Hər kəsə məlumdur ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Və bu qüvvə elə bir qüvvədir ki, hər zaman axtarışdadır və yeniliyi sevir. Sağlam gənclik sağlam gələcək deməkdir. Sağlam gələcəyin qurulmasında isə təhsilin rolu çox böyükdür. Azərbaycanda təhsilin yüksəlişinin ilkin mərhələsi Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə- yəni 1969-1982-ci illərə təsadüf edir. Hələ ölkəmizə rəhbərliyinin birinci dövründə Heydər Əliyevin təhsilimizə böyük qayğısının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib. Ulu öndər gənclərin hərtərəfli inkişafına böyük önəm verirdi. O hər zaman hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi.
Ulu öndər SSRİ dövründə- 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidi başa çatdırmaq və ümumtəhsil məktəblərini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarlar qəbul etdi. Bu qərarların reallaşması nəticəsində respublikamızda orta ümumtəhsil məktəbləri şəbəkəsi 765-dən 2117-yə çatdırıldı. Hetta ucqar bölgələrimizdə də orta ümumtəhsil məktəbləri açıldı. Bu dövrdə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda 5 yeni ali təhsil müəssisəsi açıldı və ali təhsil alanların sayı 70 mindən 100 minə çatdırıldı. Ulu öndər respublikanın zəruri mütəxəssis ehtiyacını və gələcəyi nəzərə alaraq yüzlərlə gəncin Sovet İttifaqının ən nüfuzlu ali təhsil müəssisələrində oxumasına nail olmuşdur. 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrinə təhsil almağa göndərilib. Hələ o zamandan gənclərimiz xaricdə təhsil alaraq, dünya təhsil sisteminin sirrlərinə yiyələnməyə başlamışdır.
Ulu öndər müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, elm və təhsil problemlərinə kompleks yanaşmışdır. “Təhsil millətin gələcəyidir” deyən Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra 1993-2003-cü illər ərzində bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərib. Bu illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Bu da danılmaz faktdır ki, ulu öndərin təhsil siyasəti konsepsiyasına əsasən ali məktəblərimizin əksəriyyətində təhsil alan gənclərin elmi-tədqiqat işlərinə cəlb olunması üçün demək olar ki, lazımi şərait yaradılmışdır.
1998-ci il 30 mart tarixli sərəncamı ilə ölkəmizdə təhsil sahəsində beynəxalq islahatlara uygun islahat keçirilməsini müəyyənləşdirən proqramın hazırlanması məqsədi ilə Dövlət Komissiyası yaradıldı. Bundan əlavə, Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli fərmanı müstəqil Azərbaycanda ali təhsilin inkişafı və təşkilində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Preziden İlham Əliyev cənabları da elm, təhsil sahəsinə hər zaman diqqət və qayğı göstərib. Bu gün təhsil sahəsinə ayrılan maliyyə vəsaiti hərbi sahədən sonra ikinci yerdədir. Bunun da nəticəsidir ki respublikamızda elm və təhsil sürətlə inkişaf etməkdədir. Ölkəmizin təhsil sistemi MDB məkanında ən irəlidə gedən təhsil sistemidir. Ümummilli lider tərəfindən bünövrəsi qoyulan gənclərin xaricdə təhsil almağı məsələsi bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda onlarla gəncimiz Avropanın bir çox nüfuzlu universitetlərində təhsil alırlar. Gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam imzalanıb. Bu, insan kapitalının inkişafına yönəlmiş həmin proqram çərçivəsində ümumilikdə gənclərimiz Dövlət Neft fondu hesabına maliyyələşdirilərək dünyanın 32 ölkəsinin 379 aparıcı universitetində təhsil almaq hüququ qazanmışdır. İndiyə qədər 3183 tələbə xaricə təhsil almağa göndərilib. Orada müxtəlif bilik və bacarıqlara yiyələnən, elmi nailiyyətlər əldə edən gənclərimiz öyrəndikləri təcrübəni ölkəmizə qayıdaraq tətbiq edir və yeni nəslə ötürür.
Prezident İlham Əliyevin “2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli strategiya” və “Təhsilin inkişafı üzrə Dövlət strategiyası” ölkədə elm və təhsilin inkişafı baxımından əhəmiyyətli proqramlardır.
Azərbaycan Gənclər Fondu xaricdə təhsil almaq istəyən tələbələr üçün təqaüd proqramları elan edir. Fondun bu sahədə əsas missiyası ali təhsilin magistratura və daha yüksək pillələrində təhsil alan tələbələrinin təhsil haqqı, yaşayış, səyahət və digər xərclərini qarşılamaqdır. Proqram həm xaricdə təhsilinə başlasa da, hələ 50%-dən daha azını tamamlamış tələbələr, həm də hələ təhsilinə başlamamış namizədlər üçün nəzərdə tutulmuşdu. Xüsusilə də, xaricdə təhsil proqramında Gənclər Fondu tərəfindən əsas diqqətin ABŞ, Birləşmiş Krallıq, Almaniya, Finlandiya və s. kimi ölkələrin top universitetlərinə verilməsi təqdirəlayiq haldır.
Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2022-ci il tarixli 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq olunub. Bu Proqramının məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla onların müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik, bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir. Proqramın icrası müddətində hər il 400 nəfər olmaqla ümumilikdə 2 000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə bakalavriat və magistratura səviyyələri üzrə təhsil alması nəzərdə tutulub. 2023–2024-cü tədris ilində Dövlət Proqramı çərçivəsində 17 ölkənin nüfuzlu ali təhsil müəssisələri üzrə 64 nəfər bakalavriat, 317 nəfər magistratura səviyyəsində olmaqla ümumilikdə 381 nəfər xaricdə təhsil hüququ qazanıb.
Ümumilikdə isə qeyd olunan islahatların əsas məqsədi ölkədə şəffaf, səmərəli elm və təhsil mühitinin yaradılmasından, onların keyfiyyətinin yüksəldilməsindən, ölkəyə layiqli savadlı, təhsilli gənclərin yetişdirilməsindən ibarətdir. Ümid edirik ki, uğurlu islahatların nəticəsində ölkəmiz elm və təhsil sahəsində dünyanın iqtisadi cəhətdən dayanıqlı və qabaqcıl ölkələrindən olacaq.
Lalə Səlimzadə
YAP Yasamal rayon təşkilatının fəalı