Torpaqlarımızın erməni işğalından azad edilməsindən sonra ilk dəfə bütöv Azərbaycan olaraq növbədənkənar prezident seçkiləri keçirildi. Prezident seçkilərinə ad da verilmişdi - Zəfər seçkisi. Doğrudan da xalqın kütləvi şəkildə seçkilərdə iştirakı 44 günlük Vətən Müharibəsində əldə olunan qələbədən sonra ən möhtəşəm zəfər idi. Bu, xalqın öz liderinə, fateh Sərkərdəsinə təşəkkür borcu idi ki, bunu da böyük coşqu ilə həyat keçirdi. Həm də bu qərarı ilə xalq dağıdıcı müxalifətə sərt və qətiyyətli şapalaq vurdu. Çünki bu qara qüvvələr xarici maraqlı dairələrin maddi və mənəvi dəstəyinə arxalanaraq seçkilərə xələl gətirmək üçün uğursuz cəhdlər göstərdilər. Hətta AXCP, Milli Şura, Müsavat kimi cəmiyyətin gözündən düşmüş təşkilatlar seçkiləri boykot etmək kimi absurd iddia ilə çıxış etmişdilər. Lakin alınmadı. Çünki dağıdıcı müxalifətin seçkilərin gedişinə təsir edə biləcəkləri cüzi belə sosial bazası yoxdur. Xalq birlik və bərabərlik nümayiş etdirməklə hansısa ürək bulandırmağa xidmət edəcək təxribatların baş verməsinə də imkan vermədi. Düzdür, qara-qışqırıq, vay-şivən oldu, lakin bu ənənəvi vasitə bir işə yaramadı. Seçkiləri müşahidə edən 90 minə yaxın müşahidəçinin yekdil fikri ondan ibarət oldu ki, 7 fevral növbədənkənar prezident seçkiləri azad, demokratik, beynəlxalq prinsiplərə əsasən keçirilib. "Biz Azərbaycanın qanunvericiliyini qiymətləndirdik, onun bütün demokratik normalara və standartlara tamamilə uyğun olduğunu anlayırıq. Deyə bilərəm ki, Azərbaycanda seçki kampaniyasına hazırlıq ən yüksək səviyyədə aparılıb. Bunu namizədlərlə, namizədlərin qərargahlarında, prosesin təşkilatçıları olan Mərkəzi Seçki Komissiyası, prokurorluqlar, Xarici İşlər Nazirliyi, parlament ilə keçirilən görüşlər sübut edir. Buna görə də biz indi artıq dəqiq olaraq qənaətə gələ bilərik ki, ölkə seçkilərin keçirilməsinə hazırdır". Bu sözləri jurnalistlərə açıqlamasında MDB Parlamentlərarası Assambleyasının Baş katibi Dmitri Kobitski deyib. MDB PA-dan olan müşahidəçilər missiyasının artıq 30 yaşının olduğunu qeyd edən D.Kobitski əlavə edib: "Müşahidənin obyektiv və prosesin bütün iştirakçıları üçün aydın olması üçün 2006-cı ildə Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun yaradılması barədə qərar qəbul edilib. Bu qərar məhz burada, Bakıda qəbul olunub. Hazırda İnstitut bütün MDB məkanında fəaliyyət göstərir və onun, o cümlədən Bakıda filialları var".
D.Kobitskinin sözlərinə görə, bu struktur bütün elektron prosesləri tədqiq etməyə kömək göstərir, MDB ölkələrinin hər birinin qanunvericiliyini araşdırır və qanunvericiliyinin araşdırılması əsasında bütün demokratik normalara uyğun olaraq nəticələr çıxarır. Müşahidənin nəticələrinə toxunan MDB PA-nın Baş katibi deyib ki, "onlar çoxlu sayda seçki məntəqələrində olublar. Bütün müşahidəçilər bir araya gələndən sonra nəticələr elan ediləcək. İlkin nəticələr sabah mətbuat konfransında açıqlanacaq. Lakin son nəticələr MSK tərəfindən nəticələr tam təsdiqlənəndən bir qədər sonra elan olunacaq". "Mən iki seçki məntəqəsində müşahidəçi qismində seçkilərin gedişini izləyirəm. Səsvermə prosesinin yaxşı keçdiyinin şahidi oluruq, hər şey əladır". SİA xəbər verir ki, bu sözləri Kamboca parlamentinin üzvü Sarana San deyib. O, həmçinin bildirib: "Onu da müşahidə etdik ki, insanlar səs verməyə sərbəst, könüllü şəkildə gəlirlər. Bu, çox yaxşı haldır". 7 fevral prezident seçkiləri əvvəlkilərdən yüksək fəallığı ilə seçilir. SİA xəbər verir ki, bunu açıqlamasında TASS-ın baş direktorunun birinci müavini, MDB-dən olan müşahidəçi Mixail Qusman deyib.O əlavə edib ki, davam edən seçki prosesi çox əlamətdardır və nümunəvidir: "Bu seçkilərdə əvvəlkilərdən daha çox fəallıq var. Bu doğrudur. İnsanlar seçkiyə kütləvi şəkildə gəlirlər", - o vurğulayıb. M.Qusman əlavə edib ki, bu məsələdə Azərbaycanın müharibə nəticəsində işğal olunmuş əraziləri azad etməsi mühüm əhəmiyyət kəsb edir: "Bu, insanların seçkiyə olan marağına çox təsir göstərib". "Bu gün Bakıda hava çox gözəldir. Sanki hava şəraiti belə seçki prosesinə öz töhfəsini verir". SİA Secki-2024.az saytına istinadən xəbər verir ki, bunu Rusiyadan olan beynəlxalq müşahidəçi Voronin Sergey deyib."Mən ilk dəfə deyil ki, Azərbaycanda oluram. Keçən seçkilərdə də mən Bakıda iştirak etmişəm. Ötən illərdə olduğu kimi bu ildə görürəm ki, hər şey çox şəffaf və demokratik şəkildə həyata keçirilir. Hazırda insanların gəlişindən hiss olunur ki, onlar seçkiyə çox məsuliyyətli şəkildə yanaşırlar".
Bir sözlə, seçki prosesini izləyən yerli və xarici müşahidəçilər, eləcə də KİV nümayəndələri seçkilərini azad və ədalətli şəkildə keçirildiyini açıqlayıblar. Bu isə Azərbaycan dövlətinin demokratik, hüquqi dövlət prinsiplərinə sədaqətli olduğunun göstəricisidir. Təəssüflər olsun ki, ağa qar deməyə adətkar olan məkrli qüvvələr yenə də sifarişli təxribatçı mövqe sərgiləməkdədirlər.
"Azadlıq" radiosu ənənəvi ampluasını təkrarladı
Gözlənildiyi kimi, seçkilərə xələl gətirmək, xalqın seçiminə zərbə vurmaq cəhdləri oldu. Dağıdıcı müxalifətlə yanaşı, bu məsələdə xaricdəki antimilli ünsürlər də fəallıqları ilə seçildilər. ABŞ Dövlət Departamentinin, SOROS-un, Demokratiyaya Milli Dəstək Fondunun və digər qaranlıq dairələrin maliyyəsi ilə yayımlanan və ya işıq üzü görən qəzetlər, saytlar və internet TV-lər də azad və demokratik şəkildə baş tutan seçkilərlə bağlı sifariş xarakterli şər və böhtanlar səsləndirir, verilişlər yayımladılar. ABŞ Konqresinin maliyyələşdirdiyi "Amerikanın səsi" və "Azadlıq" radioları digərləri ilə müqayisədə təxribatlara daha çox meyillidirlər. Bu da onu təsdiq edir ki, fars-molla rejiminin