Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə gənc nəsillə bağlayır. Çünki ölkənin gələcəyi, müqəddəratı gənclərdən asılıdır. Vətənpərvər gənclər yetişdirmək möhkəm özüllər üzərində qurulmuş dövlətçiliyin əsas şərtlərindəndir. Gələcəkdə ölkənin qurucuları, sahibləri olacaq şəxslər məhs millətini, xalqını qanı, canı bahasına qorumuş, vətən torpaqlarına sonsuz sevgi bəsləyən, təhsilli və bacarıqlı gənclər olmalıdır. Doğma vətənə məhəbbətəsasən gənclik illərində formalaşır. Bir ölkənin və onun millətinin gələcəyinin necə olması bugünkü gəncliyin vətəni qarşısında məsuliyyət hissini nə dərəcədə dərk etməsindən və vətənini nə dərəcədə sevməsindən asılıdır. Belə gəncləri yetişdirmək cəmiyyət olaraq hər birimizin borcudur.
Müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyev gənclərlə bağlı siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi:“Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır”
1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılmış, Ümummilli liderin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. Ulu öndər Heydər Əliyev 1997-ci ildə imzaladığı sərəncamla forumun keçirildiyi tarixi – 2 fevral tarixini Azərbaycan Gənclər Günü elan etmişdir. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. Dünyada yalnız 1998-ci il Avqustun 8-dən 12-dən Lissabonda keçirilən konfransda BMT-nin qərarı ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.
Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə sübut etmiş ölkə başçısı cənab İlham Əliyev 2003-cü ildən sonrakı dövrdə gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi.Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait böyük diqqət və qayğının nəticəsidir. Gənc nəslə diqqətin göstərilməsi daim dövlət siyasətinin prioritetidir. “indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Prezident İlham Əliyev Vətən müharibəsində gənclərin mühüm rolunu xüsusi vurğulayaraq deyib: “Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”.
Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı sərəncamı gənclərin ölkə həyatındakı fəallığını daha da artırmışdır. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində qazanılan bu Şanlı Zəfər Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, xalqımızı otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdurdu.
Ulu Öndər tərəfindən təməli qoyulmuş bu günün təsis edilməsinin 27 illiyini qalib ölkənin məğrur və qürurlu gəncləri böyük ruh yüksəkliyi ilə qeyd edirlər.Azərbaycan gəncliyi ona göstərilən diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətini də dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə töhfəsini verməyə çalışır. Sosial həyatın bütün sferalarında gənclər əksəriyyət təşkil edir. Bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
Müasir günümüzdə gənclərin könüllülük fəaliyyəti daha çox aktuallıq kəsb edir. 2012-ci il Avroviziya Mahnı Müsabiqəsi, 2015-ci il I Avropa Oyunları, Formula-1 Bakı Qran-prisi və 2017-ci il IV İslam Həmrəyliyi Oyunları nəticəsində könüllülük daha böyük vüsət alıb. Azərbaycanda təşkil edilən bir sıra mühüm tədbirlər, festivallar, simpoziumlar, habelə idman və musiqi yarışları ölkə gəncinin vətənə sevgi və bağlılığını ortaya qoyub. Belə ki, gənc nəslin nümayəndələri ölkəmizin adının ucalacağı və xalqımız haqqında müsbət rəyin yaradılacağı həmin kütləvi tədbirlərdə özlərini ən yaxşı tərəfdən göstərərək Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək verdiklərini nümayiş etdirdilər.
Ümumiyyətlə isə 2005-2009 və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilməsi, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması,bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün 2013-cü ildə ölkədə ilk dəfə“Gənclər üçün Prezident Mükafatı”nın təsis olunması, Azərbaycan gənclərinin İnkişaf Strategiyasının təsdiqlənməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırmaqdadır. Son illər Bakıda və regionlarda istifadəyə verilən “Gənclər evləri” də gənclərin maraq dairəsinin genişləndirilməsi, asudə vaxtın mənalı və səmərəli təşkilində həlledici faktor kimi çıxış edir.
İnamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”, - sözləri dövlətimizin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz təzahürüdür.
Günay Məmmədli
YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri