2 fevral 1996-cı il tarixində Ümummilli lider Heydər Əliyev Azərbaycan Gənclərinin birinci Forumunda gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
2 fevral 1997-ci il tarixində Ulu Öndər tərəfindən imzalanmış Sərəncama əsasən hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün də ölkədə gənclər üçün mühüm Dövlət Proqramları imzalamışdır. Dövlət başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə aşağıdakı sənədlər təsdiq edilmişdir:
Prezident İlham Əliyev 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası”nı təsdiq edib. Sərəncamda gənc nəslin Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı, minlərlə gəncin beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil etməsi vurğulanır.Sərəncamda həmçinin qeyd olunur ki, Azərbaycan Respublikasının beynəlxalq miqyasda öz layiqli yerini tutması gənclərin üzərinə də müəyyən vəzifələr qoyur. Belə ki, ölkəmizi xaricdə yüksək səviyyədə təmsil etmək onların xarici dillərə mükəmməl yiyələnməsi, vətənpərvər olması və azərbaycançılıq ruhunda tərbiyə edilməsi vacib şərtlərdir. Həmçinin sənəddə qeyd olunur: “Gənclər vətəndaş cəmiyyətinin inkişafında aparıcı rol oynamalı, onların ictimai fəallığının bundan sonra da dəstəklənməsi üçün müvafiq şərait formalaşdırılmalıdır”.
30 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti 2931 nömrəli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” Sərəncamının icrasını təmin etmək məqsədlə hazırlanmışdır. Proqramın əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir.
Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqə olaraq öz sözünü deyir. Gənclərimiz mədəniyyət, elm, idman və digər sahələrdə böyük inamla addımlayırlar. Mədəni irsimizin qorunub saxlanılması və inkişaf etdirilməsində çox mühüm və ciddi addımlar atırlar. Onların həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Ölkə başçısı gənclərlə görüşündə bildirmişdir: “Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”.
Gənclər cəmiyyətimizin fəal hissəsidir. Gənclərimiz Vətən uğrunda vuruşdular. 44 günlük Vətən müharibəsində gənclərimizin rolu əvəzsiz və danılmaz idi. Həmin gənclərimizlə biz fəxr edir və qürur duyuruq. Şəhidlərimizin və qazilərimizin böyük əksəriyyəti gənclər olub. Onlar 30 ilə yaxın Qarabağ həsrətinə 44 gündə son qoydular. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı arzulayıram. Azərbaycan xalqı məhz həmin gənclərə minnətdardır.
Vətən müharibəsi dövründə gənclər olaraq sosial şəbəkələrdə çox fəal olduq və müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldi. Həmin informasiya müharibəsində təkcə Azərbaycan vətəndaşları deyil, dünya azərbaycanlıları da qoşuldular. Əsasən biz gənclərdən ibarət sosial şəbəkə istifadəçiləri şəbəkələrdə üstünlüyü əldə edərək paylaşılan məlumatın həqiqi və təsirliliyinə nail olduq.
Bu gün ölkə gəncləri olaraq cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik. Biz Prezidentimizlə işıqlı sabahlara doğru birlikdə irəliləyirik.
Nigar Abdullayeva
YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini