Dağıdıcı müxalifətin əbədi düşmənləri olmadığı kimi daimi dostları da yoxdur. Dünən “dost, müttəfiq” deyib, bağrına basdıqları partiya funksionerini sabah Kim Çem kimi raketə bağlayıb, geri qayıdışı mümkün olmayan uzaq yerə atırlar. Bu səbəbdəndir ki, bu gün dağıdıcı müxalifət düşərgəsində eyni mövqedən çıxış edən, eyni maraqları bölüşən iki siyasi partiya və onun rəhbəri mövcud deyil. Məhz bir-birini qəbul etməməsinin nəticəsidir ki, “DUH”, “Demkonqres”. “SİDSUH”, “Bizim Azərbaycan” və kimi onlarla qurum və blok dağılaraq tarixin zibilliyinə atılıb. Sonuncu dəfə qeyrətə gəlib birlik modeli olaraq yaratdıqları Milli Şura adlı qondarma qurumunda ömrü uzun olmadı. Müsavatın ovaxtkı başqanı İsa Qəmbər və indiki rəhbəri Arif Hacılı AXCP sədri Əli Kərimli ilə buynuzlaşmaqdan yorulduqlarından Milli Şuranı tərk etdilər. Hazırda Milli Şura suyu süzülmüş aşsüzənə bənzəyir. Yəni qurumda ancaq Cəmil Həsənli və Əli Kərimli qalıb, mürgü vururlar. Lakin bu məqamda belə C.Həsənli, Ə.Kərimli, F.Qəhrəmanlı, S.Həzi və digərləri əqidə dostlarını baltalamaqdan, onlara qarşı ittihamlar irəli sürməkdən əl çəkmirlər. İndi isə daha çox hədəflərində Sevinc Osmanqızıdır.
Fuad Qəhrəmanlı Sevinc Osmanqızını agent hesab edir
Görünən ondan ibarətdir ki, Əli Kərimli bütün fəaliyyətini və resurslarını son vaxtlara qədər əməkdaşlıq etdiyi, ortaq maraqlarını bölüşdüyü S.Osmanqızının gözdən salınmasına səfərbər edib. Sual olunur, nə baş verdi ki, tərəflər bir-birini alçaltmağa çalışırlar? Cavabı aydındır, “Soros” Fondunun Gürcüstan nümayəndəliyinin Ə.Kərimliyə ayırdığı 24 min 800 dollar pul vəsaitindən S.Osmanqızına faiz ödənilməyib. Yəni Ə.Kərimli S.Osmanqızının payını mənimsəyib. Bu səbəbdən də S.Osmanqızı TV-sində Ə.Kərimlini və ətrafında olan trollarını hər cür sərt ifadələrlə təhqir edir: “Əli bəy və Fuad Qəhrəmanlı bəlli şəxslərin yazdıqları statusları öz adları ilə sosial şəbəkələrdə paylaşırlar. Bu hal rüsvayçılqdır. Eyni zamanda Əli bəy tək müxalifət lideri olduğunu nümayiş etdirmək üçün digər partiya sədrlərini gözdən salmağa çalışır”. Kifayət qədər ciddi xarakter daşıyan ittihamlara Ə.Kərimlinin və trol dəstəsinin cavabı çox çəkməyib. Bu dəfə isə meydana baş trol olmaq iddiasından hələ də əl çəkməyən Fuad Qəhrəmanlı çıxarılıb. Məxluq öz dayaz ağılı ilə özündən yeni dünya kəşf edib. Deyib ki, S.Osmanqızı müəyyən qüvvələrin sifarişlərini yerinə yetirir, agentdir. F.Qəhrəmanlı paylaşdığı statusunun dərinliyində daha ağır ifadələr səsləndirib: “Sevinc xanım öz efirində yenə Əli bəyə, mənə, Qənimət Zahidova yönəlik ittihamlar səsləndirmək ənənəsini davam etdirdiyi üçün bəzi məqamlara aydınlıq gətirməyi lazım bilirəm. Bəlkə də kiməsə sadəlövh görünə bilərəm, ancaq mən hələ də o fikirdəyəm ki, yəqin Sevinc xanım bilərəkdən həqiqəti təhrif etmir, sadəcə hesab edir ki, öz dinləyicilərində vaxtaşırı olaraq AXCP və Milli Şura rəhbərliyinə qarşı inamsızlıq yaratmaqla ölkədə demokratik proseslərə, rejimə qarşı mübarizəyə mühüm töhfə vermiş olur. Yoxsa, bu işi niyə belə həvəs və israrla davam etdirsin ki? Ona görə də nə qədər sadəlövh görünsə də bu yazını həm də onu bizdən ayıran yanlışdan qurtarmaq ümidi ilə yazıram”.