təxribat maşını olan "Səhər" TV - sindən heç nə ilə fərqlənməyən radiolar xüsusi tapşırıqlarla yükləniblər. Əslində, "Azadlıq" radiosu dağıdıcı müxalifətlə birgə hərəkət edir. Yəni birlikdə eyni təxribat xarakterli açıqlamalar yayır, fikirlər tirajlayırlar. Dağıdıcı müxalifətin səsləndirdiyi istənilən pozucu fikir dərhal "Azadlıq" radiosu vasitəsilə yayımlanır. Azad və demokratik şəkildə keçirilən 7 fevral növbədənkənar prezident seçkiləri ilə bağlı qarayaxma kampaniyasının aparılması və seçki günü qaşınmayan yerdən qan çıxartmağa cəhd etmələri də dağıdıcı müxalifətlə Azadlıq radiosunun eyni təlimatı yerinə yetirdiklərini təsdiqlədi. Məlum oldu ki, hər iki tərəf eyni qazandan qidalanırlar. Düzdür, hər ikisi bəzən fərqli mərkəzlərə üz tutmaqla pul qazanmağa çalışırlar. Lakin bu hal uzun çəkmir. Necə ki, bir qədər əvvəl Azadlıq radiosu kənar vasitələrlə maddi imkanlarını artırmağa cəhd, etdiyi zamanda, radionun direktoru və işçilərinin əksər əməkdaşları isti və gəlirli yerlərindən oldular. Çünki "Azad Avropa" və "Azadlıq" radiosunun Nizamnaməsinə görə, qurumun fəaliyyəti istisnasız olaraq ABŞ dövlət büdcəsindən maliyyələşir və reklamlar da daxil olmaqla hər hansı kənar maliyyə qəbul edilməsi qadağandır. Rüşvətxorluğun və korrupsiyanın yuvası olan Azadlıq radiosu indiki azad və demokratik şəkildə baş tutan 7 fevral seçkiləri haqqında uydurma və əxlaqsız məlumatlar yayır. Təbii ki, bu kimi qərəzli məlumatlarla sağlam və məntiqli düşüncəli dinləyiciyə və ya oxucuya təsir etmək mümkünsüzdür. Çünki qeyd etdiyimiz kimi, hər kəs bu radionun haradan maliyyələşdiyini və məqsədinin nədən ibarət olduğunu aydın şəkildə bilir. Ona görə də, qısaca o fikri vurğulamaq, olar: "İt hürər, karvan keçər".
Əli Kərimli təxribatlarını qondarma seçki üzrə ekspert Anar Məmmədlinin "müşahidəçiləri" vasitəsi ilə həyata keçirməyə çalışdı
7 fevral seçkiləri ərəfəsi və seçkilər günü fərqli qütblərin və ayrı-ayrılıqda fəaliyyət göstərən qərəzli təşkilatların eyni mövqedən çıxış etmələri təsdiq etdi ki, Azərbaycan dövlətinin parlaq qələbələri, möhtəşəm uğurları beynəlxalq terror düşüncəli gücləri ciddi şəkildə narahat edir. Hətta arxivlik olan trollarını üzə çıxarıb, onlardan istifadə etsələr də, arzu etdikləri xəyallarını gerçəkləşdirə bilmədilər. Seçki ərəfəsi və seçki günü Arif Məmmədov, Leyla və Arif Yunuslar, Sevinc Osmanqızı, Anar Məmmədli və digərləri xüsusi şər və böhtanlarla silahlanmaqla fəaliyyət göstərirdilər. Dəfələrlə qeyri-insani rəftarına və qanunsuz əməllərinə görə, hüquqi məsuliyyətə cəlb edilən qondarma seçki üzrə ekspert Anar Məmmədli yenə də aldığı qrantları silmək üçün meydanda idi. Bu, o məxluqdur ki, 2013-cü ildə cinayət əməlinə görə həbs edilsə də, dövlətimiz ona qarşı böyük humanistlik edərək vaxtından əvvəl azadlığa çıxmasını təmin edib. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən A.Məmmədli barəsində vəzifəli şəxslərin qulluq səlahiyyətlərindən dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla sui-istifadə edərək mütəşəkkil dəstə tərkibində külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktı üzrə toplanmış materiallar əsasında 29 oktyabr 2013-cü il tarixdə AR CM-nin 192.2.2, 192.2.3, 213.2.1, 308.2-ci maddələri ilə cinayət işi açılıb. Yəni 2013-cü ildə keçirilən Prezident seçkilərini nüfuzdan salmaq məqsədilə ABŞ-ın Milli Demokratiya İnstitutundan qanunsuz yolla aldığı 276 min ABŞ dolları maliyyə vəsaiti üzrə saxta əməliyyatlar həyata keçirməsi səbəbindən haqqında cinayət işi qaldırılıb və o, 5 il 6 ay azadlıqdan məhrum olunub Ancaq ölkə Prezidentinin 17.03.2016-cı il tarixli əfv sərəncamı ilə həbsdən azad edilib. A.Məmmədli bu xeyirxahlığı dəyərləndirib, öz təşəkkürünü bildirməkdənsə qərəzli fəaliyyətini davam etdirib. Ümumiyyətlə, A.Məmmədlinin rəhbərlik etdiyi "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi" 2001-ci ildən bu günədək ölkəmizdə keçirilən bütün seçkilərin müşahidəsini aparıb və bu seçkilərin beynəlxalq standartlara cavab verməməsi barədə qərəzli hesabatlar hazırlayaraq xarici donorlara və beynəlxalq təşkilatlara ötürüb. SMDTM-in fəaliyyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Milli Demokratiya İnstitut (NDİ), Demokratiyaya Milli Dəstək fondu (NED), "German Marşal" fondu və ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilib. Bütün seçkilərin qeyri-demokratik mühitdə keçirilməsi barədə qərəzli hesabatlar hazırlanaraq beynəlxalq təşkilatlara təqdim edib. Hazırda SMDTM-in fəaliyyəti ABŞ-nin "Beynəlxalq İnkişaf Agentliyi" (USAİD), "German Marşal Fondu", "Freedom House", "National Endowment for Democracy" (NED), "National Democratic İnstitute" (NDİ), Çexiyanın "Prague Civil Society Center" təşkilatları tərəfindən maliyyələşdirilir. 07 fevral Prezident seçkiləri ilə bağlı Anar Məmmədli təxribat xarakterli hesabatın hazırlanmasına xidmət edəcək müşahiçilər toplamaq üçün böyük canfəşanlıq göstərsə də yalnız, cəmi 50-60 müşahidəçi toplaya bilib. Bu da insanların onu təxribatçı kimi tanıdıqlarını və çirkin məqsədinin nədən ibarət olduğunu tam şəkildə anlamalarından irəli gəlir. Diqqətçəkən məqam ondan ibarətdir ki, bu məxluq xarici donorlardan külli miqdarda pul alsa da, müşahidəçilərə 40-50 manat pul verib. Təbii ki, qalan vəsaiti öz cibinə qoyub. Çox ehtimal ki, mənimsədiyi vəsaitin bir qismini də AXCP sədri Əli Kərimliyə verib. Çünki A.Məmmədli bütün çirkin işlərini AXCP sədri Əli Kərimli ilə məsləhətləşməklə həyata keçirir. Hətta A.Məmmdlinin təşkil etdiyi təxribatçılardan ibarət müşahidəçilərinin az qala 80 faizini AXCP Gənclər Komitəsinin üzvləri təşkil edirlər. Birlikdə hərəkət etməklə seçki prosesində xırda insidentlər belə olsa yaradacaqlarına ümid edirdilər. Lakin bu çirkin niyyətlər və məkrli planlar alt üst oldu. Belə demək olar ki, xarici maraqlı qüvvələrin ümidləri puç oldu. Nə Anar Məmmədli, nə Əli Kərimli və trol dəstəsi, nə də gizlin olaraq planlar cızıb, onu həyata keçirməyə çalışan qüvvələr istəklərinə nail ola bilmədilər. Yuxarıda Avropalı müşahidəçinin də qeyd etdiyi kimi, Azərbaycan əvvəlki seçkilərdən fərqli olaraq ortaya yeni və möhtəşəm seçki təcrübəsi qoydu. Bu zəfəri təkcə Əli Kərimliyə, Cəmil Həsənliyə, Arif Hacılıya. Anar Məmmədliyə və xaricdəki antimilli ünsürlərə vurulan şillə kimi qiymətləndirmək azdır, həm də onların arxasında dayanan şəbəkənin başına endirilən yumruq kimi qiymətləndirmək lazımdır.
İLHAM ƏLİYEV