115 saylı Şəki kənd seçki dairəsində seçkilərə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi təqvim-plana və Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə aparılıb. Secki-2024.az saytının xəbərinə görə, səsvermənin keçiriləcəyi 61 seçki məntəqəsinin hər biri zəruri avadanlıqla, habelə müxtəlif təlimat və texniki vasitələrlə, dayanıqlı rabitə ilə təmin olunub.Məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə keçirilən treninqlərdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının Danimarka və Moldovadan olan uzunmüddətli müşahidəçiləri də iştirak ediblər.Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə seçicilərin ümumi sayı 54 min 632 nəfərdir. Onlardan 3701 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Seçicilərin 936 nəfəri 80-100 yaş arasındadır. Dairə üzrə ən yaşlı seçici isə Kiçik Dəhnə kəndində yerləşən 35 saylı seçki məntəqəsində səs verəcək 98 yaşlı Rüstəmov Əli Məmməd oğludur. İndiyədək 806 müşahidəçi dairədə qeydiyyatdan keçib, 354 seçiciyə qeydiyyatdançıxma vəsiqəsi verilib.