“Bu gün ümumilikdə 72 nəfər olmaqla Laçına daha 23 ailənin köçürülməsi Azərbaycanın hərbi-siyasi yolla yaratdığı reallığı qəbul etməyənlərə, o cümlədən ötən həftə bütün maskalarını yırtıb erməni separatizminə dəstək olaraq Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrini qəbul etməyən AŞPA-ya ən tutarlı cavabdır”. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.Onun sözlərinə görə, bir neçə gün öncə Füzuli şəhərinə daha 90 ailənin - 335 qarabağlının əbədi qayıdışı təmin olunmuşdu: “Bugünkü köçlə isə Laçın şəhərində məskunlaşanların sayı 1627 nəfərlik 431 ailəyə çatacaq. 30 il bu insanların haqlarını tanımayıb, bu gün 3-5 separatçının "taleyindən" narahatlıq keçirən satılmış beynəlxalq təsisatları heç bir tribunada səslənəcək bəyanat, heç bir rəsmi sənəddə ifadə olunacaq məzmun bu qədər məyus edə bilməzdi. Təbii ki, biz soydaşlarımızın qayıdış hüququna kimisə məyus etmək üçün vasitə kimi yox, milli prioritet olaraq baxırıq. Məlumdur ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" müəyyən edilərkən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış bizim beş milli hədəfimizdən biri kimi müəyyən edilib. Cənab Prezidentin 2021-ci il 2 fevral tarixli Sərəncamında da ifadə olunduğu kimi, "qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır". Böyük Qayıdışın uğurla reallaşdırılması üçün isə dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya təmin olunmalıdır. Daha sadə desək, qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, Qarabağ və Şərqi Zəngəzur ölkənin ən abad guşələrindən birinə çevrilməlidir”.Deputat bildirib ki, unutmamalıyıq ki, söhbət vandallar tərəfindən qəsdən yerlə-yeksan edilmiş və üstəlik dünyanın mina ilə ən çox çirklənmiş ərazisində quruculuq və bərpadan gedir: “Bu proses çevik və səmərəli, amma eyni zamanda çox ehtiyatlı yanaşma tələb edir. Ötən üç illik period göstərir ki, Azərbaycan bu vəzifənin öhdəsindən gözlənildiyindən çox daha yaxşı gəlir. Yalnız elə ötən 2023-cü ilə nəzər salsaq, ilin ən mühüm nailiyyətlərindən biri də, heç şübhəsiz, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən böyük quruculuq prosesidir. Mart ayında Talış kəndinə, mayda Laçına, avqustda Füzuli şəhəri və Zabux kəndinə ilk, o cümlədən il ərzində Ağalı kəndinə növbəti köçlər baş tutdu. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində isə ifadə etdi ki, 2024-cü ildə Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda il ərzində Azərbaycan üçün prinsipial məsələ olan Xocalı və Xankəndiyə Böyük Qayıdış başlanacaq. Məhz Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Bu mənada, işğaldan azad olunmuş ərazilərdəki fəaliyyətdə planlı və vahid konsepsiyaya əsaslanan hazırkı yanaşmanın alternativi yoxdur. Eyni zamanda keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdışı və dayanıqlı məskunlaşması həm də böyük Zəfərimizin əbədiləşdirilməsi üçün də başlıca şərtdir. Hər kəs əmin ola bilər ki, mövcud siyasi iradə bütün zəruri tədbirləri görərək vətəndaşların işğaldan azad olunmuş torpaqlarda əbədi və təhlükəsiz şəraitdə məskunlaşmasını təmin edəcək”.
Müəllif: Rəşid Qarayev