Hər kəsə məlumdur ki, 2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasi qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı.Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır.
Hər bir ölkənin gələcəyi onun gəncliyindən asılıdır. Mən də bu fikirlə tam razıyam. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər cəmiyyətdə proqres varsa deməli o cəmiyyətdə gənclər də proqressiv, intellektual, mənəvi və fiziki anlamda sağlam olacaqlar. Gənclik gələcəyin özü, böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir. Hər bir gənc bütün bunların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyəti üçün önəmli şəxsiyyət olmağa çalışmalıdır.Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcudluğu üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı gənclərdir.
Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində gənclərə daim qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu öndər Heydər Əliyev çıxışlarının birində bu barədə demişdir ki, gənclərimiz milli ruhda, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, onu sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik.
Azərbaycan gəncliyi dünyanı heyrətə gətirməyi bacaran gənclikdir. Onun sədası sərhədlər aşır, ölkələr dolaşır. Əfsanəvi Mübariz İbrahimov bir anda nəinki öz adını, həm də Azərbaycanın adını tarixə yazdı. Birinci Avropa oyunlarında Vətənimin himni dəfələrlə səsləndirildi, bayrağı qaldırıldı, səmada dalğalandı. Bütün bunların müəllifi Azərbaycan gəncliyidir.
Tarixdən də şahidi olmuşuq ki, istər müstəqillik əldə etmək istəyəndə, istər torpaqlarımızın müdafiəsində, istərsə də ölkəmizin ölkələr arasında idman, təhsil, musiqi sahələrində tanınmasında gənclərimizin rolu əvəzsiz və danılmazdır. Bu gün Azərbaycan gəncliyi hər bir sahədə öz sözünü deməyi bacarır. Buna biz hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda şahid olduq. O zaman gənclərimiz Şərqdə ilk dəfə demokratik respublikanın yaranmasına nail oldular. Mübariz gənclərimiz öz adlarını Azərbaycan tarixinə sala bildilər. Sonralar biz bunu 71 il Sovet hakimiyyətinin əsarəti altında qalan, lakin əzilməyən xalqımızın yenidən müstəqil Azərbaycan yaratmaq istəyində də gördük. Vətən müharibəsində qorxmadan, çəkinmədən düşmənin tankı altında, gülləsi qabağında öz canından keçən məgər Azərbaycan gəncliyi deyildimi? Azərbaycan gəncliyi bir daha şanlı tarixə öz adını həkk etdirdi. Azərbaycan torpaqlarının işğaldan azad olunması və suverenliyinin əldə edilməsində gənclik öz qanları ilə nail oldu.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri