Seçkilər insan cəmiyyətinin həyatında mühüm əhəmiyyət daşıyan siyasi hadisədir. Bu nöqteyi nəzərdən qarşıdan gələn prezident seçkiləri xalqımızın rifahı, ölkəmizin təhlükəsizliyi, dövlətimizin regionda və dünyada gedən həm siyasi, həm də iqtisadi proseslərdəki mövqeyinin gücləndirilməsi baxımından çox önəmlidir. Obyektivlikdən uzaq bir sıra qərb ölkələrinin Azərbaycana qarşı qərəzli münasibət sərgilədiyi bir dövrdə növbədənkənar seçkilərin keçirilməsi ən düzgün addım kimi qiymətlədirilə bilər. Belə ki, 30 ilə yaxın bir müddət ərzində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində 1 milyon azərbaycanlının öz yurd-yuvasından didərgin düşməsinə səssizcə tamaşa edən həmin "Humanizm keşikçiləri", 2020-ci ildən başlayaraq Azərbaycanın istər hərbi, istərsə də siyasi arenada ardıcıl qələbələrlə öz suverenliyini bərpa etməsinə insan hüquqlarının tapdanması konteksindən yanaşaraq müxtəlif vasitələrlə dövlətimizə təzyiq göstərməyə çalışır. Bu baxımdan növbədənkənar seçkilər, ölkədə siyasi sabitliyin pozulmasına istiqamətlənmiş qara piar kompaniyalarını həyata keçirməyə vaxt tapa bilməyən xarici oyunçuların və onların ölkəmizdəki əlaltılarının planlarını bir qədər pozub, daha dəqiq desək, onları seytnot vəziyyətinə salıb ki, bu da seçkilərin vaxtının nə qədər düzgün seçildiyinin ən bariz nümunəsidir. Lakin düzgün vaxt qədər düzgün qərar verib, düzgün seçim etmək də önəmlidir. Çünki bu seçim sadəcə səs verən şəxsin deyil, bütövlükdə dövlətin taleyini həll edir. Doğru seçim dövləti təşəkkülə, yanlış seçim isə tənəzzülə apara bilər.
Beynəlxalq təcrübə göstərir ki, seçim doğru edildikdə qalib bu və ya digər namizəd deyil, məhz xalqın özü olur. Azərbaycan xalqı qalib xalqdır və 2020-ci ildə dəmir yumruq kimi birləşərək tarixi ədaləti bərpa etməklə qalib xalq olduğunu bütün dünyaya göstərib. İndi həmin qalib xalq siyasi mübarizədə də qalib gəlmək üçün Azərbaycanı bütün sferalarda qələbədən qələbəyə aparmaq üçün dəmir yumruğu daşıya biləcək dəmir biləkli, o cümlədən dəmir iradəli namizəd ətrafında yenidən yumruq kimi birləşməlidir. Çünki zəfərə gedən yol müzəffər liderdən başlayır.
Respublikamızda seçkilərin beynəlxalq norma və prinsiplərə uyğun olaraq, şəffaf və ədalətli keçirilməsinin təminatı üçün etibarlı hüquqi baza uzun illər öncə formalaşdırılıb. Xalqımızın seçki mədəniyyəti, o cümlədən siyasi təmkini seçki prosesinin sabitlik şəraitində keçirilməsinə imkan verir.
Tarixən öz müdrikliyi ilə seçilən xalqımızın qarşıdan gələn seçki sınağından da üzüağ çıxacağı şübhə doğurmur. Bunun üçün sadəcə seçki məntəqəsinə getmək, ölkənin bu günü və sabahı üçün səsvermədə iştirak etmək kifayətdir. Azərbaycan xalqının sağlam düşüncəyə malik kəsimi də seçki fəallığının təmin olunması üçün öz ziyalı mövqeyini ortaya qoyaraq bu istiqamətdə kütləyə yön verməlidir ki, heç bir seçici prezident seçkiləri kimi taleyüklü bir prosesdən kənarda qalmasın. Çünki xalqın müdrik seçimi, dövlətin işıqlı gələcəyinin təminatıdır!
Orxan Salehli
YAP Yasamal rayon “Hüseyn Cavid pr.115” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini