Seçki, bir cəmiyyətin strukturunun var olması üçün vacib addımdır. Seçici fəallığı isə bir xalqın özünü ifadəetmə göstəricisidir. Əgər səs vermirsənsə və bunu gərəksiz hesab edirsənsə, bu, həm özünün, həm övladlarının, həm də xalqın gələcəyinə biganə olduğunun göstəricisidir. Seçkilərdə çoxluq səs verməsə, o xalqın özünü idarə etməsi də mümkün deyil. Axı bu zaman sənin səs haqqın, söz haqqın olmur.
Ölkədə baş verən ən ali vəziyyətlərdə belə etinasız qalırsansa, sonra demokratiya gözləmək bir az gülməli deyilmi? Ona görə də səs vermək, səsini eşitdirmək, "mən də varam" demək hər birimizin vətəndaşlıq borcudur. Demokratiya bunu tələb edir. Əksi olarsa, sözdə demokratiyadır deməli. Səsvermə xalqın öz səsini eşitdirməsinin, tələbini dilə gətirməsinin ən təsirli yollarından biridir. Xalq öz səsini eşitdirməlidir, çünki ölkə xalqındır. Xalq seçkiyə getməlidir, çünki seçiləcək lideri özü seçməlidir.
Əksəriyyət belə vəziyyətlərdə düşünə bilər ki, heç kim onun bir səsinə möhtac deyil, bir səs heç nəyi dəyişmir. Amma bir səs elə bir səs deməkdir, bir səs başqa bir səslə birləşəndə iki səs olur. Daha sonra başqa səslərlə çoxluq yaranır. Səsvermə, insanların üzərində yaşadığı torpağın, qaynayıb-qarışdığı bir cəmiyyətin mövcud olması deməkdir. Səs vermək, bizi bir fərd kimi qəbul edən dövlətə olan vətəndaşlıq borcumuzdur.
Seçkilərdə verdiyimiz səslər, əslində, vətəni qorumaq, vətənin xalqa aid olduğunu göstərmək üçün verilir. Hər kəs öz fikrini bildirir, səsini eşitdirir. Səsvermə demokratiyanın tələbidir. Vətəndaşlıq və demokratiya bir-biri ilə bağlı anlayışlardır. Səs vermək isə çevrədən öyrənilən bir davranışdır. Əgər siz səsverməni gərəksiz, lazımsız hesab edirsinizsə və heç vaxt seçkilərdə iştirak etmirsinizsə, o zaman sizin çevrənizdəkilərə də bu davranışınız sirayət edəcək. Xüsusilə, yeniyetmə və gənclərin bu məsələdə tərəddüdləri yaranacaq. Çünki onlar gördüklərini tətbiq edirlər. Seçkilərdə iştirak etməyən ata və ana, ailədə böyüyən uşaqlar üçün yanlış örnəkdir.
Demokratiyanın uğuru, vətəndaşların siyasətə olan marağı və idarəetmədə iştirak istəkləridir. Demokratik bir ölkənin idarəetməsində xalqın fikri əhəmiyyətlidir, seçkilər də bunun üçün var. Lakin xalq o idarəetmədə iştirak etməyəndə vəziyyət qəlizləşir. Bəzi ölkələrdə zorakı səsvermə sistemləri də mövcuddur. Lakin bunu doğru addım hesab etməyən siyasi şərhçilər vətəndaşı zorla seçkiyə gətirməyin, əslində, demokratiyaya zidd olduğunu deyirlər. Doğrudur, vətəndaşı seçkidə iştirak etməyə məcbur edən ölkələr və idarə üsulları var, lakin qələm seçicinin əlindədir və o istərsə səs verəcək. Ona görə də məntəqəyə zorakı gətirilən seçici dövlət üçün faydalı olmaz.
Bizə aydın zəkalı, nə istədiyini bilən, sərbəst seçimini edən seçici lazımdır. Demokratiya bunu tələb edir. İnsanları, seçkini vacib hesab edən, hər kəsin iştirakının vacib olduğunu anlayan bir cəmiyyətin üzvləri kimi yetişdirmək lazımdır. Fəal seçici demokratiyanın təməllərindən biridir. Seçici seçkiyə məcbur olduğu üçün yox, seçmək istədiyi üçün getməlidir. Belə olan halda daha adil seçim edəcək, daha obyektiv qərar verəcək.
Seçici səs verərkən, özünü və xalqını təmsil etdiyini düşündüyü, dövlətin, cəmiyyətin təhlükəsizliyini təmin edə biləcək bir namizədə səs verir. "Mənim səsim nəyi dəyişəcək ki?!", deməyin, bir səs çox şeyi dəyişə bilər. Səs verərkən strateji düşünmək lazımdır: bu namizəd mənim xalqım üçün nə qədər faydalı olacaq? Unutmayın, uzaqgörən seçici dövlətin gələcəyini planlayır, kor-təbii səs verən seçici isə cəmiyyəti bilinməyən gələcəyə sürükləyir.
Biz bu gün varıq, sabah yox. Valideyn və vətəndaş kimi hamımızın bir missiyası var - övladlarımızın və onların yaşayacağı cəmiyyətin sabahını işıqlı qurmaq. Valideynlərin seçki savadı, seçici həssaslığı onların gələcəyini xilas edir. Bu prioritet, tək prezident seçkiləri üçün keçərli deyil, bütün seçkilər üçün eyni dərəcədə əhəmiyyətlidir.
Lalə Mehralı