PREZİDENT İLHAM ƏLİYEVİN yeni Sərəncamı ilə bütün növ pensiyalar indeksləşdirilərək 11,2 faiz artırıldı
Sosial siyasət hər bir dövlətin daxili siyasətinin mühüm tərkib hissəsi olub, cəmiyyətin müxtəlif təbəqələri arasında münasibətlərin tənzimlənməsinə, əhalinin yaşam keyfiyyətinin və həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş tədbirlər sistemidir. Ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasət nəticəsində pensiyaçıların da sosial müdafiəsinin gücləndirilməsində mühüm irəliləyişlərə, pensiyalarda davamlı artımlara nail olunub. Xüsusilə son illərdə bu istiqamətdə ardıcıl addımlar atılıb, inqilabi irəliləyişlər əldə edilib. Ümumiyyətlə, pensiya sahəsində aparılan islahatlar hər bir pensiyaçının maraqlarının müdafiəsinə, onların rifahının yaxşılaşdırılması üçün məqsədyönlü layihələrin gerçəkləşdirilməsinə yönəldilib.Belə ki, Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 5 fevral 2024-cü il tarixli Sərəncamı da bunun bariz ifadəsidir.
Ölkə rəhbərinin adı çəkilən sərəncamı ilə 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır. Həmçinin qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaların həmin əlavələrlə birlikdə müəyyənləşdirilən məbləğlərinin və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da qeyd olunan qədər indeksləşdirilməklə bu ilin əvvəlindən artırılması təmin edilir. Ümumilikdə, 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2023-ci il üzrə orta inflyasiya dərəcəsini (8,8 faiz) üstələyir. Eyni zamanda, sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 8,8 faiz indeksləşdirilərək artırılır. Məsələn, şəxsin fərdi hesabında 50 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 8,8 faiz, yəni 4400 manat artırılmaqla 54400 manata çatdırılacaq.
Bu da onu göstərir ki, işləyən şəxslərin fərdi hesablarında toplanan pensiya kapitalları yalnız hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında mütəmadi olaraq artırılır. O, pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağının proqnozlaşdırıldığı bildirib. Yeni artımın pensiyaların orta aylıq məbləğinə təsiri:Yeni Sərəncamla pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır.
SON 5 İLDƏ ƏHALİNİN SOSİAL RİFAHININ YÜKSƏLDİLMƏSİ İLƏ BAĞLI HƏYATA KEÇİRİLƏN SAYCA 4-CÜ SOSİAL İSLAHATLAR PAKETİDİR
Sosial dövlət olan Azərbaycanda vətəndaşların maraqları yüksək səviyyədə təmin edilir. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan sosial islahatlar dövlət başçısının daim vətəndaşları düşündüyünü və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində daim addımlar atdığını bir daha təsdiqləyir. Bu baxımdan, ötən ilin yanvar ayının 5-də Prezidet İlham Əliyevin «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» sərəncamı əhalinin sosial rifahının qorunmasına xidmət edən növbəti Sərəncamıdır. Belə ki, bir çox kateqoriya üzrə əmək haqqının artırılması, xüsusilə də minimum əmək haqqının 300 manatdan 345 manata, minimum pensiyanın 240 manatdan 280 manata çatdırıldı, eyni zamanda, müavinət və təqaüdlər də artırıldı. Rəsmi məlumata görə, pensiya və əməkhaqqı artımı 800 min nəfəri əhatə edib. Son sərəncam sosial təminata daha çox ehtiyacı olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımdan əhəmiyyət daşıyır. Ümumilikdə, son 4 ildə sosial sahədə minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Qeyd edək ki, son 5 ildə Prezidentin Fərman və Sərəncamları ilə 2018-2023-cü illərdə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılması məqsədilə 4 sosial islahat paketi icra olunub. 4 milyondan çox vətəndaşı əhatə edən bu islahatlar üzrə əlavə olaraq ayrılan illik vəsaitin məbləği 7 milyard manata yaxındır.
