərində yeni bir dövrün başlanğıcını qoymuş oldu. Qardaş dövlətlərin Şuşa Bəyannaməsini imzalamaları müttəfiqlik münasibətlərinin göstəricisidir. Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq, Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi kimi məsələlər öz əksini tapıb. Tarixi, strateji önəmi, hüquqi, hərbi və siyasi baxımdan xüsusilə böyük əhəmiyyətə malik olan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bir daha nümayiş etdirir. Azərbaycan və Türkiyə regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini davam etdirilməsi baxımından yeni imkanlar açır. Şuşa Bəyannaməsi iki ölkə arasında imzalanmış olsa da, bölgə üçün də böyük əhəmiyyət daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə dövlətlərarası gələcək iş birliyinin istiqamətini göstərir.
ORTAQ KÖKLƏRDƏN VƏ DƏYƏRLƏRDƏN GÜC ALAN DOSTLUQ
Ölkəmizin regional iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyət və trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr reallaşıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və s. layihələr bu baxımdan təqdirəlayiqdir. İki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə TANAP Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malikdir.
Azərbaycanla Türkiyənin ortaq köklərdən və dəyərlərdən güc alan dostluq və qardaşlıq münasibətləri böyük inkişaf yolu keçib. Bu gün bu münasibətlər ən yüksək zirvəyə yüksəldilib.
Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan müstəqil siyasət yürüdə bilən ölkədir. Dövlət siyasətinin də mütləq prioritetləri Azərbaycan xalqının və dövlətinin milli maraqlarının müdafiə olunması, eyni zamanda ölkəmizin müstəqil siyasət aparmasıdır.
Əlbəttə ki, Azərbaycan ilə Türkiyə arasında olan bağlar, qardaşlıq və birlik bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminlik yaradır.
Zümrüd BAYRAMOVA