"Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 20 il ərzində dünyanın ən sürətlə inkişaf edən ölkələri arasında birinci olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.Deputat bildirib ki, 20 il ərzində Azərbaycanın sosial-iqtisadi göstəriciləri, inkişaf templəri dünyanın ən aparıcı beynəlxalq reytinq cədvəllərində də öz əksini tapmışdır: "Azərbaycan kosmos dünyasının bir neçə il əvvəl üzvünə çevrilmişdir. Azərbaycan dünyada böyüklüyünə görə ikinci ən böyük beynəlxalq təsisatına - Qoşulmama Hərəkatına uğurla sədrlik etmişdir. Ölkəmiz bu gün şərqlə qərbi birləşdirən çox əlverişli və etibarlı loqistik mərkəzə çevrilmişdir. Dünyanın enerji coğrafiyasını yenidən cızan ölkəyə çevrilmişdir. Eyni zamanda yaşıl enerji sahəsində təşəbbüslər irəli sürərək qabaqcıl ölkə olduğunu sübut etmişdir"."Xüsusi qeyd etmək istəyirəm ki, 20 il ərzində Azərbaycanın bütün regionlarında sürətli inkişaf getmiş, əhalinin sosial rifahı gündən-günə artmışdır. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması isə ən vacib məqamdır. 2020-ci il Vətən müharibəsində müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. 2023-cü ildə antiterror əməliyyatı nəticəsində suverenlik bütün ərazilərimizdə təmin edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilmişdir. Azərbaycana hörmətlə yanaşılır. Azərbaycan Prezidenti cənab İlham Əliyev dünya liderləri içərisində ən hörmətlə yanaşılan liderlərdən biridir" - deyə o, əlavə edib.
Müəllif: Söylü Ağazadə