88 saylı Şamaxı seçki dairəsini ziyarət edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri məntəqə seçki komissiyalarının üzvləri üçün keçirilən treninqləri izləyiblər. Müşahidəçilər seçkiyə hazırlıq prosesi ilə tanış olub, xüsusilə seçkilərin təşkilində qadınların rolu ilə maraqlanıblar. Bunusecki-2024.az saytına açıqlamasında 88 saylı Şamaxı dairə seçki komissiyasının (DSK) sədri Hüseyin Rəcəbov deyib. DSK sədri bildirib ki, seçki dairəsində 72 qadın seçkilərin təşkilində iştirak edir. Onlardan doqquzu məntəqə sədridir.
“Dairə üzrə qeydiyyatda olan 51 min 559 seçici 60 seçki məntəqəsində səs verəcək. 4 142 nəfər səsvermə hüququndan ilk dəfə istifadə edəcək. Yaşı 100-dən çox olan 5 seçicimiz var. 11 seçki məntəqəsinə veb-kamera quraşdırılıb. İndiyə qədər 612 müşahidəçi dairə üzrə qeydiyyatdan keçib” - deyə, o qeyd edib.
DSK sədri seçkilərə hazırlıq prosesinin qanunvericiliyin tələblərinə uyğun şəkildə aparıldığını vurğulayıb: “Bütün məntəqələrdə təşviqat lövhələri qoyulub və namizədlərin təbliğat materiallarının yayılmasına bərabər şərait yaradılıb”.