PDF Oxu

Siyasət

  • 3 258

Keyfiyyətcə yeni mərhələsini yaşayan Azərbaycanda gənclər siyasəti - ŞƏRH

Keyfiyyətcə yeni mərhələsini yaşayan Azərbaycanda gənclər siyasəti - ŞƏRH

Azərbaycanda 2 fevral tarixinin Gənclər Günü elan olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 2-ci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu.

28 il öncə, 1996-cı ilin 2 fevralında ümummilli lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycan gənclərinin I forumu keçirildi. Həmin forumun ildönümü münasibətilə 1997-ci il fevralın 1-də gənclərin bir qrupunu qəbul edən Prezident Heydər Əliyev 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd edilməsi haqqında sərəncam imzaladı. O vaxtdan etibarən 2 fevral Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd edilir. Qeyd edək ki, MDB məkanında və Şərqi Avropa ölkələri arasında Gənclər Günü ilk dəfə Azərbaycanda təsis olunub.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Ötən illər ərzində gənclərə dəstək məqsədilə dövətimizin başçısı tərəfindən bir neçə dövlət proqramı təsdiq edilib. Bu Dövlət proqramları çərçivəsində gənclərin bilik, bacarıq və qabiliyyətlərinin ortaya çıxarılması, istedadlı gənclərin dəstəklənməsi və s. diqqətdə saxlanılıb, bu istiqamətdə maraqlı layihələr həyata keçirilib. Dövlət başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə (2011), “Gənclər üçün Prezident mükafatı”nın təsis edilməsi haqqında (2013) sərəncamları gəncliyə dövlət qayğısının bariz nümunəsidir.

Hər ilin 2 fevral tarixi soyuq qış gününə bir təravət, hərarət qatır. Gənclər Günündə dövlətimizin diqqət və qayğısı, dəstəyi ilə hər bir sahədə uğur qazanan gənclərə mükafatlar təqdim edilir, onların fəaliyyətinə stimul verilir. Azərbaycan əhalisinin təqribən 30 faizini təşkil edən gənclərə qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir.Bu illər ərzində Mədəniyyət Nazirliyi Gənclər Günü ilə əlaqədar bir çox yaddaqalan layihələr həyata keçirib. Hər il Gənclər Günündə müxtəlif sahələrdə fəallıq göstərən gənclər mükafatlandırılır, çeşidli layihələr reallaşdırılır. 2021-ci il koronavirus pandemiyası səbəbindən əlamətdar günlə bağlı tədbirlər əsasən onlayn formatda gerçəkləşib. Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində Gənclər Gününə həsr olunan “Axın” adlı virtual rəsm sərgisi, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanan “2 fevral – Azərbaycan Gəncləri Günü” adlı virtual sərgi təqdim olunub. Heydər Əliyev Sarayının təşəbbüsü ilə Gənclər Gününə həsr olunan “Qəhrəman gənc” layihəsinin təqdimatı keçirilib.Gənclərin fəaliyyətinin dövlət tərəfindən qiymətləndirilməsi və dəstəklənməsi onların yaradıcılıq vüsətini gücləndirir, yeni nailiyyətlər üçün ruhlandırır.

Qətiyyətlə deyə bilərik ki, bu gün Azərbaycan gəncləri Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyir. Bu parlaq həqiqəti biz 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Qəlbi Vətən eşqi ilə döyünən qəhrəman gənclərimiz böyük şücaət göstərərək ərazi bütövlüyümüzü bərpa etdilər. 30 illik yurd nisgilimiz sona çatdı...

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər