“Əvvəlki seçkilərlə müqayisədə 7 fevral 2024-cü il prezident seçkilərinin mənəvi yükü daha böyükdür. 30 il boyunca hər sahəyə öz təsirini göstərmiş, ümümxalq yarasına çevrilmiş Qarabağ savaşının bitməsi və ərazi bütövlüyünün bərpası Azərbaycanın yeni şanlı səhifəsinin açılması deməkdir. Məhz bu baxımdan 7 fevral seçkilərinin həm də böyük rəmzi mənası var”. Bu sözləri secki-2024.az saytına açıqlamasında Azərbaycan-Türk Evinin sədri, “Azəri-Türk Qadınları” Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı deyib.Birlik rəhbəri qeyd edib ki, böyük məqsədlər və hədəflər uğrunda irəliləyən Azərbaycanın bütövləşən ərazisində keçirilən prezident seçkilərində iştirak etmək hər bir seçici üçün vətəndaşlıq borcudur:“Çünki müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, seçkilər bütün ölkə ərazisində keçirilir. 2020-ci ildə zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında reallaşan antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası regionda yeni reallıqlar yaradıb. Növbədənkənar prezident seçkiləri məhz ərazi və suverenliyimizin təsbitidir. Növbədənkənar prezident seçkilərinin “Zəfər seçkiləri” adlandırılması tamamilə məntiqəuyğundur. Hər bir şəxs bu seçkilərdə vətəndaş mövqeyini ortaya qoymaqla, həm də namizədin seçki proqramı, onun seçicilərə verdiyi vədlərin yerinə yetirməsinin səviyyəsini də göz önündə tutur”.T.Rüstəmxanlı sözlərinə onu da əlavə edib ki, hazırda Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin yeni və şərəfli mərhələsini yaşayır: “Bu baxımdan, seçkilərdə fəal iştirak etmək gələcək hədəflərimizi müəyyənləşdirmək nöqteyi-nəzərindən xalqımız üçün mühüm tarixi vəzifədir. Düşünürəm ki, seçki mədəniyyəti və təfəkkürü olan hər bir vətəndaşımız fevralın 7-də məntəqələrə üz tutmalı, Vətənimizin işıqlı sabahına, qüdrətli gələcəyinə səs verməlidir”.