2 fevral - Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib. Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.
Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.
Daim Azərbaycan gənclərinin yanında olan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ötən il təşkil olunan respublika toplantısında iştirakı, dövlətimizin başçısının gənclərin fəaliyyətinə yüksək diqqət verməsi, eləcə də Azərbaycan gəncliyinin qarşısında duran əsas hədəf və vəzifələri dəqiq müəyyənləşdirməsi, müxtəlif sahələrdə böyük uğurlar qazanan, fədakarlıq göstərən gəncləri təltif etməsi gənc nəslin bütün nümayəndələrini daha böyük nailiyyətlər əldə etməyə həvəsləndirməklə yanaşı, onlara əsl bayram sevinci yaşatdı. Bu mühüm tədbirdən sonra Azərbaycan Ordusu gənclərinin də ümumrespublika toplantısının keçirildi. Ordu gəncləri həmin toplantıda bildirdilər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin ümumrespublika toplantısında proqram xarakterli nitqi hər bir Vətən əsgərinin də döyüş ruhunu, vətənpərvərlik hissini artırıb. Onlar Prezidentimizə, Vətənimizə, xalqımıza, dövlətimizə sədaqətimizi bəyan etdiklərini qəti şəkildə bəyan etdilər.
Könül İbrahimova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin
Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri