İrəvanın vaxtı tükənir, Bakı isə...
Söz yox ku, Zəngəzur dəhlizi bu gün Azərbaycanın reallaşdırmaq istədiyi ən perspektivli layihələrdən biridir. Azərbaycan tərəfindən təklif olunmuş bu marşrut Azərbaycanın əsas hissəsi ilə eksklavı olan Naxçıvan arasında Ermənistan ərazisindən keçərək nəqliyyat əlaqəsinin yaradılmasına yönəlib. Bu dəhlizin yaradılması fikri 2020-ci ildə - 44 günlük İkinci Qarabağ müharibəsindən sonra imzalanmış Üçtərəfli bəyanat nəticəsində ortaya çıxıb. Xarırladaq ki, bəyanatın müddəalarından birində Ermənistanın Naxçıvanla nəqliyyat əlaqəsinin təhlükəsizliyinin təmin olunmasına sadiqliyindən bəhs olunur ki, bu da hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və məhsulların maneəsiz daşınmasına imkan verə bilər. Fəqət...
Fəqət Ermənistan bilərəkdən bu marşrutun açılmasını müxtəlif və əsassız bəhanələrlə təxirə salır. Azərbaycan isə Ermənistanın davamlı şəkildə nala-mıxa vurmağa davam edəcəyi təqdirdə yüklərin İran ərazisindən göndərilməsi imkanını hər zaman nəzərdə saxladığını gizlətməyib. Rəsmi Bakı Azərbaycanın guya Ermənistanın Zəngəzur dəhlizinin keçəcəyi Sünik vilayətini "tutmaq" niyyətində olduğuna dair mifləri artıq çoxdan çürüdüb. Bununla belə, Azərbaycan ölkənin əsas hissəsi ilə Naxçıvan arasında marşrutla sərnişinlərin daşınmasının təhlükəsizliyinə dair etibarlı təminat tələb edir.
Yeri gəlmişkən, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ermənistana bu yubanmanı gözdən keçirərək marşrutun potensial faydalarını öyrənməyi təklif etmişdi. O, bir zamanlar Ukrayna və Moldovanın bənzər vəziyyətdə qəbul etdiyi qərara analoji həll yolu belə təklif etmişdi. Belə ki, 30 iyun 2011-ci ildə Kişinyovda Odessa-Reni avtomobil yolunun Moldovanın Palanka kəndi yaxınlığındakı hissəsinin, eləcə də ona bitişik torpaqların sərhədlərini müəyyən edən saziş imzalanmışdı.
Bu hissədə şossenin və lazımi bütün infrastrukturun istismarı və texniki qulluğuna görə məsuliyyət Ukraynanın üzərinə düşür. Eyni zamanda, Moldova şossenin bu hissəsindən pulsuz istifadə üstünlüyünü özündə saxlayır. Bundan başqa, dövlət sərhədlərini keçərkən aparılan adi sərhəd, gömrük və digər yoxlanış formaları bu hissəyə tətbiq olunmur.
Əvvəlcə, ilkin olaraq Moldova və Ukrayna tərəflərində ayrı-ayrı nəzarət-buraxılış məntəqələri fəaliyyət göstərirdi. Lakin sonradan qəbul prosesini sadələşdirmək üçün birgə nəzarət mexanizmi tətbiq olundu. Bundan başqa, Palanka sakinləri şossenin əks istiqamətində Moldova ərazisində yerləşən 900 hektarlıq sahədə kənd təsərrüfatı yerlərindən maneəsiz istifadə hüququnu birmənalı şəkildə özündə saxlayır.
Qeyd olunan nümunə bu köhnə problemin potensial həll yolunu sübutlarla göstərir. Ermənistan üçün açıq-aşkar maliyyə üstünlükləri ilə yanaşı, bu marşrut ölkənin iqtisadi artımını təşviq etməyi və Qərb bazarlarına çıxış imkanını təmin etməyi vəd edir. Azərbaycanın bu layihə çərçivəsində təşəbbüsü daha geniş regional inkişafın əsasını qoyacaq.
Fakt budur ki, Prezident İlham Əliyevin Azərbaycanı Avrasiyanın əsas tranzit vektoruna çevirmək strategiyası ölkənin geosiyasi əhəmiyyətini mühüm dərəcədə artırır. Azərbaycan ərazisindən keçən marşrutlar təhlükəsiz və səmərəli tranzitin təmin olunması üzrə səylər sayəsində həmişəkindən daha cəlbedici olub. Azərbaycanın dəmir yolu, avtomobil və dəniz yolu nəqliyyatı üçün müasir infrastrukturu həm vaxta, həm də maliyyə vəsaitlərinə qənaət edir.
Son məlumatlara əsasən, ötən il, yəni 2023-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda bütün nəqliyyat növləri ilə yük daşımalarının həcmi 166,9 milyon tona çatıb ki, bu da həmin ilin analoji dövrü ilə müqayisədə 5,9 % çoxdur.
Zəngəzur dəhlizinin açılması Xəzər dənizinin nəqliyyat şəbəkəsini, o cümlədən Şərq-Qərb və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini möhkəmləndirə bilər. Bu, həmçinin, Xəzər dənizindən Avropaya uzanan neft-qaz boru kəmərləri sistemini möhkəmləndirərək regionun tranzit potensialını artıra bilər. Bundan başqa, Zəngəzur dəhlizi Şərq-Qərb dəhlizinin bir hissəsi kimi Asiya və Avropanı Azərbaycan üzərindən birləşdirməklə ölkənin Avrasiyanın nəqliyyat-logistika qovşağı olaraq mövqeyini möhkəmləndirəcək.
İstənilən halda Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Əsas sual isə budur: Ermənistan bu prosesə töhfə vermək istəyirmi? İstəmirsə, onda günah yenə də İrəvanın boynunda qalacaq...
Afət Tahirqızı