“Prezident seçkiləri hüquqi baxımdan yeni bir mərhələnin başlanğıcıdır. Bu il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri tarixi baxımdan müstəsna əhəmiyyətə malikdir. Bu, birinci növbədə onunla əlaqədardır ki, 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında seçkilər ilk dəfə olaraq ölkəmizin beynəlxalq səviyyədə tanınmış bütün hüdudları çərçivəsində keçiriləcək”. Bunu secki-2024.az saytının əməkdaşına açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva deyib.Gülşən Paşayevanın sözlərinə görə, tarixi Qarabağ yurdumuzun Azərbaycanın tam nəzarəti altına keçməsi bizim gələcək inkişafımızı müəyyən etdi: “Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu, uzun illər ərzində Azərbaycan tərəfindən həm siyasi, həm də hərbi baxımdan aparılmış məqsədyönlü fəaliyyətin bariz təntənəsi oldu”.Siyasi ekspert işğaldan azad olunmuş ərazilərimizdə ilk dəfə olaraq seçki məntəqələrinin Azərbaycan vətəndaşlarının üzünə açılmasını da tarixi hadisə adlandırıb.“Nəhayət, bu ərazilərdən olan keçmiş məcburi köçkünlər öz aktiv seçki hüquqlarını öz doğma ata-baba yurdlarında həyata keçirə biləcəklər. Bu, ilk növbədə onların pozulmuş insan hüquqlarının bərpa edilməsinin bariz nümunəsidir”, - deyə Gülşən Paşayeva fikrini yekunlaşdırıb.