Birmənalı şəkildə qeyd olunmalıdır ki, Azərbaycanın iqtisadi, siyasi, hərbi cəhətdən güclənməsi yerli və xarici qüvvələri ciddi şəkildə narahat edib. Xüsusilə də, Azərbaycanın 44 günlük Vətən Müharibəsi ilə 30 il erməni işğalı altında olmuş torpaqlarını azad etməsi və ərazi bütövlüyünü bərpa etməsi, 2023-cü ilin noyabrın 8-də tarixi şəhərimiz Xankəndidə Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi paradın keçirməsi dünya güclərini ciddi şəkildə narahat edib. Azərbaycanın dünya siyasətini müəyyənləşdirən və istənilən məsələ də diktə edən tərəf olmasını qəbul etmək istəmədiklərindən anormal vasitələrlə ölkəmizə problemlər yaratmağa çalışırlar. Xüsusilə də, ABŞ, Fransa, Almaniya kimi dövlətlər Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirməklə açıq formada məkrli niyyətlərini nümayiş etdirirlər. Təbii ki, bu məsələdə erməni lobbisinin sifarişləri də rol oynayır. Beynəlxalq normalara görə, hər hansı dövlət başqa bir suveren dövlətin iç məsələlərini müzakirə edə və hər hansı bir qərarla çıxış edə bilməz. Lakin ABŞ Konqresi və ya Senatı Ermənistanın dövlət istəklərinə erməni lobbisinin maraqlarına uyğun olaraq dəfələrlə Azərbaycanla bağlı anormal dinləmələr keçirib. Dinləmələr Ermənistandakı revanşist qüvvələri ruhlandıran və onları və Cənubi Qafqaza sabitliyi pozmağa xidmət edən qərarların qəbulu ilə müşahidə olunur. Hətta ara-sıra anormal qərarlarda qəbul edirlər. Söz yox ki, ABŞ Qarabağı azad edən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəqil siyasətini həzm edə bilmir və ona qarşı belə çirkin kampaniyalar təşkil edir. Lakin diqqətdən qaçmamalıdır ki, bu, təkcə Prezident İlham Əliyevə deyil, ümumilikdə Azərbaycan xalqına və dövlətinə qarşı hörmətsizlik, təhqirdir. 2023-cü il noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Qarabağın gələcəyi” mövzusunda keçirilmiş dinləmələr bunun daha bir nümunəsi sayıla bilər. Söz yox ki, dinləmələrin keçirilməsinə ən çox dəstək verən ABŞ-dakı erməni lobbisi olub. Bu da onu deməyə əsas verir ki, dünyanın aparıcı dövləti kimi özünü təqdim etməyə çalışan ABŞ, əslində, Kardaşyan kimi fahişə modellərin əlində alət olub. Nəzərə almaq lazımdır ki, qondarma tədbirdən öncə tədbirin təşkilatçısı Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə görüşüb. Görüşün 5 saata qədər davam etməsi onu təsdiq edir ki, tərəflər Azərbaycana qarşı necə şər və böhtanlar səsləndirmək, iddialar və ittihamlar irəli sürmək məsələlərini geniş və əhatə şəkildə müzakirə edib, razılaşma əldə ediblər.
ABŞ-ın qaranlıq dairələri öz məkrli planlarından əl çəkmirlər
Dinləmələr gözlənildiyi kimi erməni lobbisinin tələblərinə uyğun keçirilib. Tomas Kin ermənilərin Qarabağdan guya etnik təmizləmə yolu ilə çıxarılması məsələsinə etiraz edərək deyib ki, Birləşmiş Millətlər Təşkilatının Komissiyası və Beynəlxalq Qırmızı Xaç Komissiyasının Ermənistana köç edən Qarabağ erməniləri ilə bağlı xüsusi arayışı var. Orada çox aydın şəkildə yazılıb ki, onlar Qarabağdan etnik təmizləmə ilə məcburi şəkildə köçürülməyib. Özləri könüllü şəkildə köçüb gediblər. Təbiidir ki, bütün bunları Tomas Kin də bilir. Sadəcə, Azərbaycanın Qarabağda əldə etdiyi qələbəsinə, insanlarımızın öz yurd-yuvalarına qayıdışına qısqanclıqla yanaşmalar nümayiş etdirilib. Bu anormal müzakirələrdən sonra ermənipərəst konqresmenlər Azərbaycan yardımların azaldılacağı barədə çıxışlar da ediblər. Ancaq bunlar anlamırlar ki, zatən Amerika Birləşmiş Ştatları Azərbaycana Ermənistandan qat-qat az yardımlar göstərir. Bununla yanaşı qeyd olunmalıdır ki, ölkəmizin hər hansı kənar yardımlara ehtiyacı yoxdur. Azərbaycan işğaldan azad edilən ərazilərini öz gücünə qurub, yaradır. Artıq görülən böyük quruculuq, təmir, bərpa işlərinin nəticəsi olaraq bir sıra kənd və şəhərlərə soydaşlarımız köçürülüb. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Artıq Böyük Qayıdış dövlət proqramı çərçivəsində Zəngilana, Laçına Füzuliyə, Kəlbəcərə əhalinin köçürülməsinə başlanılıb. Proseslər uğurla davam etməkdədir. Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyev bəyan edib ki, bu il Xankəndi və Xocalı şəhərlərinə də əhalinin köçürülməsi davam etdiriləcək. Məhz bu kimi möhtəşəm uğurlar dostları sevindirir, düşmənlərin bağrını yarır.
AŞPA-nın qərəzi ikili standartlara söykənir
Erməni maraqlarına xidmət edən bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etməklə ölkəmizin əldə etdiyi böyükmiqyaslı nailiyyətlərinə kölgə salmağa çalışırlar. Bu yaxınlarda AŞPA-nın Azərbaycanın bu qurumda səsvermə hüququnun məhdudlaşdırılması haqqında qətnaməsi də qərəzli və ikili standartlara söykənən qərəzli qətnamədir. “Avropa Şurası Parlament Assambleyasının zaman-zaman Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi yenilik deyil. Bu barədə dəfələrlə deyilib, səbəbləri göstərilib. Lakin AŞPA-nın dünən Avropada KİV-lərin azadlığına və jurnalistlərin təhlükəsizliyinə dair qəbul etdiyi 2317 saylı Qətnamədə Azərbaycana qarşı əsassız tənqidlərin səsləndirilməsi onu söyləməyə əsas verir ki, qurumun ölkəmizə qarşı qərəzi xroniki hal alıb”. Bu fikirləri Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün facebook səhifəsində paylaşdığı “AŞPA-nın qərar qəbuletmə mexanizmində anti-Azərbaycan alqoritmi” sərlövhəli məqalədə bildirib. Əli Əhmədov qeyd edib ki, Azərbaycan surətli inkişaf və transformasiya dövrünü yaşayır. Onun seçdiyi yolun uğurlu davamı bir çox amillərlə yanaşı aşkarlığı, informasiya azadlığını, dünyaya açıqlığı nəzərdə tutur. Avropa ilə əməkdaşlıq, tərəfdaşlıq, iqtisadi əlaqələrin genişləndirilməsi, informasiya mübadiləsi ölkəmizin seçdiyi yolla irəliləməsinə təkan verən əsas şərtlərdir. Eyni zamanda, Azərbaycan daim milli və dövlət maraqlarını üstün tutmasını da açıq və qəti şəkildə bəyan edir. Bütün məsələlərdə olduğu kimi, söz və mətbuat azadlığına münasibət də Azərbaycanda Konstitusiyada və qanunlarda təsbit olunmuş azadlıqlar kontekstində öz həllini tapır. Azərbaycanın söz və mətbuat azadlığının geniş qorunduğu ölkələr sırasında olduğunu sübuta yetirən onlarla səbəb sadalamaq mümkündür.
YAP Sədrinin müavini onu da vurğulayıb ki, bütün bunların fonunda AŞPA-nın yuxarıda qeyd olunan qətnaməsində Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı “repressiyalara” son qoymağa çağırması təəccüb doğurmaya bilməz. Təkcə onu demək kifayətdir ki, Avropanın nüfuzlu beynəlxalq qurumlarından biri olan AŞPA özünün uydurduğu “repressiyaların” nədən ibarət olmasını aydın şəkildə izah edə bilmir. Azərbaycana qarşı “ittihamları” əsaslandırmaq üçün bu mötəbər qurumun istifadə etdiyi 2 “arqumenti” nümunə olaraq gətirmək istəyirəm. Birinci arqumentin mahiyyəti ondan ibarətdir ki, jurnalistlərə qarşı istənilən sanksiyaların tətbiq edilməsi dayandırılsın. Belə bir təklifin (yaxud tələbin) səsləndirilməsinin insan hüquqları və qanunun aliliyi prinsipləri baxımından nə dərəcədə doğru və ədalətli olmasını buraxaq vətəndaşların öz mühakiməsinə. Belə çıxır ki, AŞPA Azərbaycanı hansısa niyyətlər xatirinə tənqid etmək naminə jurnalistləri ayrıca bir kastaya ayırmaq dərəcəsinə qədər qeyri-demokratik yanaşma nümunəsi ortaya qoymaqdan belə çəkinmir. Əgər jurnalist qanunları pozursa, cinayət törədirsə, digərlərinə qarşı böhtan atır, günahsız insanları ən ağır şəkildə təhqir edirsə, deməli onlara qarşı heç bir hüquqi tədbir görülə bilməz və görülməməlidir. Bəs belə olan halda jurnalistin əməlləri nəticəsində təhqir olunan, mənəvi terrora məruz qalan insanların hüquqları necə qorunmalıdır?
AŞPA öz səhv qərarına yenidən baxa bilər
Milli Məclisin deputatı Ceyhun Məmmədov da AŞPA-nı Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin kökündə Fransanın və Almaniyanın ermənipərəst maraqlarının dayandığını söyləyib: “Niyə bu məsələlər məhz indiki dövrdə qalxır? İşğal altında olan torpaqlarını azad etdikdən, suverenliyini təmin etdikdən sonra Azərbaycana qarşı niyə belə addımlar atılır? Bu, bir daha onların ölkəmizə qarşı qərəzli olduğunu göstərir. Bütün bunlar məqsədli şəkildə Azərbaycan əleyhinə atılmış addımlardır. Neçə ildir ki, biz AŞPA-ya üzv dövlətik. Həmin müddət ərzində bir dəfə də olsun bu qurum tərəfindən Ermənistanın törətdiyi soyqırımlarla bağlı hər hansı bir fikir, məlumat görməmişik. Amma bu gün Azərbaycana qarşı qərəzli addımlar irəli sürürlər. Belə olduğu təqdirdə bizim də AŞPA-ya ehtiyacımız yoxdur. Ona görə də hesab edirəm ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti çox doğru addım atdı”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov hazırkı proseslərə istinad etməklə qeyd edib ki, son vaxtlar Avropa İttifaqının təsisatlarının Azərbaycana qarşı qərəzli yanaşmaları, qərarları ən pik həddə çatıb: “Son addımlar və qərarlar da bu qərəzi açıq-aydın göstərirdi. Həm Cozep Borrelin açıqlamaları, həm Avropa Şurasında Azərbaycanın ünvanına səsləndirilən fikirlər, həm ölkəmizlə bağlı qəbul edilən qərarlar Bakının bu istiqamətdə sərt addımlar atmasını zəruri edirdi. Biz müstəqil və qürurlu dövlətik. Ona görə də bu ittihamları heç vaxt qəbul edə bilməzdik. Haqlı olaraq Azərbaycan qəti şəkildə öz mövqeyini bildirdi. Yəni qurum daxilində fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırdı. Çünki özünü Avropanın əsas aparıcı qurumlarından biri kimi təqdim edən Avroittifaq, əslində, bu gün Fransanın, Almaniyanın alətinə çevrilib. Onun nəticəsidir ki, Azərbaycana qarşı bu qurum tərəfindən əsassız qərarlar qəbul edilir. Azərbaycan özünə hörmət edən dövlətdir. Harada bizi istəmirlərsə, orada olmarıq. Nə vaxta kimi belə qərəzli olacaqlar, Azərbaycan buna öz sərt etirazını bildirəcək. Hesab edirəm ki, müəyyən müddətdən sonra AŞPA öz səhv qərarına yenidən baxa bilər. Çünki Azərbaycan regionun lider dövlətidir və Avropanın enerji təchizatında mühüm rol oynayır. O cümlədən, ölkəmiz Avropa ilə Mərkəzi Asiya arasında vacib tranzit körpüdür. Şərq-Qərb, Şimal-Cənub dəhlizləri Azərbaycanda kəsişir. Ona görə də bütün bunlar gözardı edilə bilməz”.
İLHAM ƏLİYEV