“Fevralın 7-nə təyin edilmiş seçkilər Qarabağın azadlığından sonra ilk dəfə keçirilən seçkilərdir. Yəni, ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunduqdan sonra bu seçkiləri qalib ölkənin seçkisi kimi də dəyərləndirmək olar. Təsəvvür edəndə ki, 200 ildən bəri parça-parça bölünüb, yadellilərin işğalında olan Vətənimizin ərazi bütövlüyü ilk dəfə təmin olunub, o zaman insan necə böyük bir hadisənin baş verdiyini anlayır”. Bu fikirləri secki-2024.az saytına açıqlamasında İsveç Azərbaycanlıları Koordinasiya Şurası idarə heyətinin üzvü, yazıçı-publisist Eluca Atalı deyib.Onun sözlərinə görə, son 20-30 ildə güclü ordumuzun yaranması, bu ordunun yurdumuzun dörd bir yanında keşik çəkməsi sevindirici haldır: “Əlbəttə, bu, əmin-amanlığın bariz nümunəsidir. Son üç ilə qədər Qarabağın adı gələndə xaricdə başımız sual işarəsi kimi sinəmizə düşürdü və bizdən bu haqda sual edən xaricilərin yanında gözükölgəli qalıb utanırdıq. İndi qürurluyuq! Təsəvvür edin ki, üç ay öncə xəstəxanada həkim məndən soruşanda ki, hansı ölkədən gəlmisən? Cavab verdim ki, Azərbaycandan. O, bu sözümü eşidib dedi ki, Azərbaycan güclü ölkədir. Bu sözdən sonra mən xəstəliyimi unutdum. Bu, mənə stimul verdi ki, İsveçin Hərbi Akademiyasında Qarabağ savaşındakı hərbi taktika ilə bağlı doktorluq işimi müdafiə edim, Qarabağdan, Şuşadan hazırlanmış “Xarı bülbül” filminin İsveçdə nümayişinin təşkilatçılarından biri oldum. Nəhayət, arzularımın yurdu Şuşanı ziyarət etdim”. O, sonda əminliyini bildirib ki, bu seçkilər Azərbaycanın inkişafına və nüfuzunun artmasına səbəb olacaq.