Ağrı dağı, cizgi filmi quşu və smaylik şir
Məlum olduğu kimi, son günlər Ermənistanda konstitusiya islahatlarının aparılacağı və bu ölkənin ana yasasında köklü dəyişikliklərin ediləcəyi ətrafında kəskin, daha çox isə ziddiyyətli polemikalar aparılmaqdadır. Yeni konstitusiyanın isə cari konstitusiyadan tam fərqli olacağı bildirilir. Orada nə "soyqırımı", haqqında, nə də qonşu respublikaların ərazilərinə iddialar (miatsum və s.) kimi müddəaların, eləcə də digər mövcud bəndlərin olmayacağı bildirilir.
Alen Simonyan ölkə gerbini ələ salan bəyanat səsləndirib
Bütün bunlarla yanaşı, Ermənistanın gerbinin də dəyişdirilməsi barədə ilk siqnallar verilməkdədir. Ölkə parlamentinin spikeri Alen Simonyan isə bütövlükdə ölkə gerbini ələ salan bəyanat səsləndirib. Qartalı cizgi filmi quşuna, şiri isə smaylikə bənzədən erməni spiker Ağrı dağının yeni gerbdə olmayacağı, həmçinin, Ermənistanın nə zamansa "böyük su altında qalmasını" əks etdirən nağılın da erməni xalqına başucalığı gətirmədiyini etiraf edib. Məhz bütün bunlardan sonra erməni ictimai-siyasi rəyində kəskin qarşıdurmalara start verilib. Müxalifət təmsilçiləri isə iddia edirlər ki, bu kimi qərarların verilməsi Azərbaycanın Ermənistan qarşısında qoyduğu şərtlər əsasında yer alır və əslində, burada bəzi həqiqətlərin olduğu da görünməkdədir. Daha dəqiq desək, Ermənistan parlamentinin spikeri Alen Simonyan yeni konstitusiyanın qəbul edilməsi məsələsinin Azərbaycanla görüşlərdə müzakirə edildiyini istisna etməyib və hətta buna işarə də vurub.
Ermənistan tərəfi paralel olaraq Azərbaycan Konstitusiyasının bir sıra bəndlərindən qorxduqlarını, çəkindiklərini də etiraf edib
Maraqlı məqamlardan biri də budur ki, Ermənistan tərəfi paralel olaraq Azərbaycan Konstitusiyasının bir sıra bəndlərindən qorxduqlarını, çəkindiklərini də etiraf edib.
Misal üçün: Simonyan iddia edir ki, Azərbaycan Konstitusiyasında, Azərbaycanın hüquqi aktlarında da "dəyişdirilməli" olan müddəalar var (?!)
Ancaq erməni spiker söhbətin hansı maddələrdən getdiyini açıqlamayıb. O, sadəcə, erməni ictimai rəyi arasından "çulunu sudan quru çıxarmaq" üçün bu ifadələri işlədib. Halbuki Azərbaycanın Ana Yasasında, yaxud Müstəqilliyin Bərpası haqda Konstitusiya Aktında Ermənistan üçün təhlükə ola biləcək, yaxud onları maraqlandıra biləcək müddəa mövcud deyil. Sadəcə, müasir Azərbaycan Respublikası tarixi ADR-in xələfidir.
Bu görüntü Ermənistan hökumətinin erməni xalqının başına "ip salıb-oynatması" mənzərəsini daha çox qabardır
Lakin Ermənistanın müstəqillik bəyannaməsində Azərbaycandan fərqli olaraq qondarma “miatsum”dan bəhs olunur, açıq şəkildə Qarabağa iddia edilir və konstitusiya bu bəyannamənin müddəalarının icrasını vəzifə olaraq müəyyənləşdirir.
Beləliklə də, Alen Simonyanın iddiasının Ermənistan siyasi seqmentində yeni konstitusiya istəyinin Bakının sifarişi olduğu haqda ittihamlara qarşı hesablandığı görünür. Yəni, Simonyan "sübut" etməyə çalışır ki, İrəvan da guya Bakı qarşısında hər hansı "fakt" qoyub və s. Əlbəttə ki, bu görüntü Ermənistan hökumətinin erməni xalqının başına "ip salıb-oynatması" mənzərəsini daha çox qabardır. Təbii ki, məğlub olmuş, kapitulyasiya sənədinə imza atmış bir ölkənin qalib dövlət qarşısında şərt irəli sürməsi qeyri-inandırıcı olması ilə yanaşı, həm də kifayət qədər gülünc görünür...
Afət Tahirqızı