PDF Oxu

Siyasət

  • 3 484

Azərbaycan gəncləri zəfərlərin aparıcı qüvvəsidir TƏHLİL

Azərbaycan gəncləri zəfərlərin aparıcı qüvvəsidir TƏHLİL

Azərbaycan gəncliyi Zəfər qazanmış əsgərdir. Azərbaycan gəncləri torpaqlarını azad edən fədailərdir. Azərbaycan gəncləri vətəninə, torpağına sahib çıxan qəhrəmanlardır.

Gənclik insan ömrünün ən yaradıcı, ən rəngarəng dövrüdür. Təhsil, elm, mədəniyyət, idman və s. sahələrin ən ümdə məqsədi vətənpərvər, perspektivli, yaradıcı gənclər yetişdirməkdir. Bu gün Azərbaycan Respublikasının bütün sahələrində, həmçinin dövlət idarəçiliyində gənc kadrlara üstünlük verilir. Bunun nəticəsidir ki, yeni ideyalar, yeni baxışlar respublikanın ictimai-iqtisadi həyatına təsirini göstərməkdədir. Azərbaycan dövləti bir çox sahələrdə ilklərə imza atdığı kimi gənclərin inkişafına, uğurlarına, problemlərinə diqqət cəlb etmək məqsədilə Gənclər Gününün təsis edilməsi ilə bu sahədə də Avropa və MDB ölkələrini qabaqlamışdır. Azərbaycanda Gənclər Günü 1997-ci il fevralın 2-də təsis edildiyi halda, BMT Baş Məclisi 1999-cu ildə Beynəlxalq Gənclər Günü (12 avqust) elan edilib.

Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.

Gənclərin formalaşması və inkişafı təhsildən bəhrələnir. Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.

Respublikada 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları sübut edir ki, aparıcı qüvvəsi gənclər olan idman sahəsində də Azərbaycan dünyanın qabaqcıl ölkələrindəndir. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi yeni uğurlara stimul verir.

Ölkədə gənclərin dövlət başçısının ətrafında birləşməsi, cənab İlham Əliyevin bütün çağırışlarına səfərbər olması sağlam ictimai-siyasi mühiti formalaşdırıb. “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”-deyən Ali Baş Komandan İlham Əliyev gənclərin mütəşəkkil qüvvəsi ilə tarixi Azərbaycan torpaqlarını düşman tapdağından azad etdi.

Leyla Hüseynova

YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər