Bu gün xalqımız növbəti tarixi hadisənin astanasındadır. Belə ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il 7 fevral tarixində müstəqillik əldə etdiyimizdən bəri ilk dəfə olaraq müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək.44 günlük Vətən müharibəsinin və 23 saatlıq antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq müstəqil Azərbaycan bütün hədəflərinə nail olub. İşğala son qoyulması, suverenliyimizin təmin olunması Azərbaycan xalqının 30 il qəlbində yaşatdığı müqəddəs istək idi ki, buna da biz Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderliyi ilə nail olmuşuq. Bu uğurlar Azərbaycan cəmiyyəti üçün son dərəcə vacib olan birləşdirici amillərdir. Ümumiyyətlə, xalqımız üçün ümummilli ideyalar hər şeydən ucada dayanır. Bu baxımdan dövlətimiz adına mühüm hadisəni Zəfər seçkisi də adlandırmaq olar. Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və digər azad edilmiş rayon və kəndlərimizdə yaradılmış seçki məntəqələrində 20 minədək əhalimiz ilk dəfə olaraq səs verəcək. Bu dəfə də Azərbaycan xalqı öz mövqeyini ortaya qoyacaq: “Birmənalı olaraq indidən qeyd etmək istərdim ki, xalqımız Qarabağı Azərbaycana qovuşduran, dədə-baba torpaqlarımızın həsrətinə son qoyan Müzəffər Ali Baş Komandan, Qalib sərkərdə İlham Əliyevə tam dəstək göstərərək xalqın layiqli liderinə səs verəcəkdir. Bu seçkilər həm də xalqın öz rəhbərinə olan sevgisini bildirmək üçün gözəl bir fürsətdir. Bəzi destruktiv, məhdud potensiala malik, qərəzli mövqe tutan, partiya üzvlərinin sayı 5000-ni keçməyən, köpük effekti yaradaraq özünü dırnaqarası lider hesab edənlər növbəti dəfə iflasa uğrayacaq.
«Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam».
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin Çinin CGTN televiziya kanalına müsahibəsindən bildirib. Bəli, bu gün dövlət başçımızın qürurla dediyi sözləri qətiyyətlə gerçəkləşdirir. Artıq bu gün 33 ildən sonra dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır, tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı artıq bərpa olunub. Bütün bu uğurlar Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir. Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları da prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Və bu gün görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur.
Prezident İlham Əliyev qələbə zəfərindən sonra bütün çıxışlarında bildirir ki, bizim əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır və buna da nail olacağıq. «Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq!»,-deyən Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır: "Məcburi köçkünlərin problemlərinin həlli Prezident kimi mənim ən başlıca vəzifələrimdən biridir. Digər tərəfdən, özəl sektor artıq sosial məsuliyyət göstərərək belə gözəl imkanlar yaradır».
Göründüyü kimi, bir qərinəyə yaxın dövrdə düşmən tapdağı altında əsir həyatı yaşayan Qarabağ və Şərqi Zəngəzurun qaranlığa qərq edilmiş hər guşəsi indi nura boyanır. Yenidən qurulub abadlaşan, dünyanın ən ecazkar məkanlarından birinə çevrilən bu yurd yerlərimizdə reallaşan möhtəşəm layihələr düşmənin bağrını yarır və Şuşanın, Kəlbəcərin, Ağdamın, Xocavəndin, Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Suqovuşanın timsalında zəfərimiz parlayır. Çünki bu gün Qarabağ və Şərqi Zəngəzur azaddır, Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, qürurla öz doğma torpaqlarımızı qururuq, yaradırıq. Qalib Lider, Prezident İlham Əliyev çıxışlarında, müraciətlərində də daima bildirir ki, 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciətində demişdi ki, ona etimad göstərilərsə, Heydər Əliyev siyasətinə sadiq qalacaq. Və Azərbaycan xalqı İlham Əliyeva səs verərək Ulu Öndərə olan məhəbbətlərini və inamlarını göstərdi. Bir sözlə, artıq Prezident İlham Əliev cənablarının ilk prezident seçilməsindən ötən 20 il ərzində Azərbaycan sürətli inkişaf və tərəqqi yolunda uğurlu inkişaf yolunda davam etməkdədir. Hədəf isə daha güclü Azərbaycandır! Bu hədəfə isə məhz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin liderliyi ilə çatmaq mümkündür. Xalqımız fevralın 7-də seçkilər vasitəsilə xoşbəxt gələcəyini, dövlətinin etibarlı idarəçisini müəyyənləşdirəcək. İndiyədək ölkəmizdə keçirilən əvvəlki prezident seçkiləri Azərbaycandakı demokratiyanın aynası rolunu oynayıb. Çünki ölkəmizin seçki təcrübəsi də çox unikaldır. Azərbaycanda seçkilərin demokratik keçirilməsi ilə bağlı kifayət qədər təcrübə və zəngin ənənə mövcuddur. Respublikamızda vüsət alan demokratik inkişafın tərkib hissəsi kimi seçki sistemi də ildən-ilə təkmilləşdirilib. Xalq isə bütün seçkilərdə mütəşəkkillik nümayiş etdirərək layiq olan namizədə etimad mandatı verib. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, son illərdə Azərbaycanın beynəlxalq nüfuzunun necə yüksəldiyini yalnız biz deyil, dünyanın ən güclü təşkilatları, reytinq platformaları da təsdiq edirlər. Azərbaycanın həm geosiyasi, həm də geoiqtisadi uğurları ən yüksək səviyyədə etiraf olunmaqdadır. Bunun üçün Avropanın aparıcı lider dövlətlərinin rəhbərlərinin Azərbaycan haqqında səsləndirdiyi fikirlər də yetərlidir. Bütün bunların səbəbi isə Azərbaycanın tam müstəqil siyasət yürütməsidir. Məhz bu amil Azərbaycanı dünyada etibarlı tərəfdaş kimi tanıdıb. Əgər Azərbaycana etibar edilməsəydi, ölkəmiz ən mötəbər təşkilatlarda təmsil olunmaz və ən böyük beynəlxalq toplantıların keçirilməsi üçün Azərbaycana etimad göstərilməzdi. Belə ki, 119 ölkənin yekdil qərarı ilə Azərbaycanın BMT-dən sonra dünyanın ikinci ən böyük təsisatı olan Qoşulmama Hərəkatının (QH) 2019-2022-ci illər üçün sədri seçilməsi və daha sonra yekdil qərar ilə sədrliyinin daha bir il uzadılması; BMT sistemində iki ən böyük tədbirin – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 2024-cü ildə və Dünya Urban Forumunun 2026-cı ildə Bakıda keçirilməsi barədə verilən qərarlar Azərbaycana olan inamın, etibarın göstəricisidir. Ən əsası isə, Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi bəlkə də bir çox dövlətlərin 100 ildə qazana bilmədikləri nailiyyətləri əldə edib. Həmçinin, qlobal miqyaslı təşəbbüsləri ilə Azərbaycan Avropanın enerji xəritəsini dəyişib. Bir vaxtlar öz əhalisinin enerjiyə olan təlabatını idxalla ödəyən ölkəmiz bu gün dünyaya enerji ixrac edir və bu prosesdə ən etibarlı tərəfdaş statusu qazanıb. Azərbaycan hazırda Avrasiyada enerji körpüləri yaradır. 1994-2020-ci illər ərzində Azərbaycan “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və “Cənub qaz dəhlizi” layihələrini reallığa çevirib. Bütün bunlar əlbəttə ki, siyasi və iqtisadi müstəqilliyin yaratdığı reallıqlar fonunda baş verib.
Əlbəttə ki, bütün bunlar hər bir azərbaycanlını qürurlandırır, fərəhləndirir. Bu gün başımız uca, alnımız açıqdır. Ancaq hər kəs də şahiddir ki, Azərbaycanın əldə etdiyi bu uğurları həzm edə bilməyən dövlətlər, müxtəlif qüvvələr var. Vətən müharibəsindən sonra həmin qüvvələrin apardıqları çirkin kampaniyalar, Ermənistanla Azərbaycanın arasında sülh sazişinin imzalanmaması üçün ortaya atılan iddialar göstərir ki, həmin dairələr Cənubi Qafqazda sabitliyin bərqərar olmasını istəmirlər. Lakin nə qədər ara qarışdırsalar da fevralın 7-də keçiriləcək prezident seçkiləri xalq-dövlət birliyinin bariz təcəssümü kimi yalnız Azərbaycanın demokratik tarixinə yox, ümumiyyətlə, dövlətçilik tarixinə öz şanlı möhürünü vuracaq. Xalq geriyə – xaosa, böhrana, fəlakətə deyil, sabaha, davamlı tərəqqiyə, yüksələn rifaha etimad mandatı verəcək. Bu dəfə ən layiqli namizədə ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən bütün Azərbaycan səs verəcək. Çünki Azərbaycan xalqı görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və öz seçimini məhz buna əsaslanaraq edir. Odur ki, xalqımız 2003, 2008, 2013, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində olduğu kimi 2024-sü il fevralın 7-də də Heydər Əliyev siyasətinin layiqli davamçısına, sabitliyə, əmin-amanlığa, tərəqqi və quruculuğa səs verəcək. Çünki cənab İlham Əliyev Azərbaycan xalqının böyük etimad göstərdiyi və rəğbət bəslədiyi alternativsiz liderdir və xalqımız əmindir ki, bu zəfərlərin davamı gələcək, Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşıdakı illərdə də hərtərəfli inkişaf edəcək və inamla öz hədəflərinə çatacaq, yeni-yeni uğur zirvələrini fəth edəcək.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri