Erməni hərbi eksperti: "Bu müddət ərzində Azərbaycan Ordusu yüzdən çox təlimdə iştirak edib, Ermənistan isə heç bir hərbi təlimdə olmayıb"
Bəlli olduğu kimi, 44 günlük müharibədən sonra Ermənistan ordusunun demək olar ki, yox səviyyəsinə düşməsi fakt olaraq ortaya qoyuldu. Bu xüsusda onu da qeyd edə bilərik ki, son zamanlar Ermənistan yenidən militarizasiya yolunu tutmaq qərarına gəlib, amma ölkənin hərbi büdcəsi də buna imkan vermir. Düzdür, Hindistan və Fransa kimi ölkələr müəyyən hərbi texnikaların əldə edilməsi üçün Ermənistanla razılığa gəliblər, amma bu, heç bir halda ölkənin hərbi üstünlüyünü əsla təmin etmir.
Digər tərəfdən, Ermənistan ordusunda hərbi hazırlıq səviyyəsi də sıfır həddindədir. Bunu erməni ekspertlərin özləri də etiraf edirlər.
Vitali Manqasaryan: "Müxtəlif silahlar alıb, onların mümkün qədər effektiv xidmət etməsi üçün addımlar atmasaq, problemimiz olacaq"
"Dünyanın bütün ölkələrinin silaha ehtiyacı var. Silahların qiymətləri indi çox yüksəkdir. Amma istənilən halda gətirilən silahlar bizim mövcud sistemimizə ancaq hərbi təlimlər vasitəsilə inteqrasiya edilməlidir". Bunu erməni hərbi eksperti Vitali Manqasaryan deyib.
Onun sözlərinə görə, Ermənistan hərbi təlimlərdə də iştirak etmir: "Təlimlər silahlı qüvvələrin peşəkarlığını artırmaqla yanaşı, şəxsi heyətə də ciddi psixoloji təsir göstərir. Bu müddət ərzində Azərbaycan Ordusu yüzdən çox təlimdə iştirak edib, Ermənistan isə heç bir hərbi təlimdə olmayıb. Müxtəlif silahlar alıb, onların mümkün qədər effektiv xidmət etməsi üçün addımlar atmasaq, problemimiz olacaq".
Erməni hərbi eksperti sual edib: bunu ən effektiv şəkildə necə edə bilərik?
"Bir gün silah qırılacaq və ya xarab olacaq, bu, xüsusilə döyüş əməliyyatları zamanı müxtəlif əngəllər yaradacaq"
O, verdiyi sualını belə cavablandırıb: "Əvvəla, bu, müxtəlif zavodlarla bağlıdır, çünki silah sıradan çıxsa, texniki xidmət göstərməli olacağıq və bu zavodlar olmasa, o zaman ciddi problemlərimiz olacaq. Çünki bir gün silah qırılacaq və ya xarab olacaq, bu, xüsusilə döyüş əməliyyatları zamanı müxtəlif əngəllər yaradacaq. Yəni bu və ya digər silahın alınması ilə bağlı böyük söz danışmaq mənasızdır”, - deyə o bildirib.
Erməni hərbi ekspertinin sözlərindən həm də belə nəticə çıxarmaq olar ki, o və ümumilikdə Ermənistan cəmiyyəti revanşçılıq hissindən hələ də ayılmayıb. Məhz bu baxımdan, militarizasiyalaşmaq faktı da bu reallığı əks etdirir. Ona görə də, dövlət başçımızın vurğuladığı kimi, biz hər zaman istənilən təhlükəni aradan qaldırmaq üçün hazır olmalıyıq.
Afət Tahirqızı