F.Qəhrəmanlı onu da yana-yana qeyd edib ki, yazıb feysbukda paylaşdığı məqaləsinə Sevinc Osmanqızı əmmaqulu qoyub: “Sevinc xanım iddia etdi ki, sən demə, bu yazını mənim adımdan kimsə yazıb. Sevinc xanım işarə edir ki, Qənimət Zahidin sözügedən yazımı öz efirindən oxuması Əli bəyin istəyi ilə olub. Əvvəla, o, "Azərbaycan Saatı"nın yutub səhifəsinə və mənim feysbuk profilimə baxıb görə bilər ki, Qənimət bəy bu günə qədər vaxtaşırı olaraq müəllifi olduğum ölkə siyasəti və beynəlxalq münasibətlərlə bağlı geniş təhlil yazılarımı mütəmadi olaraq oxuyur və Əli bəyin bu məsələyə heç bir aidiyyəti də olmur.Daha sonra Sevinc xanım idda edir ki, Əli Kərimlidən müsahibə almaq istəsə də, o, bildirib ki, əməkdaşlığın dayanmasına səbəb olan əvvəlki şərtlər aradan qalxmadığı üçün bu mümkün deyil. Buna görə, o, növbəti dəfə ötən gün efirdən Əli bəyi onun jurnalist azadlığını məhdudlaşdırmağa çalışmaqda ittiham etdi. Sevinc xanım bundan öncəki proqramlarında da bir neçə dəfə bildirib ki, məhz bu səbəbdən də AXCP ilə onun arasındakı əməkdaşlıq pozulub.
F.Qəhrəmanlı iddia edir ki, bu gün söz azadlığından danışan Sevinc xanımla AXCP və Milli Şura arasında bundan öncəki narazılığın əsas səbəbi, onun "siz Tural Sadıqlının "Azad Söz" kanalında çıxış etməyin"tələbi olmuşdu: “Təbii ki, biz o zaman onun bu tələbini söz azadlığı prinsipinə zidd saydığımız və Tural bəyə qarşı haqsızlıq olduğu üçün qəbul etməmişdik. Eyni zamanda, o vaxt bu məsələni ictimailəşdirmədik, bu gün Sevinc xanım Əli bəyin ona ünvanlanan şəxsi məktubunu efirdən oxuduğu kimi açıb ağartmadıq. Heç Tural bəyin özünün belə bundan xəbəri olmadı. Buna görə Sevinc xanım bizim söz azadlığımızı pozur deyib bu gün onun etdiyi kimi ittiham etmədik, əksinə, ikilikdə deyilən sözü qarşı tərəfin razılığı olmadan ictimailəşdirməyi doğru bilməyib susmağa üstünlük verdik”.
Demə Sevinc Osmanqızı işverənliyi də bacarırmış
F.Qəhrəmanlı Sevinc Osmanqızını AXCP-ni və onun sədri Əli Kərimlini hakimiyyətlə iş birliyində qınamasına görə, ittiham edir: “Bunu Sevinc xanımın bizi qaralamaq üçün efirinə çıxardıqları deyə bilər, onlardan bunu gözləyə bilərik, ancaq onun özü belə ifadələri işlədərkən içindən heçmi bir səs "dur, bu qədər də yox" demirmi? Sanki elə təqdim edilir ki, AXCP mitinq təyin edərkən yerli və beynəlxalq şiyasi şərtləri, cəmiyyətin iştirak imkanlarını deyil, "Osmanqızı" kanalında polislə toqquşma səhnəsi göstərilməyin lazım olduğunu əsas götürməlidir. Cəbhəçilər növbəti dəfə mənasız yerə ona görə döyülsün, tutulsun ki, Sevinc xanımın göstərməyə ekstrem kadrları olsun. Bir də elə təqdim edilməyə çalışır ki, dediyimiz səbəblərdən bu gün mitinq təyin edilmirsə, sanki bu sondur və AXCP daha heç vaxt meydana çıxmaq qərarı verməyəcək. Belə deyil, bu seçki onsuz da heç nəyi həll etmir, biz qarşıdakı mərhələ də situasiyanı dəyərləndirib əhəmiyyəti, təsiri olan aksiyalara yenə də qərar verəcəyik, necə ki, əvvəllər etmişik, o zaman Sevinc xanım üçün də göstərməyə bol material olacaq, buna görə narahat olmasın” .
Bir sözlə, fakt ondan ibarətdir ki, Ə.Kərimli və trol dəstəsi Sevinc Osmanqızına qarşı cəbhə açıblar. Bundan sonra tərəflər bir-birini ən aşağılayıcı söz və ifadələrlə təhqir edəcəkləri şübhəsizdir. Söz yox ki, dartışmanın pik nöqtəsində Ə.Kərimli və ya S. Osmanqızı kimdən nə qədər pul aldıqlarını və hansı məqsədlər üçün hansı tapşırıqlar əldə etdiklərini, ölkəmizdə təxribatlar törətmək üçün hansı qaranlıq dairələrin hansı tezislərini icra etdiklərini və digər məsələləri açıb-ağardacaqlar. Bu onların biri digərini ifşa etmək üçün sınaqdan çıxartdıqları və zaman-zaman həyata keçirdikləri üsullardandır.
İLHAM ƏLİYEV