Cənubi Qafqaz Ölkələrinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov “Moskva-Baku” portalına müsahibəsində Ermənistan və NATO arasında fəal yaxınlaşmanı və Qərbin Qafqazda apardığı destruktiv siyasəti şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Yevgeni Aleksandroviç, NATO baş katibinin xüsusi nümayəndəsi Xavyer Kolomina bildirib ki, Ermənistanın xarici və müdafiə siyasətində Şimali Atlantika hərbi blokuna tərəf keçməsi alyansı ruhlandırır. Və NATO hazırda erməni tərəfi ilə qarşılıqlı fəaliyyəti genişləndirmək üçün konkret layihələri, xüsusən də “iddialı məqsədləri” olan yeni proqramı, eləcə də Hərbi Alyansın Ermənistan hərbçilərinə təlim keçmək imkanlarını müzakirə edir. Onu da qeyd edək ki, bu yaxınlarda Ermənistan Müdafiə Nazirliyi erməni hərbçilərinin NATO standartlarına uyğun hazırlanmış forma geyinəcəyini açıqlamışdı...
- Bu gün Ermənistan ətrafında baş verən hər şey rəsmi Moskvanı ciddi narahat etməlidir və edir, çünki Ermənistan hələ də KTMT və Aİİ-nin bir hissəsidir. Və eyni zamanda, İrəvan Rusiyaya qarşı ardıcıl təxribatlardan sonra yenə də eyni vaxtda bir neçə stulda- Rusiya və Qərbdə- oturmağa çalışır. Anti-Rusiya addımları çoxdan üzə çıxıb. İndi məlum olub ki, Fransa şirkəti Ermənistanla birlikdə və Ermənistan ərazisində silah istehsal edəcək. Ermənistan hakimiyyəti ordunun NATO formasına keçdiyini bəyan edib. Növbəti ssenari göz qabağındadır. Əgər Rusiya kəskin qərarlar qəbul etməsə, bir müddət sonra Ermənistanın NATO blokunda status qazanmaq cəhdi barədə eşidəcəyik. Ermənistan Qərbin adi və tipik oyuncağına çevrilib. Qərb Ukraynanın da qabağında “kökəni” eyni şəkildə yelləyirdi. Bu ölkə üçün nəyə gətirib çıxardı? Fəlakətə.
Bu gün Ermənistan müntəzəm olaraq belə saxta kökə ilə şirnikləndirilir. Və Ermənistan hakimiyyətinin apardığı təbliğat sayəsində erməni əhalisi getdikcə anti-Rusiya mövqeyinə meyllənir. Ermənistanda bu gün Rusiya kanallarını qadağan etməyə çalışırlar, ötən gün biz İrəvanda Rusiya bayrağına və mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəyə qarşı millətçilik və vandalizm aktının şahidi olduq. Bir müddət sonra Ermənistanda indi Ukraynada olduğu kimi Rusiya ilə ortaq tariximizə aid abidələri sökməyə başlasalar, təəccüblənmərəm. Çünki Ermənistan hakimiyyətinin indi etdikləri hər şeyi Qərbin sifarişi ilə edirlər.
Tezliklə Ermənistanda Amerika kəşfiyyatının nümayəndələri rus hərbçilərindən qat-qat çox olacaq. Məlumat var ki, bu gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bütün mərtəbəsi Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən zəbt olunub. Bu da təəccüblü olmamalıdır. Hər şey hələ Serj Sarkisyanın hakimiyyəti illərində ABŞ-ın xaricdəki ən böyük səfirliklərindən birinin İrəvanda formalaşdırılması, ikili təyinatlı onlarla Amerika bioloji laboratoriyalarınin ölkədə yaradılması başladı. Və bu gün gördüklərimizlə bitir. Rusiya kəskin tədbirlər görməlidir və vəziyyəti dayandırmalıdır.
- Belə görünmürmü ki, bu gün Qərb İrəvana daha çox təzyiq göstərir ki, Rusiyadan ayrılmaq qərarına gəlsin?
- Ermənistandakı mövcud hakimiyyət elə başdan qərbyönlü idi. Qərb isə Cənubi Qafqazda sabitliyin pozulmasına zəmin yaratmaq üçün bu gün həqiqətən də İrəvana daha çox təzyiq göstərir.
Bu gün dünya düzənində yenidən strukturlaşma gedir, onun daxilində Qərb öz mövqeyini itirir. Onun üçün ən azı haradasa Rusiyaya, onun maraqlarına və müttəfiqlərinin, xüsusən də Azərbaycana zərər vurması həyati əhəmiyyət kəsb edir. Ona görə də Nikol Paşinyandan Bakıya təkliflər eşidirik ki, deyirlər ki, sülh müqaviləsindən əvvəl təcavüz etməmək paktı imzalayaq. Bu cür “pakt” təklifləri Ermənistanın vaxtdan istifadə etmək və Azərbaycanla yeni hərbi qarşıdurmaya hazırlaşmaq məqsədi daşıyan aldatmalardır. Sonradan düşmən qüvvələrinin Ermənistan ərazisinə daxil olması ilə İrəvanın təhlükəsizliyinin təminatı kimi.
Amma sonda hər şey elə ola bilər ki, Ermənistan sadəcə olaraq kart kimi “oynadılacaq” və atılacaq.
İndi Ermənistan ətrafında baş verənlər Ukrayna ilə planın sxeminə uyğundur. Bakıya gələn bütün bu erməni təklifləri də, Minsk razılaşmalarında olduğu kimi, son nəticədə güzgüyə çevrilə bilər: deyirlər, biz bu mövzunu bağlamışıq, həyata keçirmək fikrində deyildik, sadəcə, bir müddət dayanmaq üçün bağlamışıq. Bu vəziyyətdə nə Azərbaycanı, nə də Rusiyanı aldatmaq lazım deyil.
Əgər Qərb Ermənistana ciddi dəstək vermək qərarına gəlsə, İrəvan dərhal Rusiyadan əl çəkəcək və onu satacaq. İrəvanda gözləyirlər, izləyirlər, kiminlə münasibətin daha “dadlı” olacağını axtarırlar.
İndi Ermənistan təhlükəsizlik qarantını dəyişmək qərarına gəlib. Ermənistan üçün bu, ölkənin mümkün dövlətçiliyini itirməsinə səbəb olacaq fəlakətli səhv olacaq.
KTMT-dən inciyən İrəvan onun üçün hər şeyin mümkün olduğunu düşünürdü, amma məlum oldu ki, hər şey mümkün deyil. Və yeni zaminlər tapmaq qərarına gəlib. Ancaq yeni zaminlər çox uzaqdadır. Təsəvvür edə bilmirəm ki, İrəvan öz ərazisində NATO bazasını yerləşdirməyə razılaşarsa, bu nə ilə nəticələnəcək. Nəinki Azərbaycan və Rusiya, regionda heç kim Qərb bazasına dözməz.
Bu gün Ermənistanda artıq onlarla Qərb müşaviri var, biz ABŞ, Aİ, digər Qərb ölkələrinin nümayəndələrinin, NATO nümayəndələrinin respublikaya mütəmadi səfərlərinin şahidi olmuşuq və əməkdaşlığın dərinləşdirilməsinə dair sazişlər elan olunur. Aİ kəşfiyyatçılarının Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyası. Növbəti addım Ermənistanda müəyyən “sülhməramlı” NATO bölməsinin peyda olmasıdır.
- Daha bir məsələ. Əgər İrəvan həqiqətən də Bakı ilə sülh istəmirsə, bütün bu Konstitusiyanın “yenidən yazılması”, Azərbaycanla sülhə doğru irəliləmək naminə gerbin dəyişdirilməsi və bu dövlət sənədlərində Azərbaycana ərazi iddialarının simvollarının aradan qaldırılması nəyə lazımdır?
- Ermənistandakı bütün bu hay-küy, prinsipcə, proqnozlaşdırmaq çətindir. Etiraf edirəm ki, İrəvanın gələcəkdə Konstitusiyaya dəyişikliklərinin məqsədi qanunvericiliyi Aİ standartlarına “uyğunlaşdırmaq”dır. Beləliklə, onlara “kökə” vəd olunsun ki, sizin Avropa İttifaqına üzv olmağa namizəd olacaqsınız. Necə ki, Gürcüstana, Ukraynaya və s.
Ermənistan bu gün regionda qeyri-sabitlik nöqtəsidir. Və bu qeyri-sabitliyi təhrik etmək cəhdləri yeni eskalasiyaya səbəb ola bilər.
- Dünən Prezident İlham Əliyev bildirdi ki, AŞPA Azərbaycan nümayəndə heyətinin statusuna yenidən baxmasa, Azərbaycan prinsipcə Avropa Şurasından çıxa bilər...
- Biz görürük ki, Azərbaycan Ermənistandan fərqli olaraq Qərbin təzyiqlərinə çox möhkəm müqavimət göstərir. Hər bir ölkə, ilk növbədə, öz milli maraqlarını həyata keçirməyə can atır və Azərbaycan da məhz belə bir ölkə, ən güclü regional gücdür, məhz bu cür yanaşmalara riayət edir. Qərb isə bunu bəyənmir. Onların xoşuna gəlmir ki, Azərbaycanın Rusiya ilə yaxşı münasibətləri həm də liderlər arasında əla şəxsi münasibətlərə əsaslanır. Azərbaycan kimin dost, kimin düşmən olduğunu çox gözəl anlayır. Bu gün Azərbaycan həqiqətən də suveren dövlətlər klubuna daxil olub.
Tərcümə - Elçin Bayramlı