“58 saylı Xaçmaz kənd seçki dairəsi üzrə demək olar ki, bütün məntəqələrdə 7 fevral prezident seçkilərinə hazırlıq işləri yekunlaşdırılıb”. Bu barədə secki-2024.az saytına açıqlamasında verən 58 saylı Xaçmaz kənd dairə seçki komissiyasının (DSK) sədri Zöhrab Səfərov bildirib.O, dairə üzrə 70 seçki məntəqəsində 48 min 170 seçicinin siyahıya alındığını deyib: “Seçki dairəsi üzrə 500-dən çox vətəndaş seçkilərdə ilk dəfə iştirak edəcək. Bu günədək 75 vətəndaşa qeydiyyatdan çıxma vəsiqəsi verilib. Həmçinin, bu günədək 58 saylı dairə seçki komissiyasında 600-dən yuxarı müşahidəçi qeydiyyata alınıb”.Dairənin bütün məntəqələrində elektron texniki təchizat işlərinin başa çatdırıldığını, 10 seçki məntəqəsində veb-kamera quraşdırıldığını nəzərə çatdıran Z.Səfərov onu da qeyd edib ki, hazırda MDB müşahidə missiyasının bir nümayəndəsi müxtəlif məntəqələrdə müşahidələrini davam etdirir.