Prezident İlham Əliyev: "Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur"
Demokratik, dünyəvi dövlət quruculuğunda inamla addımlayan Azərbaycan dünyaya inteqrasiya yolunda da mühüm nailiyyətlər əldə edib. Dünyanın bir çox nüfuzlu təşkilatlarına üzv olan Azərbaycanla mövcud əlaqələr gündən-günə inkişaf edir. Azərbaycan regional və qlobal layihələrin reallaşmasında fəal iştirak edir. Təkcə neft deyil, TAP və TANAP kimi qaz xətlərinin işə düşməsi ilə Avropanın enerji təhlükəsizliyi xəritəsi tamamilə dəyişmiş oldu.Azərbaycanın Parlamentlərarası İttifaqla əlaqələri də dinamik şəkildə inkişafdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqunu qəbul etməsi əlaqələrin müasir dövrdə davamlığına əsaslanır. Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.
Dövlət başçımız Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasının Azərbaycan xalqı və dövləti üçün tarixi məqam olduğunu qeyd edərək bunun regionda sülhün və sabitliyin gücləndirilməsi üçün imkanlar yaratdığını vurğulayıb. İkinci Qarabağ müharibəsinin nəticəsi Qafqazın yeni geosiyasi vəziyyətinin formalaşmasında mühüm mərhələ oldu. Regionda yeni reallıqlar yaranıb.
Dövlətimizin başçısı Minsk qrupunun 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədiyin vurğulayaraq, Azərbaycan torpaqlarının işğaldan azad olunmadığını diqqətə çatdırıb. Məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Azərbaycan tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə Minsk qrupunun üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmadı.
BEYNƏLXALQ HÜQUQUN FUNDAMENTAL PRİNSİPLƏRİ
Döyüş əməliyyatlarının həyata keçirildiyi zaman kəsiyində dövlət başçısının informasiya savaşının ön cərgəsində dayanaraq, Azərbaycanın haqlı mövqeyini tutarlı faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı və Ermənistanın və onun havadarlarının, erməni diasporunun uzun illərdən bəri ölkəmizə qarşı apardığı total təbliğatı diplomatik və siyasi məharətlə alt-üst etmiş oldu. Həm Vətən müharibəsi, həm də ondan sonrakı dövrdə Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunun böyük müsbət nəticələri özünü göstərdi. Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir. Azərbaycanın 44 günlük müharibədə qələbəsinin legitimliyinin dünyanın bütün geosiyasi qütbləri tərəfindən qəbul edilməsi, işğaldan azad etdiyimiz ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpasının beynəlxalq birlik tərəfindən tanınması, haqq işimizə əvvəlkindən daha çox dəstək verilməsi, Prezident İlham Əliyevin həm müharibə, həm də postmüharibə dövründə həyata keçirdiyi siyasətin nəticəsidir.Prezident İlham Əliyev diqqətə çatdırıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. Bu 5 əsas prinsip beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür: Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması. Əlbəttə ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.
"İKİ ÖLKƏNİN SƏRHƏDİNDƏ BİR NEÇƏ AYDIR SÜLH ŞƏRAİTİ HÖKM SÜRÜR"
Dövlətimizin başçısı 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklərini yerinə yetirmədiyini, son 3 il ərzində Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməkdə davam etdiyini bildirib. Azərbaycan Prezidenti ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma "Dağlıq Qarabağ respublikası"nın "müstəqilliyi" münasibətilə göndərdiyi təbrikin, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası "prezident seçkiləri"nin sülh prosesinə ciddi zərbə vurduğunu, Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün antiterror tədbirləri keçirməli olduğunu vurğulayıb.Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.
Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Azərbaycan Prezident ionu da bildiribki, həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Bununla yanaşı, dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Azərbaycan Prezidenti qeyd edib ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlətimizin başçısı bildirib ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.Qonaq Beynəlxalq Parlamentlər İttifaqının Ermənistanın və Azərbaycanın parlament nümayəndələri arasında dialoq üçün platforma ola biləcəyi təklifi ilə çıxış edib. Dövlətimizin başçısı bu təşəbbüsü yüksək qiymətləndirərək, iki ölkənin parlamentləri arasında məhz bu platformada dialoqun aparılmasının Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.
RƏSMİ PARİS ANTİ-AZƏRBAYCAN SİYASƏTİ YÜRÜDÜR
Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini, Ermənistanın militarizasiya siyasəti apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırıb. Dövlətimizin başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirib ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.Martin Çunqonq Parlamentlərarası İttifaqın parlamentarilər arasında dialoqa, inklüzivliyə çağırdığını, eksklüzivliyin tərəfdarı olmadığını, bu kimi yanaşmaların düzgün qəbul edilmədiyini, beynəlxalq parlamentarizm ənənələri ilə uyğun gəlmədiyini diqqətə çatdırıb.
COP29 AZƏRBAYCANDA YENİ İRİMİQYASLI LAYİHƏLƏRİN HƏYATA KEÇİRİLMƏSİNƏ TÖHFƏ VERƏCƏK
Qonaq COP29-la bağlı dövlətimizin başçısını təbrik edərək, COP29 keçiriləcəyi zaman Parlamentlərarası İttifaq çərçivəsində parlament nümayəndə heyətlərini bir araya gətirən, ətraf mühit və iqlim dəyişikliyi istiqamətlərində beynəlxalq səyləri dəstəkləyən bir tədbirin təşkil olunma təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüsü dəstəkləyən dövlətimizin başçısı qonağı Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a dəvət edib. Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, yəni COP29-un Azərbaycanda keçirilməsi ölkənin həm siyasi, həm də iqtisadi həyatında önəmli bir hadisə olacaq. Çünki ölkəmizdə təmiz ətraf mühitin formalaşması istiqamətində mühüm işlər görülür. COP29 Azərbaycanda yeni irimiqyaslı layihələrin həyata keçirilməsinə də töhfə verəcək. COP29-un ölkəmizin yaşıl enerji siyasətinə verdiyi töhfələr çox önəmli olacaq. Beləki, ölkəmizin potensialının və iqtisadi imkanlarının daha yaxından təqdim edilməsinə şərait yaradacaq ki, bu da çox vacib amillərdəndir. COP29-un Azərbaycanda keçirilməsi ölkənin davamlı inkişafına və beynəlxalq əməkdaşlığa sadiqliyini, həmçinin beynəlxalq arenada ölkəmizin nüfuzunun daha da güclənməsinə müsbət təsir edəcəkdir.
QOŞULMAMA HƏRƏKATINA AZƏRBAYCANIN SƏDRLİK ETMƏSİ ÖLKƏMİZİN DÜNYA BİRLİYİNDƏ QAZANDIĞI BÖYÜK NÜFUZDUR
Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə də təbriklərini çatdırıb, ölkəmizin Hərəkatın parlament ölçüsünün yaradılması təşəbbüsünü təqdir edib. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində bu təsisatın beynəlxalq nüfuzunun artırılması, yeni əməkdaşlıq sahələrinin yaradılması, bu xüsusda parlament, gənclər ölçülərinin və qadın platformasının təsis olunması istiqamətində təşəbbüslərlə çıxış etdiyini vurğulayıb.
Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra belə nəhəng bir təşkilata sədrlik etməsi Azərbaycanın müstəqillik tarixində mühüm siyasi hadisələrdən biridir. Həmçinin 2019-2022-ci illərdə təşkilata sədrlik etmək kimi statusa malik olması da Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından ölkəmizə mühüm dividendlər gətirir. Azərbaycan Qoşulmama Hərəkatına qlobal anlamda çox çətin bir dönəmdə sədrliyi öz üzərinə götürməsinə baxmayaraq, çox effektiv və konstruktiv sədrlik nümayiş etdirdi. Qoşulmama Hərəkatının Azərbaycana dəstəyinin əhəmiyyəti kifayət qədər böyükdür. 2020-ci il Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində törədilən hərbi təxribatla əlaqədar və Vətən müharibəsi zamanı Qoşulmama Hərəkatında qəbul edilən sənədlərdə Azərbaycanın haqlı mövqeyi müdafiə olundu. Vətən müharibəsi zamanı - 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olundu. Bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə edib. Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının üzvü olan ölkələr təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe sərgiləyiblər. Onların bu israrlı mövqeyi nəticəsində Təhlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürməyə məcbur oldular. Qoşulmama Hərəkatı ölkələri beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyi özünü büruzə verib. BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatına - Qoşulmama Hərəkatına Azərbaycan Respublikasının sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzundan xəbər.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir. Bu nüfuzun qazanılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Bu gün Azərbaycan apardığı siyasət nəticəsində regionda liderliyini qoruyub saxlayır. Eyni zamanda, ölkəmiz Cənubi Qafqazın iqtisadi baxımdan da lider dövlətidir.Azərbaycanın bugünkü reallıqlarına nəzər salaraq görmək olar ki, ölkə sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilib. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan regional sabitlik və inkişaf amilinə çevrilib.
Nəzakət ƏLƏDDİNQIZI