Qeyd olunan islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə artıb (130 manat - 345 manat), orta aylıq əməkhaqqı 71,3 faiz artıb (545 manat – 933,8 manat), median əməkhaqqı 2,2 dəfə artıb (486 manata çatıb), əməkhaqqı fondu 2,7 dəfə artıb, sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın artıb (illik 400 mln. manat -1,9 mlrd. manat), ünvanlı yardımın orta aylıq məbləği 2,8 dəfə artıb (175 manat/487 manat), ehtiyac meyarı 2,3 dəfə artıb (116 manat/270 manat), yaşayış minimumuna bərabərdir və 10 yeni sosial ödəniş növü təsis edilib.
Aparılan sosial islahatların mühüm bir istiqaməti pensiya təminatını əhatə edib və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində son beş ildə mühüm addımlar atılıb. 4 sosial islahat paketinin hər birində pensiyaların artırılması da təmin edilib. Nəticədə 2018-2023-cü illərdə minimum pensiya 2,5 dəfə artıb (110 manat/ 280 manat), orta aylıq pensiya 2,1 dəfə artıb (208 manat/436 manat), yaşa görə orta aylıq pensiya 2 dəfə artıb (234 manat/467 manat).O cümlədən 2023-cü ildə pensiyaların orta aylıq məbləğində 19 faiz artım olub.Təkcə son bir ildə, yəni 2023-cü ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 16 faiz və ya 781 milyon manat çox olmaqla 5 milyard 726 milyon manat yönəldilib. Respublikamızda davamlı olaraq həyata keçirilən sosial məzmunlu islahatlar ölkə əhalisinin 12 faizini əhatə edən təqaüdçülərin pensiya təminatını da əhatə edir. 2022-ci ildə ölkəmizdə iki istiqamətdə pensiyaların artımı baş verib. Minimum pensiya 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb. Bu artım 40 min şəxsin pensiyasının artımına imkan verib.Ötən ildə təqaüdlərin artımında ikinci istiqamət pensiyaların indeksləşdirilməsi ilə bağlıdır. Pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb. Bundan başqa, pensiyaçılara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım ayrılıb. Beləliklə, pensiyalarda orta hesabla 9 faiz artım edilib. Ölkə üzrə 1,1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat sərf olunub.
Bu isə bir daha isbatlayır ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinə uyğun olaraq aparılan islahatlar nəticəsində son 4 ildə əmək müqavilələrinin sayı 30 faiz, illik əməkhaqqı fondu 2 dəfədən çox və 2022-ci ilin ilk rübündə də 11,1 faiz artıb. Xüsusi olaraq qeyd edilməlidir ki, şəhid ailələri və müharibə əlillərini xüsusi qayğı ilə əhatə edən dövlət başçısının fərman və sərəncamları ilə həmin kateqoriyadan olanların sosial təminatı mütəmadi gücləndirilib, onlara yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib.
Bir sözlə, görülən işlər bir daha onu sübut edir ki, insan amili, vətəndaşların sosial rifahının yüksəldilməsi dövlətimizin başçısının həyat amalıdır, ən başlıca vəzifə kimi qarşıya qoyulub və bu əməli fəaliyyətdə qəbul olunmuş qərar və sərəncamlarda öz əksini tapır. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar dövlət başçısının daim vətəndaşları düşündüyünü və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində addımlar atdığını bir daha təsdiqləyir. Post-müharibə və pandemiya dövründə sosial sahəyə bu qədər önəmin verilməsi bir daha göstərir ki, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı dayanır. Göründüyü kimi, görülən bu işlərin nəticəsidir ki, Azərbaycanda pensiya təminatı və digər sosial göstəricilər bir sıra sahələrdə MDB ölkələri arasında ilk pillələrdə qərarlaşıb.
Ümumiyyətlə, əmək haqqlarının artırılması, pensiya və müavinətlər, əhalinin ən müxtəlif təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət başçısının imzaladığı çoxsaylı fərman və sərəncamlar, həyata keçirilən sosial islahatlar dövlətin bu istiqamətdə davamlı siyasətinin məntiqi nəticəsidir. Və cari ildə də bu uğurların sırası daha da genişlənəcək.
RƏFİQƏ KAMALQIZI