Prezident İlham Əliyev: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır"
Sosial siyasət dövlətin daxili siyasətinin tərkib hissəsi olub, onun həyata keçirdiyi sosial proqramlarda, əhalinin əsas sosial qruplarının marağını əsas götürərək, cəmiyyətdəki münasibətlərin tənzimlənməsində təzahür edir. Sosial sahədə atılan mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Ölkəmizdə son 20 il ərzində bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb. Ölkə iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir. Həyata keçirilən müxtəlif tədbirlər, islahatlar və maliyyə təminatının gücləndirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təkan verir. Sosial sahə istiqamətindəki sərəncamlar dövlət siyasətinin sosialyönümlülüyünü, xalqın sosial qayğılarının həllinin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə prioritet təşkil etdiyini göstərir. Öz ərazi bütövlüyünü təmin etmiş qalib dövlət olan Azərbaycan vətəndaş rifahının təminatı istiqamətində mühüm irəliləyişlərə yol açan güclü sosial siyasətini uğurla davam etdirir. 2003-cü ilin 15 oktyabrında keçirilən prezident seçkilərində xalqımızın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin andiçmə mərasimində bəyan etdiyi fikirləri vurğulamaq yerinə düşər: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm". Verilən vədlər qısa bir zamanda əməldə özünü təsdiqlədi. "Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır", - deyən Azərbaycan Prezidenti İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı ölkəmizdə davamlı sosial inkişafa, sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilərək ildən-ilə əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradıb. Statistik məlumatlara nəzər salsaq görərik ki, ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım baş verib. Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata çatıb. Sosial müdafiə sisteminin mühüm komponenti olan pensiya təminatı yoxsulluğun azaldılmasında əhəmiyyətli rola malikdir. 2006-cı ilin əvvəlindən Azərbaycanda qabaqcıl dünya təcrübəsinə uyğun müasir sığorta-pensiya modelinə keçidin təmin edilməsi pensiya təminatında müsbət nəticələrin əldə edilməsi ilə nəticələnib. Rəqəmlərin dili ilə desək ötən 20 ildə minimum pensiya 14 dəfə artaraq 280 manata, orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata, əlilliyə görə orta aylıq pensiya 14 dəfə artaraq 366 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya isə 19 dəfə artaraq 408 manata çatıb.
SON 20 İLDƏ 13 MİNDƏN ÇOX MƏNZİLLƏ TƏMİN OLUNUBLAR
Sosial, siyasi, eləcə də iqtisadi sahədə dünyaya inkişafını nümayiş etdirən Azərbaycanın dövlət başçısının rəhbərliyi ilə vətəndaşlara olan münasibəti dünyaya nümunədir. Belə ki, dövlət başçısının müxtəlif görüşlərdə, tədbirlər çərçivəsində, baş verən hadisələr zamanı vətəndaşların yanında olması, onların problemlərinin həllinə operativ şəkildə reaksiya verməsi, artıq bütün dünya üçün yeni model və təcrübədir. Əlbəttə ki, Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır. Vətənin müdafiəsi yolunda canını fəda etmiş, şəhidlik zirvəsinə yüksəlmiş, eləcə də əlil olmuş insanlara həssas münasibət də dövlətimizin humanizm prinsiplərini özündə ehtiva edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərir. Onların sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar reallaşır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur".
44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən, şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur. Postmüharibə dövründə onlara 5300, ümumilikdə, ötən dövrdə 14100, o cümlədən son 20 ildə 13 mindən çox mənzil, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 44 günlük Vətən müharibəsindən sonra 324 avtomobil, ümumilikdə, ötən dövrdə 7500-dən çox, o cümlədən son 20 ildə 6500-dən çox avtomobil verilib.
SOSİAL DƏSTƏKYÖNÜMLÜ 309 MİN XİDMƏT
Statistik rəqəmlərə əsaslanaraq desək, postmüharibə dövrü üzrə qeyd olunan sosial dəstək proqramı şəhid ailələri və müharibə iştirakçılarından ibarət 124 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 309 min xidmət göstərilib. Bu xidmətlərə mənzil və avtomobillə təminat tədbirlərindən əlavə olaraq, həmin şəxslərdən ibarət 103 min şəxsə 115 min aylıq sosial ödəniş təyin olunmasını, 11 min nəfərə 51 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilməsini və s. də aid etmək olar. Son illər yaradılan müasir reabilitasiya infrastrukturu Zəfərimizin qəhrəmanları olan, müharibədə yaralanmış hərbçilərimizin səmərəli, keyfiyyətli tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunması üçün də mühüm potensialdır. 439 şəxsin 458 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunması da vurğulanmalıdır. Onu da qeyd edək ki, son 5 ildə isə ölkəmizdə müasir reabilitasiya sistemi qurulub və reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə, sosial sahəyə xüsusi diqqət və qayğı ilə davam etdirilən uğurlu sosial inkişaf strategiyası ölkəmizdə qarşıdakı dövrdə də yeni-yeni sosial uğurların əldə olunmasına təminat yaradır. Müstəqil Azərbaycanımız 44 günlük Vətən müharibəsində Zəfərimizi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun, məhz şəhidlərimizin, qazilərimizin qanı və canı bahasına əldə edib. Şəhidlər və müharibə əlilləri böyük fədakarlıq göstərək öz həyatlarını və sağlamlıqlarını Vətən yolunda qurban veriblər. Şəhid ailələrinə və müharibə əlillərinə böyük diqqət və qayğı davamlıdır. Bütün bunlar ölkədə aparılan uğurlu sosial siyasətin və Vətən uğrunda öz canını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvlərinə və sağlamlığını itirmiş müharibə əlillərimizin daim dövlətin diqqət mərkəzində olmasının bariz nümunəsidir.
Zümrüd BAYRAMOVA