Azərbaycan Respublikası mühüm hadisə ərəfəsindədir. Növbədənkənar prezident seçkilərinin keçirilməsi xəbəri bəzi Qərb qurumlarında qısqanclıqla qarşılandı. Erməni lobbisinin dəstəklədiyi qüvvələr siyasi şou yaradaraq Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq cəsarəti göstərdi və layiqincə cavab aldı. Nəzərə alsaq ki, 30 illik zaman kəsiyində işğallara, soyqırımılara, vandalizmə, soyğunçuluğa, barbarlığa Qərb heç bir reaksiya verməyib, bu gün Qarabağdan erməni icmasının öz istəyi ilə regionu tərk etməsini qəbul etməyən AŞPA-nın siyasi hay-küyü ikili standartın təzahürüdür.
Belə bir vaxtda Parlamentlərarası İttifaqın Baş katibinin Azərbaycana rəsmi səfər etməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırması təqdirəlayiq hal kimi qiymətləndirilə bilər. Beləki, qonaq Beynəlxalq Parlamentlər İttifaqının Ermənistanın və Azərbaycanın parlament nümayəndələri arasında dialoq üçün platforma ola biləcəyi təklifi ilə çıxış edərkən dövlətimizin başçısı bu təşəbbüsü yüksək qiymətləndirərək, məhz bu platformada dialoqun aparılmasını dəstəklədiyini bildirdi.
Hal-hazırda Azərbaycaycan Respublikasının əsas hədəfi bütün qazanılmış zəfərlərin son nöqtəsini qoymaq – Ermənistanla sülh müqaviləsini bağlamaqdır. Bu istiqamətdə ən əsas meyar üçüncü dövlət və ya dövlətlərin ikitərəfli sülh danışıqlarına müdaxilə etməməsidir. Görüş zamanı Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdən Fransanın müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasətini tənqid edən Prezident İlham Əliyev rəsmi Parisi regionda vəziyyətin gərginləşməsinin səbəbkarı adlandırdı. Fransanın birmənalı dəstəklədiyi Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Bütün bunlara rəğmən Prezident İlham Əliyevin təbirincə desək, bu iddialara son qoyula, Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraitinin hökm sürməsi də prosesi məntiqi sonluğa çatdırmaq üçün ümidləri artırır.
Leyla Hüseynova
YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini