PDF Oxu

Siyasət

  • 10 675

Laçının sakinləri doğma yurdda TƏHLİL

Laçının sakinləri doğma yurdda TƏHLİL

Laçın şəhərində 1627 nəfərin daimi məskunlaşması təmin edildi

Daha bir köç doğma yurda, əzəli torpaqlarımıza yol aldı. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 30-da Bakı şəhərinin Qaradağ rayonundan Laçınımıza yola salındı. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 72 nəfər köçürüldü. Xatırladaq ki, indiyədək Laçın şəhərinə 431 ailənin, yəni 1627 nəfərin daimi məskunlaşması təmin edilib.
30 ilə yaxın öz ata-baba yurdundan uzaq düşən, əzəli torpaqlarımızın həsrəti ilə yaşayan insanlar artıq qış fəslinin sərt çağında, hər tərəfin ağ libasa büründüyü bir zamanda vətən torpağının ətrini duyurlar. 44 günlük Vətən müharibəsi bu insanların acı talelərinə bir sevgi, əbədi bir dünya bəxş etdi. Və yeni bir həyat hekayəsi yazıldı. Vaxtilə qovhaqovla el-obalarından qaçqın düşənlərin ruzigarlarına salınan naxış bu gün öz rəngini dəyişib. Viran qalmış yurd yerlərinə əzəli sakinlər artıq sahibdirlər. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımıza qovuşurlar.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində keçmiş məcburi köçkünlər 30 ildən sonra könüllü olaraq təhlükəsiz və yaşayış üçün yararlı olan doğma yurdlarına qayıdırlar. Ağalı və Talış kəndindən sonra əzəli torpaqlarımızın sahibləri olan laçınlıların da bir qismi öz yurdlarına qayıtdılar. Bu, əlbəttə ki, Azərbaycanın iqtisadi gücünün, dinamik inkişafının göstəriciləri sırasındadır. 7-8 ay ərzində burada 700 bina inşa edilib. Şəhərin Baş planı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən beynəlxalq məsləhətçi şəhərsalma qrupu - İsveçrənin "SA Partners" şirkətinin iştirakı ilə hazırlanıb.

«AZAD EDİLMİŞ TORPAQLARDA YARADILMAQDA OLAN BÜTÜN ŞƏHƏR VƏ KƏNDLƏRİMİZ TƏXMİNƏN BAX BU SƏVİYYƏDƏDİR…»

Laçının özünəməxsus füsunkar təbiəti və rəngarəng landşaftı nəzərə alınaraq şəhərin turizm məkanı kimi inkişaf etdirilməsinə, fəal rekreasiya, idman, açıq hava istifadəsi və sağlam həyat imkanları olan canlı və cəlbedici regional mərkəzə çevrilməsinə şərait yaradacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb. Baş planın konseptual əsasını "Təbiətlə vəhdətdə olan şəhər" yanaşması təşkil edir. Plana əsasən, Laçın şəhəri "ağıllı idarəetmə", müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binalar tikiləcək. Bütün bunlarla yanaşı, onlarla müəssisənin yaradılması nəzərdə tutulur. "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda yaradılmaqda olan bütün şəhər və kəndlərimiz təxminən bax bu səviyyədədir… azad edilmiş bütün ərazilərdə geniş quruculuq işləri aparılır. Yəni, bu, bir daha onu göstərir ki, biz - o torpaqların sahibləri gəlmişik qurmaq üçün, yaratmaq üçün", - deyə Prezident bildirib.

LAÇIN BÖYÜK QURUCULUQ MEYDANINDA

İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Laçın rayonunda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin nəzarəti altındadır. Məlumdur ki, dekabrın 1-i 2020-ci il tarixində Laçın rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu, Azərbaycan Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapmış oldu. Məlumdur ki, 18 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri Laçının işğalı zamanı 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Laçının işğalı zamanı bu məkanda 50 mindən artıq əhali yaşayırdı. Laçın rayonunda 1992-1993-cü tədris ilində - işğal olunana qədər 106 məktəb fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 8 min 877, müəllimlərin sayı isə 1390 nəfər olub. Laçın rayonunda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur. Bütün bunlar dağıdılıb.

Artıq işğaldan sonra digər ərazilərimiz kimi, Laçın da böyük quruculuq meydanına çevrilib. Müharibədən ötən müddət ərizində görülən işlər bu ərazilərdə əzəli sakinlərin tam yaşayışının təmin edilməsinin təzahürüdür.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər